| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın Erməni saxtakarlığının ifşasına dair yeni kitabı işıq üzü görmüşdür

2018-02-22 05:06:46

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) yeni nəşri – Nazim Mustafanın, Araz Qurbanovun və Elşad Əlilinin həmmüəllifi olduğu «Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix» kitabı çapdan çıxmışdır. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitabın elmi məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət şöbəsinin müdir müavini, iqtisad üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylidir. 

 

Kitab Ermənistan tarixşünaslığı və etnoqrafiyası tərəfindən region xalqlarına aid tarixi gerçəkliklərin total şəkildə təhrif olunmasına, onların maddi-mədəni irs nümunələrinin mənimsənilməsi səylərinə və bu fəaliyyət arxasında gizlənən etnosiyasi məqsədlərin ifşasına həsr edilmişdir. Bu gün Cənubi Qafqaz regionunda elə bir xalq yoxdur ki, ermənilərin onlara qarşı hər hansı bir iddiası və ya mənimsəmə cəhdləri olmasın. Bu saxtakarlıq cəhdləri təkcə ərazi iddialarında deyil, Qriqoryan məzhəbinin dini etiqad və atributlarında, Ermənistanın dövlət rəmzlərində, tarixi şəxsiyyətlərində, maddi-mədəni və qeyri-maddi-mədəni irs nümunələrində - tarixi abidələrdə, kulinariyada, xalq tətbiqi sənətində, musiqidə, toponimlərdə, numizmatikada və s. özünü göstərir. İndiyədək Avropa ölkələrində, Rusiyada, Gürcüstanda, Türkiyədə, Azərbaycanda erməni saxtakarlıqlarının həqiqi simasının ortaya çıxarılması ilə bağlı tədqiqatlar aparılmış, bu fəaliyyətin əsl səbəbləri geniş auditoriyaya və elmi ictimaiyyətə çatdırılmışdır.

 

 

Kitaba daxil edilmiş 24 məqalədə erməni yalanları üç əsas istiqamət üzrə ifşa edilir. Birinci istiqamət reallıqdan uzaq olan mif və rəvayətlər üzərində quraşdırılan «qədim erməni tarixi», onun «dövlətçilik ənənələri» və rəmzləri ilə bağlı yalanların elmi dəlillər və faktoloji materiallarla sübutunu əhatə edir. İkinci istiqamət isə ermənilərin qonşu xalqların musiqisini, rəqsini, kulinariyasını erməniləşdirmə cəhdlərinə həsr olunmuşdur. Bu materiallarda ermənilərin Bibliya mətnlərini kobud şəkildə təhrif etmələri ilə yanaşı, guya Rəbbin Nuh gəmisi fraqmentini onlara bağışlaması, Dvin şəhərinin «qədim Ermənistanın paytaxtı» olması, ermənilərin xristianlığı İsa Məsih həvarilərindən birbaşa qəbul etməsi, hətta onların İsa Məsihə məktub, onun isə «xristianlığın yaranmasından əvvəl xristian olan ermənilərə öz portretini göndərməsi», İlahə Anahitin hansı səbəbdən Ermənistanın yeni dövlətçilik rəmzinə çevrilməsi, Arşakilərin «erməni sülaləsi», İrəvanın «qədim erməni şəhəri», Göy məscidin, Əmir Səəd məqbərəsinin farsların və etnik türkmənlərin abidəsi, dolma və lavaş kimi mətbəx nümunələrinin «qədim erməni kulinarlarının ixtirası» kimi təqdim edilməsi iddialarına tənqidi münasibət bildirilmişdir.

 

 

Üçüncü araşdırma istiqamətində isə 1915-ci ildə Türkiyədə guya 1,5 milyon erməninin soyqırımına məruz qalması, Şərqi Anadoluda qurulan «Cənub-Qərbi Qafqaz Cümhuriyyəti»nin ingilislərin himayəsi altında fəaliyyət göstərməsi, 1905-1906-cı və 1918-1920-ci illərdə erməni silahlı dəstələrinin Cənubi Qafqazda türk-müsəlman əhaliyə qarşı soyqırımı siyasəti həyata keçirməsi, 1948-1953-cü illərdə Azərbaycan türklərindən ibarət köklü əhalinin  Ermənistandan «könüllü şəkildə» köçürülməsi, 1988-1989-cu illərdə orada yaşayan azərbaycanlılara qarşı zorakılıq edilməməsi kimi erməni iddialarına tarixi faktlar və sənədlər əsasında cavablar verilmişdir.

 

Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix



 

: 1220