| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti ÇXR-ə səfər etmişdir

2014-09-18 11:15:42

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Çin Xalq Respublikasının (ÇXR) tanınmış beyin mərkəzi olan Beynəlxalq Münasibətlər Akademiyası ilə TASİM layihəsinə dair birgə nəşr edilmiş “ÇXR-in informasiyalaşma təcrübəsi və TASİM layihəsi üçün əhəmiyyəti” adlı broşürün təqdimat mərasimində iştirak etmək üçün Çinə səfər etmişdir.


17 sentyabr 2014-cü il tarixində SAM-ın direktoru Fərhad Məmmədov, “Xarici siyasət məsələlərinin təhlili” şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “TASİM” idarəetmə qrupunun rəhbəri Zaur Həsənovdan ibarət nümayəndə heyəti SAM-ın ÇXR Beynəlxalq Münasibətlər Akademiyası (BMA) ilə birgə hazırladığı “ÇXR-in informasiyalaşma təcrübəsi və “TASİM” layihəsi üçün əhəmiyyəti” adlı tədqiqatın təqdimat mərasimində iştirak etmişdir.


Səfər çərçivəsində BMA ilə birgə “dəyirmi masa”, həmçinin TASİM layihəsinin Azərbaycan-Çin əlaqələrinin genişlənməsinə verəcəyi töhfə və region üçün böyük önəm daşımasına dair konfrans da təşkil olunmuşdur.


BMA-da keçirilən “dəyirmi masa”dan sonra baş tutan “TASİM” layihəsində Çinin rolu” adlı konfransda ÇXR-in beyin mərkəzlərinin, elmi-tədqiqat institutlarının direktorları, baş elmi işçiləri və regionla məşğul olan bir çox tanınmış şəxslər iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan SAM-ın direktoru F.Məmmədov çıxışında iki ölkə münasibətlərinin sürətli tempdə inkişafına toxunaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin may ayında Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə iştirak etmiş və ardınca xarici işlər naziri E.Məmmədyarov ÇXR-ə işgüzar səfərdə olmuşdur. SAM-ın direktoru iştirakçıların diqqətinə çatdırmışdır ki, bütün bunlar Azərbaycanın Çin ilə münasibətlərə böyük önəm verməsinin nümunələridir. F.Məmmədov həmçinin “TASİM” layihəsinin Yeni İpək Yolu İqtisadi Zonasını əhatə edən ölkələr üçün strateji baxımdan böyük rol oynadığını bildirmişdir. Eyni zamanda, BMA-nın prezidenti Li Cıye də son illər SAM ilə əməkdaşlıqdan məmnun olduqlarını ifadə etmişdir. Buna bariz misal kimi “TASİM” layihəsinə dair birgə hazırlanmış broşürü göstərmiş, Çinin sürətli informasiya magistrallarının mühüm önəm daşıdığını xüsusilə vurğulamışdır.


Konfransda RYTN-nin “TASİM” idarəetmə qrupunun rəhbəri Zaur Həsənov çinli mütəxəssislərə “TASİM” lahiyəsi haqqında ətraflı məlumat vermişdir.


Konfransda Azərbaycan Respublikasının ÇXR-dəki Səfirliyinin müşaviri Mətin Mirzə və AzərTAc-ın Pekindəki xüsusi müxbiri Şahin Cəfərov də iştirak etmişdir. 


Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqatlar İnstitutunun direktoru Li Yonçüan və çinli mütəxəssislər ilə görüşmüşdür. Görüşdə regionda cərəyan edən hadisələrlə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır. F.Məmmədov çıxışında Azərbaycan ilə Çin arasındakı tarixi köklərə malik əlaqələrin daha da möhkəmləndirilməsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafının zəruriliyini xüsusilə vurğulamışdır. SAM-ın direktoru çıxışında həmçinin Azərbaycanın Yeni İpək Yolu İqtisadi Zonası üçün strateji və geosiyası məkan olması, regionun inkişafına ciddi maneələr yaradan ermənilərin torpaqlarımızın işğal etməsi və təcavüzü faktından danışmışdır.


İnstitutun direktoru Li Yonçüan isə çıxışında iki beyin mərkəzinin son zamanlar intensiv əlaqələr qurmasının sevindirici hal olduğunu və Azərbaycanın siyasi və iqtisadi baxımdan regionda stabil ölkə olmasının gələcəkdə iki ölkə arasındakı əməkdaşlığa da böyük zəmanət verdiyini bildirmişdir. Li Yonçüan qeyd etmişdir ki, rəhbərlik etdiyi institutda gəcəcəkdə Cənubi Qafqaz üzrə araşdırmalar aparan xüsusi bir şöbənin yaradılması nəzərdə tutulur.


Görüşdə SAM-ın “Xarici siyasət məsələlərinin təhlili” şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov və Azərbaycan Respublikasının ÇXR-dəki Səfirliyinin müşaviri Mətin Mirzə də iştirak etmişdir.



 

: 1812