| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-IN RƏHBƏRİ BÖYÜK BRİTANİYAYA VƏ ALMANİYAYA SƏFƏR EDƏCƏK

2010-04-19 11:23:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev 2010-cu il aprelin 19-da Böyük Britaniyaya səfərə yola düşəcək. SAM-ın rəhbəri aprelin 20-də London Universitetinin elmi-analitik mərkəzində (University College of London) SAM-ın və Böyük Britaniya Azərbaycanlıları Şəbəkəsinin (UK-Azeris Network) birgə təşkilatçılığı ilə "Münaqişənin həlli istiqamətində Azərbaycanın axtarışları və yeni regional nizamın quruluşu” mövzusunda keçiriləcək konfransda əsas məruzəçi qismində iştirak edəcək.

Aprelin 21-də isə Elxan Nuriyevin Böyük Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) "Azərbaycanın müasir geosiyasəti” mövzusunda keçiriləcək "dəyirmi masa”da çıxışı gözlənilir.

Aprelin 22-də SAM-ın direktoru Almaniyaya səfəri çərçivəsində Berlində SAM və Almaniya Federativ Respublikası Xarici Əlaqələr Şurasının birgə təşkilatçılığı ilə "Cənubi Qafqazın yeni geosiyasəti: Azərbaycandan baxış” mövzusunda keçiriləcək konfransda çıxış edəcək. Aprel 23-də isə E.Nuriyev Almaniya Qlobal İctimai Siyasət İnstitutunda "Azərbaycanın enerji strategiyası və Avropanın enerji təhlükəsizliyi” mövzusunda keçiriləcək "dəyirmi masa”da iştirak edəcək.

Hər iki ölkədə keçiriləcək silsilə tədbirlərdə Böyük Britaniya və AFR parlamentlərinin üzvlərinin, nüfuzlu siyasətşünasların, iqtisadçıların və bu ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərin də iştirakı gözlənilir. Səfər çərçivəsində E. Nuriyev dövlət rəsmiləri və beyin mərkəzlərinin rəhbərləri ilə işgüzar görüşlər keçirəcəkdır. Cənubi Qafqazın müasir geosiyasəti, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemində oynadığı rol, həll olunmamış münaqişələrin qlobal təhlükəsizliyə təsiri məsələləri ilə yanaşı, planlaşdırılmış görüşlər və çıxışlar zamanı bu ölkələrin analitik institutlarının elmi-tədqiqat sahəsində əməkdaşlığına aid regional əhəmiyyətli layihələr müzakirə olunacaqdır. Tədbirlərdə həmçinin Azərbaycanın daxili və xarici siyasəti, Azərbaycan-Avropa, əsasən də Azərbaycan-Böyük Britaniya və Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılacaqdır.


 

: 138