| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın təşkilatçılığı ilə Pakistanda seminar və görüşlər keçirilmişdir

2018-11-23 06:43:16

20-22 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Pakistan İslam Respublikasına səfər etmişdir. Səfər zamanı SAM-ın nümayəndələri Azərbaycan Respublikasının Pakistandakı səfirliyində olmuş, Azərbaycanın  fövqəladə və səlahiyyətli səfiri cənab Əli Əlizadə ilə görüşmüşdür. Daha sonra, ekspertlər Pakistan Xarici işlər Nazirliyinin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində, Pakistan Milli Müdafiə Universitetinin (MMU) Strateji Araşdırmalar, Tədqiqat və Təhlil İnstitutunda və eləcə də Qlobal və Strateji Araşdırmalar Mərkəzində görüşlər keçirmiş, habelə İslamabad Siyasət Araşdırmaları İnstitutunun (İSAİ) birgə təşkilatçılığı ilə seminar təşkil etmişdir.



SAM-ın Xarici Siyasət Məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev, şöbənin elmi işçisi Fuad Çıraqov və Mərkəzin İqtisadiyyatın təhlili şöbəsinin Aparıcı elmi işçisi Mahir Hümbətovdan ibarət nümayəndə heyəti Pakistan XİN Strateji Araşdırmalar Mərkəzində hər iki mərkəz arasındakı əməkdaşlıq perspektivlərini, MMU-nun Strateji Araşdırmalar, Tədqiqat və Təhlil İnstitutunda regional təhlükəsizlik, Pakistanın xarici siyasəti və İnstitutla SAM arasındakı tərəfdaşlıq mövzularını müzakirə etmişdir. Nümayəndə heyəti Qlobal və Strateji Araşdırmalar Mərkəzində keçirilən görüş zamanı isə Azərbaycan-Pakistan münasibətləri və ikitərəfli münasibətlərin inkişaf dinamikasına dair müzakirələr aparmış, tərəflər hər iki mərkəz arasındakı tədqiqat imkanlarının genişləndirilməsi, xüsusilə də Hibrid müharibə və Kibertəhlükəsizlik, İnformasiya texnologiyaları və Su hövzələrinin təhlükəsizliyi sahələrində birgə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı razılığa gəlmişdir.



Səfər çərçivəsində, 22 noyabrda  SAM və İslamabad Siyasət Araşdırmaları İnstitutunun (İSAİ) birgə təşkilatçılığı ilə “Regionda cari geosiyasi tendensiyalar və Pakistan ilə Azərbaycan arasında daha dərin münasibətlərin perspektivləri” mövzusunda seminar keçirilmişdir. Seminar İSAİ-nin prezident əvəzi Məhəmməd Məhbub Qədir, SAM-ın şöbə müdiri Cavid Vəliyev və Azərbaycanın Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadənin açılış nitqi ilə fəaliyyətə başlamışdır.



Seminarın işçi sessiyasında SAM-ın ekspertləri — Fuad Çıraqov və Mahir Hümbətov müvafiq olaraq, “Cari geosiyasi meyllər kontekstində Pakistan və Azərbaycanın milli təhlükəsizliyinə qarşı ortaq təhlükələr və çağırışlar” və “Azərbaycan tranzit ölkə kimi: İnfrastruktur və Logistika” mövzusunda mühazirə ilə çıxış etmişdir. Bununla yanaşı, seminar zamanı İslamabadın Siyasət və Beynəlxalq Münasibətlər məktəbinin direktoru Nazir Hüseyn, Pakistanın Çin Araşdırmaları İnstitutunun direktoru Fazal-ur Rəhman da iştirakçılar qarşısında çıxış edərək “Dəyişən geosiyasi reallıqlar çərçivəsində Pakistan-Azərbaycan münasibətlərinin Pakistan perspektivindən təhlili” və “Çin-Pakistan iqtisadi dəhlizi və İqtisadi Əməkdaşlıq Təşkilatı: Regional əlaqəlilik və rifah istiqamətində tərəfdaşlar” mövzusunda məruzə etmişdir. Qeyd edək ki, seminar COMSAT Universitetinin Təhsil və Texnologiya Komissiyası yanında Dayanıqlı İnkişaf Məqsədləri üzrə məsləhətçisi xanım Fauzia Nəsrinin moderatorluğu ilə həyata keçirilmişdir.




 

: 419