| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyətinin Ankaraya səfəri başa çatmışdır

2011-06-30 18:08:00

Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyətinin Ankaraya səfəri başa çatmışdır.
 
Səfər çərçivəsində Türkiyə Xarici İşlər Nazirliyində Azərbaycan və Türkiyə strateji araşdırmalar mərkəzlərinin toplantısı keçirilmişdir. Görüşdə iki qardaş ölkənin strateji araşdırmalar mərkəzləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
 
İyunun 29-da Türkiyə Odalar və Borsalar Birliyi Universitetində Azərbaycan və Türkiyənin strateji araşdırmalar mərkəzləri rəhbərlərinin, deputatların və Azərbaycanın Türkiyədəki səfirliyi əməkdaşlarının iştirakı ilə "Türkiyə-Azərbaycan münasibətlərinin regiona təsiri” mövzusunda konfrans keçirilmişdir.
 
Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva bildirmişdir ki, ötən ilin avqustunda Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında imzalanmış sənəd və sentyabrda Strateji Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə bəyanatları əlaqələrimizin daha da güclənməsində yeni mərhələ açmışdır.
 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, nəticələri və davam edən danışıqlar prosesindən ətraflı bəhs edən natiq diqqətə çatdırmışdır ki, bu münaqişənin davam etdiyi şəraitdə Türkiyənin Ermənistanla sərhədləri bağlaması qardaş ölkənin xalqımıza misilsiz dəstəyi kimi qiymətləndirilməlidir. Eyni zamanda, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlunun beynəlxalq təşkilatların kürsüsündən problemi gündəmə gətirmələri də bizim üçün mühümdür.
 
Daha sonra konfransda çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov diqqəti son illər Türkiyə ilə Rusiya arasında strateji əməkdaşlığın güclənməsinə cəlb etmiş, bu faktın Ermənistanda qorxu yaratdığını, Azərbaycanın mövqeyini isə gücləndirdiyini vurğulamışdır. Digər tərəfdən, bu yaxınlarda keçirilmiş parlament seçkilərində inamlı qələbə qazanmış Ədalət və İnkişaf Partiyasının proqramında da xarici siyasət kursunun Qafqazla bağlı olan hissəsi Rusiyadan ayrılmır. 
 
SAM-ın əməkdaşı Cavid Vəliyev də çıxışında Türkiyə-Azərbaycan əlaqələrinin inkişafının regiona təsiri və digər məsələlərdən bəhs etmişdir.
 
Nümayəndə heyətimizin üzvləri salona toplaşmış müəllim və tələbələrin suallarını cavablandırmışlar.
 
Səfər çərçivəsində Türkiyə XİN-də "beyin mərkəzləri” və mətbuat nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə Türkiyə-Azərbaycan əlaqələri, regiondakı vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılmışdır. 


 

: 380