| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın yaranmasından 4 il ötdü

2011-11-13 10:29:00

2007–ci il noyabrın 12-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə əsası qoyulmuş Strateji Araşdırmalar Mərkəzinin yaranmasından 4 il ötdü. Artıq bir neçə  ildir ki, fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzi(SAM) dövlətin birbaşa dəstəyi və savadlı kadr potensialının səyi nəticəsində Azərbaycanın ən güclü beyin mərkəzinə çevrilə bilmişdir.

Bu illər ərzində SAM tərəfindən 32 elmi tədqiqat işi həyata keçirilmiş, 14 beynəlxalq konfrans, 100-ə yaxın dəyirmi masa təşkil edilmişdir. Həmçinin Mərkəzin eskpertləri xaricdə keçirilmiş 100-ə yaxın beynəlxalq tədbirlərdə iştirak etmişlər.

Elmi tədqiqatlar sırasında Azərbaycanın daxili və xarici siyasəti - Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın enerji strategiyası, ölkənin siyasi-iqtisadi inkişafı, milli təhlükəsizlik məsələləri əsas yer almışdır.

Strateji Araşdırmalar Mərkəzi elmi-analitik tədqiqat fəaliyyətini rus, azərbaycan və ingilis dillərində daimi dərc olunan məcmuələr, dərgilər, məqalələr formasında ictimaiyyətin diqqətinə çatdırır. Belə ki, "Azerbaijan Focus”, "Strateji təhlil”, "Analitik Baxış”, "SAM-ın İcmalı”, "SAM-ın Şərhləri”, "Caucasus İnternational” kimi məcmuələrdə Mərkəzin ekspertləri ilə yanaşı, yerli və xarici tədqiqatçıların elmi işləri, siyasi təhlilləri və proqnozları yer alır.

Həmçinin SAM-ın təşəbbüsü və dəstəyi ilə ölkədə və xaricdə 10-a yaxın kitab işıq üzü görmüşdür, 5-i isə nəşrə hazırlanır. "Azərbaycanda siyasi partiyalar”, "Cənubi Qafqaz: Ərazi bütövlüyü, geosiyasi mübarizələr və enerji”, "Dağlıq Qarabağ münaqişəsi, ədalətli sülh, yoxsa qaçılmaz müharibə: tarixi, geosiyasi və hüquqi baxış”, "Millətlərin ağır sınaqları: Qafqazın Geosiyasəti”, "Rusiya-Azərbaycan münasibətləri 20 il ərzində: tarix və perspektivlər” və digər nəşrlər buraya daxildir.

Qeyd olunan dövrdə SAM tərəfindən beynəlxalq və ölkə miqyasında tədbirlər keçirilmişdir. Onların sırasında "Cənubi Qafqazda təhlükəsizliyə maneələr”, "Azərbaycan və Şərq tərəfdaşlığı”, "Kiber və milli təhlükəsizlik”, "İqlim dəyişikliyi və Geniş Qara Dəniz regionunda bərpa olunan enerji mənbələri” kimi mühüm tədbirlər dünyanın ekspert ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır. Həmçinin 2012-ci ilin martında Bakıda, SAM-ın Türk-Asiya Strateji Araşdırmalar Mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində keçiriləcək "İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin 3-cü forumu” da qlobal və regional siyasi proseslərin ictimai müzakirəsi üçün mühüm tədbirlər sırasına daxil olacaq.

Həmçinin dünyanın bir sıra tanınmış siyasətçiləri və ekspertləri - ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi, səfir Riçard Morninqstar, ABŞ-ın "Stratfor" analitik korporasiyasının prezidenti Corc Fridman, "The Kohen Group” təşkilatının vitse-prezidenti Mark Qrosman, "Heritage Foundation”ın aparıcı eksperti Ariel Koen, Avropa Siyasəti Mərkəzinin eksperti Amanda Pol, "Rusiya Qlobal siyasətdə” jurnalının baş redaktoru F.Lukyanov və digərləri Mərkəzin dəvətilə Azərbaycanda səfərdə olmuş, SAM-ın təşkil etdiyi tədbirlərdə əsas məruzəçi qismində iştirak etmişlər, ölkənin hökumət qurumlarının rəhbərləri və ekspertləri ilə görüşlər keçirmişlər.

Beynəlxalq əlaqələrə gəlincə, təkcə bu il ərzində Türkiyə, Rusiya və İtaliyanın qabaqcıl beyin mərkəzləri ilə əməkdaşlığa dair memorandum imzalanmış, gələcəkdə də Argentina, Yunanıstan, və Polşanın bir sıra siyasi elmi institutlarları ilə əməkdaşlığın rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur.

Bundan başqa, SAM-ın həyata keçirdiyi "Qonaq Elmi İşçilərinin Mübadiləsi Proqramı” çərçivəsində bugünədək Kolumbiya, Sorbon, Helsinki universitetləri, STRATFOR, Rusiya Strateji Araşdırmalar İnsitutu, Moskva Karnegi Mərkəzi və s. elmi tədqiqat institutlarının siyasi tədqiqatçılarına ölkəmizdə araşdırmalar aparmaq imkanı yaradılmışdır. Eləcə də SAM-da çalışan Azərbaycanlı ekspertlər də mütəmadi olaraq həmin beyin mərkəzlərində qonaq olaraq, tədqiqatlar aparırlar. 

Fəaliyyətə başladığı ilk gündən etibarən SAM siyasi mövqeyindən asılı olmayaraq bütün elmi-tədqiqat institutları, ictimai təşkilatlara, media mənsublarına açıq olmuşdur. Strateji Araşdırmalar Mərkəzi sosial şəbəkələrdə də fəallıq göstərərək, gündəlik yenilənən Facebook və Twitter  səhifələrində Mərkəzin fəaliyyətinə dair ən son məlumatları ictimaiyyətin diqqətinə çatdırır. Onu da qeyd edək ki, SAM-ın təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə canlı Twitter konfrans formatında "Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda  keçirilmiş dəyirmi masa tədbir iştirakçıları və KİV-in böyük marağına səbəb olmuşdur. İctimai Diplomatiya çərçivəsində SAM, həmçinin xarici ölkələrdən Azərbaycana xarici jurnalistlərin səfərlərlərini də təşkil edir.

Hazırda Mərkəz müasir dünyanın aktual və mühüm problemlərini araşdıraraq, təhlil sahəsini genişləndirməyi planlaşdırır. Gələcək fəaliyyətimizin prioritet istiqaməti isə – Ermənistanla informasiya müharibəsində "hücüm” mövqeyi tutmaq, demokratik və iqtisadi cəhətdən inkişaf etmiş dövlətimizin əldə etdiyi uğurlar barədə dünya ictimaiyyətinə həqiqətləri çatdırmaqdır.



 

: 9