| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Petra Universitetində (İordaniya) “Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində rolu” mövzusunda beynəlxalq konfrans keçirmişdir.

2015-05-08 15:57:13

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Petra Universiteti və Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyinin birgə təşkilatçılığı ilə mayın 5-də “Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində rolu” mövzusunda Petra Universitetində beynəlxalq konfrans keçirmişdir. Universitetin yüz iyirmiyə yaxın tələbə və müəllim heyətinin iştirak etdiyi tədbir professor Hatem Serairanın moderatorluğu ilə aparılmışdır.  


Petra Universitetinin professoru Dr. Müvaffiq Məhəmməd əl-Əcluni öz çıxışında Dağlıq Qarabağın Azərbaycan ərazisinin ayrılmaz bir hissəsi olduğunu vurğulayaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzündən ətraflı bəhs etmişdir.  O, eləcə də qeyd etmişdir ki, bütün beynəlxalq təşkilatlar öz bəyannamələrində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir və Ermənistanın işğal olunmuş torpaqlardan çıxmasını tələb edir.


SAM-ın direktor müavini Gülşən Paşayeva “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun rolu” mövzusunda çıxış etmişdir. O, Minsk Qrupunun vasitəçilik səyləri haqqında ətraflı məlumat verərək, münaqişənin həll edilməməsinin əsas səbəbləri kimi vasitəçilərin və beynəlxalq təşkilatların ikili standartlardan çıxış etdiyini və Ermənistanın mövcud status kvonun dəyişdirilməməsində maraqlı olduğunu qeyd etmişdir.


SAM-ın aparıcı elmi işçisi Kamal Makili-Əliyev müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş bəyannamələr haqqında ətraflı məlumat vermişdir. O, xüsusilə qeyd etmişdir ki, bu günə qədər bu bəyannamələrin əsas məqamları yerinə yetirilməmişdir və bu beynəlxalq hüquq rejiminin pozulması deməkdir.           


SAM-ın məsləhətçi eksperti Kamal Qasımov “İƏT-in silahlı münaqişələrin həll edilməsində rolu” mövzusunda çıxış etmişdir. O, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistanın təcavüzkar siyasətinə qarşı qəbul edilmiş bəyannamələr haqqında ətraflı məlumat verərək, auditoriyanı Dağlıq Qarabağda Azərbaycanın tarixi irsinin məhv edilməsi ilə bağlı məlumatlandırmışdır.


Konfransın sonunda aiditoriyanın sualları Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) nümayəndələri tərəfindən cavablandırılmışdır.


Tədbir İordaniyanın yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır. 



 

: 87