| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Azərbaycan-İran əməkdaşlığına dair kitab nəşr etmişdir

2018-04-25 05:46:48

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) yeni nəşri – “Azərbaycan-İran əməkdaşlığı: Əsas istiqamətlər və İmkanlar” kitabı işıq üzü görmüşdür. Kitab iki dildə - Azərbaycan və ingilis dillərində nəşr edilmişdir. Layihənin rəhbəri SAM-ın direktoru Fərhad Məmmədov, kitabın elmi redaktorları isə SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev və baş elmi işçi Məsiağa Məhəmmədidir.

 

 

SAM əməkdaşlarının məqalələrindən ibarət topluda Azərbaycan Respublikası ilə qonşu İran İslam Respublikası arasında əməkdaşlıq əlaqələrinin başlıca istiqamətləri və potensial imkanları nəzərdən keçirilir.

 

 

Kitabda ikitərəfli siyasi münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, regional təhlükəsizlik kontekstində və üçtərəfli (çoxtərəfli) formatlarda Azərbaycan-İran əməkdaşlığı, iqtisadi-ticarət, nəqliyyat və tranzit, habelə energetika, mədəniyyət və turizm sahələrində əlaqələrin mövcud durumu və imkanları, eləcə də Xəzər dənizində əməkdaşlıq istiqamətləri nəzərdən keçirilmişdir.

 

 

Son dörd ildə Azərbaycan-İran iqtisadi və ticarət əlaqələri sürətlə inkişaf edib. İki ölkə arasında ticarət dövriyyəsi yüksəlmiş, qarşılıqlı investisiya qoyuluşları artmış, birgə istehsal müəssisələri yaradılmışdır. Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq yaxşı nəticələr vermişdir. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması təkcə ikitərəfli əlaqələri deyil, bütövlükdə regional əməkdaşlığı yeni səviyyəyə qaldıracaqdır.

 

 

Uzun illər mübahisə predmeti olan Xəzər dənizində birgə fəaliyyət üçün əlverişli perspektivlər açılmış, Xəzərin sülh, əməkdaşlıq və təhlükəsizlik dənizinə çevrilməsi üçün əhəmiyyətli addımlar atılmışdır. Energetika və neft-qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaranmışdır.

 

 

Mədəni və humanitar əlaqələr iki ölkənin münasibətlərində mühüm yer tutur və ilbəil genişlənir. Eyni zamanda, son illər sürətlə inkişaf edən turizm əlaqələri iki ölkə arasında perspektivli əməkdaşlıq sahələrindən biri sayılır.


Bütün bu mövzular kitabdakı məqalələrdə müfəssəl şəkildə araşdırılmış və iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi və inkişafı üçün müvafiq təklif və tövsiyələr irəli sürülmüşdür.


 Azərbaycan-İran əməkdaşlığı: Əsas istiqamətlər və İmkanlar



 

: 722