| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Revyunun “Türk Şurası Ölkələri: İnfrastruktur, Ticarət, Loqistika və Nəqliyyat” mövzusundakı 18 və 19-cu sayları birgə nəşrlə işıq üzü görmüşdür

2018-01-12 06:30:53

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) ingilis dilində xüsusi nəşri olan SAM Revyunun “Türk Şurası Ölkələri: İnfrastruktur, Ticarət, Loqistika və Nəqliyyat” mövzusundakı 18 və 19-cu sayları birgə nəşrlə işıq üzü görmüşdür. Kitab SAM-ın İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri şöbəsinin elmi işçisi, SOAS London Universitetinin iqtisadiyyat üzrə doktorantı Mahir Hümbətov və Türkiyənin Beykent Universitetinin professoru Kazim Sarı tərəfindən yazılmışdır.

 

Kitabda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələr: Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə, eləcə də türkdilli ölkələr olan Özbəkistan və Türkmənistanın nəqliyyat və loqistika potensialları nəzərdən keçirilərək bu ölkələrin bir-biri ilə və eyni zamanda digər ölkələrlə ticarət və iqtisadi əlaqələri təhlil edilmişdir. Bundan başqa, mövcud infrastruktur layihələri və yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan infrastruktur inkişaf proqramları da kitabda tədqiq edilən mövzulardandır. Bununla yanaşı, mövcud dəmiryolları, magistral yollar, port və hava limanları kimi infrastruktur layihələri, habelə həyata keçirilməsi planlaşdırılan infrastruktur investisiyaları kitabın əsas tədqiqat istiqamətini təşkil edir.


Kitabın əsas məqsədi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistanın birgə fəaliyyəti nəticəsində türk dilli ölkələrin həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərindəki bütün nəqliyyat dəhlizlərindəki əhəmiyyətli rolu, eləcə də son zamanlar dünyada cərəyan edən geosiyasi və geoiqtisadi dəyişikliklər fonunda sözügedən bölgənin coğrafi mövqe kimi vacibliyi barədə məlumatların oxucuya çatdırılmasından ibarətdir.


Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və  Türk Şurasına daxil olan rəsmi beyin mərkəzlərinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn kitabda 6 ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında mühüm coğrafi mövqeyə malik olduğu vurğulanmış, həmin ölkələrə bu mövqedən öz təbii resurslarının və infrastrukturun inkişafında, ticarət əlaqələri, investisiya qoyuluşu və loqistika potensialının artırılmasında səmərəli şəkildə istifadə etmələri istiqamətində tövsiyyələr verilmişdir.


Qeyd edək ki, Türk Şurasına daxil olan ölkələrin beyin mərkəzlərinin əməkdaşları SAM və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin(AİDA) birgə tərəfdaşlığı ilə  həyata keçirdiyi qonaq elmi işçi proqramı çərçivəsində üç ay müddətində Mərkəzdə fəaliyyət göstərmişlər.  


SAM Revyu_Türk Şurası Ölkələri: İnfrastruktur, Ticarət, Loqistika və Nəqliyyat



 

: 707