| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM və Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanmışdır

2013-01-22 14:16:00

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir. Mərkəzin direktoru Fərhad Məmmədovun rəhbərliyi ilə azərbaycanlı mütəxəssislər ÇXR-in Müasir Beynəlxalq Münasibətlər Akademiyasında olmuş,  strateji tədqiqatlar üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat qurumunun rəhbər və mütəxəssisləri ilə görüşmüşlər. Görüş zamanı Azərbaycan və Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, regional xarakterli məsələlərə dair ətraflı fikir mübadiləsi aparılmış, dərin tarixi köklərə malik əlaqələrin daha da möhkəmləndirilməsi üçün hər iki ölkənin imkanları müzakirə olunmuşdur. Eyni zamanda, bu əlaqələrin hərtərəfli genişləndirilməsində Çin və Azərbaycanın aparıcı beyin mərkəzləri arasında elmi əlaqələrin qurulmasının da əhəmiyyəti vurğulanmışdır.

Fərhad Məmmədov qeyd etmişdir ki, Azərbaycan Respublikası Çinlə əlaqələrinə inkişaf etdirilməsinə çox böyük önəm verir. Təsadüfi deyildir ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyev ilk rəsmi səfərlərindən birini məhz bu ölkəyə etmiş, indiyədək ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa dair mühüm sənədlər imzalanmışdır. Bu əlaqələrin möhkəmləndirilməsi Azərbaycan Respublikası Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir. Bildirilmişdir ki, ilə son illər ərzində Azərbaycan bir sıra sahələr üzrə Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Bütövlükdə, Cənubi Qafqaz ölkələri iqtisadiyyatının 76%-i məhz Azərbaycanın payına düşür. Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars qaz boru xətti kimi geoiqtisadi əhəmiyyətə malik iri layihələr həyata keçirmiş və bu il Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisini də başa çatdıracaqdır. O cümlədən, Azərbaycan Respublikası 2013-cü ilin fevral ayında özünün ilk rabitə peykini orbitə çıxaracaqdır. İqtisadi sahədə əldə olunmuş uğurlarla yanaşı, beynəlxalq münasibətlərin möhkəmləndirilməsi istiqamətində də böyük nailiyyətlər qazanılmışdır. Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, dövlətimizin bir sıra əhəmiyyətli məsələlərə dair iclaslara sədrlik etmişdir. F.Məmmədov onu da vurğulamışdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək həllini tapmaması təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqaz regionunun inkişafını ləngidən əsas maneədir. Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe, beynəlxalq qurumların təcavüzkar dövlətə qarşı təsirli tədbirlər görməməsi, eləcə də dünyanın güc mərkəzlərinin işğalçı tərəfə və işğala məruz qalan dövlətə münasibətdə balanslaşdırılmış siyasət yürütmələri münaqişənin beynəlxalq norma və prinsiplərə əsasən həllinə ciddi maneədir. Görüşün sonunda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanmışdır. 

Daha sonra SAM-ın direktoru Fərhad Məmmədov və mərkəzin xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Rəşad Kərimov ÇXR-nın Dövlət Şurasının İnkişaf Araşdırmaları Mərkəzi yanında fəaliyyət göstərən Avropa və Asiya Sosial İnkişaf İnstitutunda olmuş, qurumun icraçı direktoru Sun Çanxun ilə səmərəli fikir mübadiləsi aparmışlar. Görüş zamanı Azərbaycan və Çin arasında əməkdaşlığın inkişaf etdirilməsinə, Avropa, MDB, Yaxın Şərq və Cənubi-Qərbi Asiya regionlarında müasir geosiyasi məsələlərə dair müzakirə aparılmışdır.

Hər iki görüşdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov da iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Çinin CCTV televiziya kanalına verdiyi müsahibəsində bildirmişdir ki, Azərbaycan Respublikası dünyanın nüfuzlu, güclü dövlətlərindən ABŞ, Rusiya və Fransanın BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri olmasını nəzərə alaraq, onların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin nizamlanması məqsədilə yaradılan ATƏT-in Minsk Qrupunda həmsədrliyinə öz razılığını vermişdir. Eyni zamanda, Azərbaycan hələ də ümid edir ki, məhz bu dövlətlər özlərinin kollegial qaydada çıxartdıqları qərarlara – BMT   Təhlükəsizlik Şurasının münaqişəsinin nizamlanması ilə əlaqədar qəbul etdiyi qətnamələrə nəhayət hörmətlə yanaşacaq və onların icrası təmin olunacaqdır. Lakin təəssüf ki, hər üç həmsədr dövlət işğalçı ölkəyə effektiv təzyiq mexanizmlərinə malik olsa da, həmin təsir imkanlarından hələ də istifadə edilməmişdir. F.Məmmədov xüsusi olaraq vurğulamışdır ki, BMT Baş Assambleyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul olunan qətnamələrin müzakirəsi və səsə qoyulması prosesi son nəticədə Birləşmiş Millətlər Təşkilatının bu tipli problemlərin aradan qaldırılmasında hələ də kifayət qədər səmərəli fəaliyyət göstərə bilməməsini bir daha nümayiş etdirmişdir. Belə ki, ATƏT-in Minsk Qrupuna həmsədr dövlətlərin liderlərinin bir tərəfdən dünya birliyinin ən nüfuzlu təşkilatında islahatların aparılması, onun səmərəliliyinin artırılması zərurətindən danışması, digər tərəfdən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası ilə əlaqədar məhz həmin beynəlxalq qurumun dörd qətnaməsinin təxirə salınmadan yerinə yetirilməsinə dair konkret addımlar atmaması təbii anlaşılmazlıq doğurur. Bəzən belə bir haqlı qənaət yaranır ki, münaqişənin aradan qaldırılması istiqamətində Ermənistanın maksimalist və qeyri-konstruktiv mövqe tutması, BMT-nin qətnamələrinə məqsədli şəkildə məhəl qoymaması ittiham və tənqid olunmur. Əksinə, məhz Azərbaycan Respublikasının münaqişənin sülh yolu və beynəlxalq hüquq normaları çərçivəsində həllinə yönəldilmiş səyləri, kompromis təklifləri nədənsə «maksimalizm» kimi dəyərləndirilir və ölkəmizdən – işğala məruz qalan, torpaqlarının 20 faizi zəbt edilən tərəfdən əlavə güzəştlərə getmək tələb olunur. 



 

: 51