| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın Litvada "Bakı-Tbilisi-Qars Dəmiryolu xətti: Gözləntilər və imkanlar" kitabı nəşr edilmişdir

2016-12-06 10:35:40

Bu günlərdə Litvada Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xarici auditoriya üçün hazırladığı növbəti nəşr - «Bakı-Tbilisi-Qars dəmiryolu xətti: Gözləntilər və imkanlar» (Baku-Tbilisi-Kars Railroad: Future Opportunities and Prospects) kitabı geniş tirajla ingilisdilli oxuculara təqdim olunmuşdur.

 

 

Vilnüsdəki Mikolas Romeris Universitetində çap olunmuş həmin kitabın müəllifləri Stateji Araşdırmalar Mərkəzinin elmi işçisi Mahir Hümbətov və Litvanın Mikolas Romeris Universitetinin doktoru, Valiunas Elleksin hüquq şirkətinin partnyeru Evaldas Klimasdır. Litvalı alim bir müddət əvvəl Bakıda elmi ezamiyyətdə olmuş, Azərbaycan Respublikasının iqtisadi imkanları və logistika potensialı ilə bağlı Strateji Araşdırmalar Mərkəzində tədqiqatlar aparmışdır.

 

 

 Müəlliflər kitab üzərində işləyərkən Azərbaycanın müvafiq dövlət qurumlarında, özəl şirkətlərində materiallarla tanış olmuş, yerli mütəxəssislər və beynəlxalq maliyyə təşkilatlarının ekspertləri ilə səmərəli fikir mübadiləsi aparmışlar. Həmin tədqiqat işində Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin Azərbaycan Respublikası və region dövlətləri üçün strateji əhəmiyyət daşıması xüsusilə vurğulanmış, onun istismarı nəticəsində digər ölkələrin də iqtisadi və kommunikasiya imkanlarının genişlənməsi məsələləri əhatə olunmuşdur. Qeyd edilmişdir ki, Çin Xalq Respublikasının «Böyük İpək Yolu İqtisadi Kəməri» təşəbbüsünün reallaşdırılmasında həmin nəqliyyat sisteminin perspektivli hissəsi kimi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryolu xətti mühüm  əhəmiyyətə malikdir. Onun istismarı transsərhəd nəqliyyat sisteminə daxil olan infrastrukturların, o cümlədən dəniz limanlarının da inkişafına səbəb olacaqdır. Müəlliflər Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin geniş istismar imkanlarına malik olması, bu potensialın TRASEKA layihəsi, Litva, Ukrayna və Belarusun ortaq «Vikinq» beynəlxalq dəmiryolu marşrutu ilə əlaqələndirilməsi perspektivlərini təhlil etmişlər.

 

 

 «Bakı-Tbilisi-Qars dəmiryolu xətti: Gözləntilər və imkanlar» kitabında Bakı Beynəlxalq Hava Limanı və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı kimi azad iqtisadi zonaların perspektivləri, Litvanın bu istiqamətdə təcrübəsinin tətbiq imkanları  da araşdırılmış, Azərbaycanda dövlət və özəl iqtisadi qurumlar arasında əməkdaşlığın genişləndirilməsi və səmərəsinin artırılması məqsədilə təşkilati islahatların və yerli qanunvericilikdə müvafiq dəyişiklərin əhəmiyyəti məsələsinə də toxunulmuşdur.



BTK railroad.pdf

 

 

 



 

: 952