| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın elmi işçisi beynəlxalq konfransda təqdimatla çıxış etmişdir

2018-01-26 08:04:13

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Nəcibə Mustafayeva 22-23 yanvar 2018-ci il tarixlərində Gürcüstanın Sosial Elmlər Mərkəzi tərəfindən keçirilən “Avropalaşma: Gürcüstan və digər Şərq Tərəfdaşlığı proqramı ölkələri” mövzusundakı beynəlxalq konfransda Azərbaycan – Avropa İttifaqı (Aİ) münasibətlərinə dair təqdimatla çıxış etmişdir.


Aİ və Azərbaycan arasındakı ikitərəfli dialoqun əsas mövzularından birinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olduğunu qeyd edən ekspert, Azərbaycanın Aİ-dan münaqişənin həllində daha aydın mövqe gözlədiyini vurğulayıb. Cənubi Qafqazda sabitliyin qorunması, o cümlədən nəqliyyat və energetika layihələrinın həyata keçirilməsinin Aİ-nın əsas prioritetləri olduğunu qeyd edən N. Mustafayeva,  bu hədəflərə çatmaq üçün Aİ-nın məsələlərə regional səviyyədə baxmasını əsas şərt kimi təqdim etmişdir. Regionun sülh və təhlükəsizliyinə əsas təhdid olan Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazda regional əməkdaşlığa mane olduğunu qeyd edən ekspert, Ermənistan işğalçılığına son qoyulması istiqamətində Azərbaycan tərəfindən yürüdülən regional layihələrdən təcrid etmə siyasətinə də toxunmuşdur.


Təqdimat zamanı Aİ-nın Cənubi Qafqazda regional əməkdaşlığı uğurla inkişaf etdirmək üçün siyasi iradəsini fəal şəkildə nümayiş etdirməsi, münaqişənin beynəlxalq hüququn prinsipləri və beynəlxalq səviyyədə tanınmış normalar çərçivəsində həllinə səy göstərməsinin vacibliyi də diqqətə çatdırılmışdır. 


Konfransda Gürcüstan Xarici İşlər Nazirliyinin Beynəlxalq Qara Dəniz Universitetinin, Tbilisi Dövlət Universitetinin, Gürcüstanın Milli Müdafiə Akademiyasının, Berlin Azad Universitetinin, Dublin Universitetinin, Macarıstanın Corvinus Universitetinin ekspertləri məruzə və təqdimatlarla çıxış etmişdir.

 

 

 

 

 

 

 

 

 



 

: 977