| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Moskvada Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisinin kitabı nəşr edilmişdir

2017-03-27 13:31:20

Moskvada Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Nəcibə Mustafayevanın “ BMT-nin islahatı: Sülh, təhlükəsizlik və insan hüquqları ” adlı kitabı nəşr edilib.


Tədqiqatda BMT islahatının əsas istiqamətləri, o cümlədən Təhlükəsizlik Şurasının struktur dəyişikliyi, həmçinin istifadə etdiyi işçi mexanizmləri və veto institutunun təkmilləşdirilməsi kimi  məsələlər ətraflı şəkildə təhlil olunur.


Müəllif Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ona dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kontekstində,  qeyd olunan ali orqanın qəbul etdiyi qərarların hələ də dövlətlər tərəfindən icra olunmaması problemini təhlil edir, BMT Təhlükəsizlik Şurası tarixində beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan dövlətlərə qarşı qəbul olunan sanksiyalar mexanizmi barədə məlumat verir və onun Təhlükəsizlik Şurasının hüquqi cəhətdən məcburi xarakter daşıyan qətnamələri icra etməyən dövlətlərə qarşı tətbiq edilməsinin vacibliyini sübut edir.


Kitabda BMT-nin insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti təhlil olunur, BMT sistemi çərçivəsində mövcud olan insan hüquqlarının beynəlxalq müdafiəsinə dair beynəlxalq orqanlar və proseduraların təkmilləşdirilməsinə dair təkliflər irəli sürülür.


Müəllif həmçinin, BMT islahatı çərçivəsində qurumun digər beynəlxalq dövlətlərarası təşkilatlarla beynəlxalq sülhün və təhlükəsizliyin daha effektiv şəkildə təmin edilməsi məqsədi ilə əməkdaşlığınının gücləndirilməsi təklifini irəli sürür. Bununla əlaqədar, Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi fəaliyyəti zamanı qeyd olunan yeniliklə bağlı irəli sürdüyü təklifləri ətraflı təhlil olunur.


Kitab ali təhsil ocaqlarının tələbə və müəllimləri, beynəlxalq hüquq və beynəlxalq münasibətlər sahələrində fəaliyyət göstərən elmi və praktiki işçiləri, eyni zamanda BMT-nin islahatı və insan hüquqlarının beynəlxalq hüquqi müdafiəsi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 



 

: 745