| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SEÇKİ MÜBARİZƏSİ NAMİZƏD SİYAHILARINDA: ən fəallar, gələcək qaliblər və məğlublar - hamısı bir sırada

2011-07-11 12:28:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2010-cu il parlament seçkilərinin əsas mərhələsinə dair növbəti təhlili təqdim edir. "Seçki 2010. Seçki mübarizəsi namizəd siyahılarında: ən fəallar, gələcək qaliblər və məğlublar - hamısı bir sırada” adlı bu təhlildə parlament seçkilərinin başlanmasına rəsmi start verilməsindən, Mərkəzi Seçki Komissiyasının fəaliyyətindən, iqtidar və müxalifət partiyalarının, seçki bloklarının namizəd siyahılarından, vətəndaş cəmiyyətinin seçkidə problemlərin aradan qaldırılması yönündə gördüyü işlərdən bəhs olunur. Müstəqillik dövründə keçirilən parlament seçkilərində siyasi partiyaların iştirakının və seçki blokları təcrübəsinin müqayisəli təhlili verilir.

Ölkə parlament seçkilərinə hazırlıq mərhələsindən növbəti - əsas mərhələyə keçid almışdır. Bu mərhələ seçkilərə rəsmi olaraq start verilməsi, irəli sürülən namizədlərin qeydiyyata alınması ilə başlayır və seçkilərə 23 gün qalmış - oktyabr ayının 18-də sona çatır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən  ictimai birliklər, təşəbbüs qrupları və vətəndaşlar öz namizədlərini irəli sürmək hüququna malikdirlər. İstər bloklar şəklində, istər müxtəlif birliklərin tərkibində, istərsə də fərdi qaydada namizədliklərin irəli sürülməsində seçki subyektlərinin yüksək fəallığı aşkar hiss olunur. Təbii ki, ölkədəki seçkiqabağı mühitdə müşahidə olunan bu canlanma Azərbaycanda çoxpartiyalı siyasi sistemin başlıca xüsusiyyəti olmaqla yanaşı, seçkilərin demokratik, şəffaf və ədalətli keçiriləcəyinə dair dövlətin rəsmi bəyanatları ilə də bilavasitə bağlıdır.

Dövlət  parlament seçkilərinin başlanmasına  rəsmi olaraq start verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin edilsin”(www.president.az). İndiyə qədər dövlət seçkilərin demokratik keçiriləcəyinə dair verdiyi zəmanətlə bağlı bəyanatlar istisna olmaqla, seçki prosesinə təsir kimi dəyərləndirilə biləcək heç bir fəaliyyətə yol verməmişdir.Azərbaycan Respublikası Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı və ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyalarına başlayır. 

Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyətinin ən qaynar dövrü

Seçki komissiyaları üzvlərinin üçdə biri çoxluq təşkil edən partiyalar, üçdə biri azlıq təşkil edən partiyalar və üçdə biri müstəqil deputatlar tərəfindən təklif edilir. Hazırda MSK-da 3 yer boşdur və bunun 3-ü də parlamentdə azlıqda olan partiyaların təmsilçilərinə aid olan yerlərdir. 5 ildir MSK-da parlament azlığında olan partiyaların, əsasən də Yeni Azərbaycan Partiyasından (YAP) sonra parlamentdə ikinci hesab edilən Müsavat Partiyasına aid olduğu bildirilən bu yerlərin təmsilçisi və katibi yoxdur. İndiyə qədər MSK azlıqda olan partiyalara bu yerlər üçün namizədlər irəli sürməyi təklif edir, qarşı tərəf isə susurdu. 
Artıq məsələnin həll olunacağını söyləmək olar. Belə ki, Demokratiya Uğrunda İttifaq Müsavat Partiyasına müraciət edərək MSK-dakı, dairə və məntəqə seçki komissiyalarındakı yerlərinə nümayəndələrini göndərməyi təklif edib və Müsavat Partiyasının Ali Məclisi bu məsələni müzakirəyə çıxaracaq. Artıq MSK-da partiyanı təmsil edəcək üç şəxsin adı məlumdur: partiyanın divan üzvü İ.İbrahimli, seçki qərargahının rəhbəri Gülağa Aslanlı və keçmiş MSK üzvü Ənvər Əliyev.
Namizədlərin qeydiyyata alınması prosesində seçki dairələri diqqət mərkəzindədir. Çünki əsas müşahidə rəqabətin daha kəskin və maraqlı olacağı dairələrdə aparılacaqdır. MSK namizədlərin seçicilərlə görüşlər keçirməsi üçün ölkə üzrə bütün seçki dairələrinin ərazilərində qapalı və açıq yerlər ayırıb. Namizədlər növbə ilə həmin yerlərdən istifadə edib seçicilərlə görüşlər keçirə biləcəklər.
MSK seçkilərdə deputatlığa namizədliklərin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə 6 dövlət qurumunun - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi, Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Daşınmaz Əmlakının Dövlət Reyestr Xidməti və Hesablama Palatasının ekspertlərindən ibarət İşçi qrupu yaradıb. Seçki Məcəlləsinin müvafiq maddəsinə edilmiş dəyişikliyə əsasən budəfəki seçkilərdə namizədlərə təşviqat və təbliğat üçün ayrılmış vəsait isə ləğv olunub. MSK rəsmisinin dediyinə görə, bu, namizədlərin bərabər şəraitdə mübarizə aparmasına imkan yaradacaq (www.az.apa.az //24.08.2010).

Hakim partiya  siyahısını açıqladı

Hakim partiya 114 dairədən namizədlərini irəli sürüb. Hazırda partiyanı parlamentdə təmsil edən YAP-çılardan 18 nəfərin adı siyahıya düşməyib. Namizədlərin 30 nəfərdən çoxu elm və təhsil sahəsində fəaliyyət göstərənlər (o cümlədən: 9 ali məktəb rektoru, həmçinin, politoloq, hüquqşünas, tarixçi alimlər) və biznes sahəsinin təmsilçiləridir. Gender aspektinə gəldikdə, siyahıda 24 qadın, 90 kişi namizəd var. YAP həm öz tarixində, həm də siyasi partiyalar arasında  bu seçkilərdə ən çox qadın namizəd irəli sürən partiyadır. 24 qadın namizədin 18 nəfəri yenidir. Müxalifət partiyaları YAP-ın siyahısını "kifayət qədər sürpriz bir siyahı” kimi  qarşılayıb. 

Müxalifət bloklarının və partiyalarının namizəd siyahıları

Seçkilərə rəsmi olaraq start verilən gün "AXCP-Müsavat” bloku hələ rəsmən formalaşmamış Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri A.Hacılı nəyin bahasına olursa-olsun blok yaratmaq fikrində olmadıqlarını  qeyd edərək "AXCP ilə blok yaratmaq mümkün olmasa, Müsavat seçkilərə öz təsdiq olunmuş siyahısı ilə gedəcək” demişdi. Hazırlıq mərhələsində "Azadlıq” blokunu parçalamaqla müxalifətin siyasi təşkilatlanmasını ləngidən "AXCP-Müsavat” seçki bloku sentyabrın 8-də təsis edildi. Bütün müxalif qüvvələri bir araya gətirməklə geniş miqyaslı birliyin yaradılması yenə də arzu olaraq qaldı və "toplananların yerini dəyişdikdə cəm dəyişmir” prinsipi öz qüvvəsini saxladı. 
Nəhayət, sentyabrın 11-də 92 dairədə vahid namizədlərin irəli sürülməsi üzrə  uzun müddət gözlənilən razılaşma əldə edildi (www.az.apa.az// 04.09.2010). Bu razılaşma yeni blok üzvlərinə həm də əməkdaşlığın gerçək sınaqdan çıxması üçün imkan verdi və nəticədə çoxlarında əvvəlki nikbinlikdən əsər-əlamət qalmadı. Belə ki, Müsavat AXCP-yə münasibətdə böyük qardaş rolunu oynamaq istəyərək ona öz ofisində otaq ayırır, iclasları üçün yer verir. Amma daxildə problemlər çoxdur. 
Təsis olunan birliyin  bu yöndə mövcud olan arzuları yenə də gerçəkləşdirmədiyi və elektoratın gözləntilərini doğrultmadığı barədə ümumi rəyin formalaşdığını söyləmək olar. Müstəqil politoloq H.Səlimov yazır: "Amma prinsipcə bir möhtəşəm siyasi blok da bütün müxalifəti əhatə edə bilərdi. Əgər belə bir blok yaransaydı, müxalifətin birliyi ilə bağlı bütün söz-söhbətlərə birdəfəlik son qoymaq olardı. Fəqət belə bir birlik bu vaxta qədər ancaq bəzi müstəqil ziyalıların təsəvvüründə olub və elə təsəvvür olaraq da qalıb. Əksər partiyaların sağ-mərkəzçi cinaha aid olmasının nəticəsidir ki, partiyalar ideoloji spektrə, mövcud hakimiyyətə münasibətinə görə deyil, ekzotik platformalara, məsələn, "Rəsulzadə–Elçibəy yolu”na "aid olma”ları ilə birləşirlər. İnsanlar ötən parlament seçkisində özlərini "Azadlıq” bloku adlandıran qüvvələrin indi birdən-birə "Rəsulzadə–Elçibəy” bloku adlandırılmasını bir o qədər də asan dərk etmirlər”. 
Doğrudan da, bütün müxalifətin birləşməsinə deyil, yalnız AXCP-Müsavat birliyinin yaradılmasına "sosial sifarişin” olduğuna cəmiyyəti  inandırmaq cəhdləri çox əsassız görünür. Üstəlik də blok məsələsində AXCP-nin uduzduğunu qeyd edənlər çoxluq təşkil edirlər.

Digər tərəfdən, Müsavat Partiyasının məntiqə sığmayan davranışı partiya daхilində qrupların savaşına səbəb olub və partiyanı idarəolunmaz hala gətirib çıxarıb. Demokratiya Uğrunda İttifaq (DUİ) ilə sazişin bağlanmasını Arif Hacılının AХCP-dən dəstək alan Müsavat Partiyası Ali Məclisinin sədri Sülhəddin Əkbərin qrupu qarşısında revanş cəhdi kimi dəyərləndirir və  seçkidən sonra Müsavatda parçalanma prosesinin başlanacağını proqnozlaşdırırlar (www.1news.az).

Partiyaların seçkilər öncəsi öz qüvvələrini nə dərəcədə real dəyərləndirmələrinə nəzər salmaq  üçün "Research Council” müstəqil araşdırmalar   birliyinin ilin ortasında 25 siyasi partiyanın liderləri və funksionerləri ilə apardığı sosioloji sorğu gedişində alınan rəqəm və məlumatlara istinad etmək lazım gəlir. Yeni blokun təqdim etdiyi siyahıda 42 namizəd AXCP-dən, 43 namizəd Müsavatdan irəli sürülüb. Qeyd olunan sorğuda isə AXCP 70-ə yaxın, Müsavat isə bütün mövcud  dairələrdən (125-red.) namizədlərin irəli sürülməsini planlaşdırmışdı. Həmçinin siyahının ilkin təhlili göstərir ki, blokdan 7 bitərəf, hər iki tərəfdən isə cüzi sayda qadın namizədlər (3  qadın namizəd Müsavatdan, 2 qadın namizəd isə AXCP-dən) seçkilərə qatılacaq. Təxminən 10 dairədə vahid namizədlə seçkiyə qatılmağın mümkün olmayacağı aydınlaşıb. Çünki  həmin dairələrdə nə namizədlər geri çəkilmək niyyətindədirlər, nə də partiyaların rəhbərliyi onlara təzyiq etmək istəyir. Məsələn, 8 saylı Binəqədi seçki dairəsində Müsavatın namizədi Arzu Səmədbəyli və AXCP-nin həmin dairədən namizədi, sədr müavini Razi Nurullayev, 115 saylı Şəki seçki dairəsində Müsavatın namizədi Adil Qeybulla ilə AXCP-nin namizədi Sahib Kərimov və b. bu qəbildəndir. Hazırda mübahisəli sayılan 10 dairədən yalnız 2-də: 25 saylı Nizami 2-ci  seçki dairəsindən və 29 saylı Səbail seçki dairəsindən müvafiq olaraq M.Talıblı (AXCP) və Mehman Cavadoğlu (Müsavat Partiyası) namizədliklərini geri götürüb. Qalan dairələr isə sərbəst buraxılıb, yəni burada blok üzvləri rəqiblər kimi çıxış edəcəklər.
Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq (Klassik Xalq Cəbhəsi Partiyası, Azadlıq Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Qurtuluş Partiyası) 18 seçki dairəsində razılaşma əldə olunması ilə əlaqədar birgə bəyanat yayıb. Razılığa əsasən Müsavat 7 dairədə DUİ-nin, DUİ isə Müsavatın 11 namizədini müdafiə edəcək. Maraqlı məqamlardan biri də bundan dərhal sonra DUİ-yə daxil olan partiyalardan birinin - Milli Qurtuluş Partiyasının DUİ-Müsavat razılaşmasını tanımadığını bəyan etməsidir: "Təəssüflər olsun ki, burada proporsiya pozulub, Müsavat Partiyasına daha böyük haqlar tanınıb, başçılıq etdiyim partiyanın namizədlərinə isə xüsusi və fərqli münasibət göstərilib”  (www.az.apa.az// 03.09.2010).
"Demokratiya” seçki blokuna daxil olan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Demokratik İslahatlar Partiyası (DİP) 110 dairə üzrə namizədlər siyahısında razılığa gəliblər. Vətəndaş Həmrəyliyi və Demokratik İslahatlar partiyalarının birgə yaratdıqları "Demokratiya” seçki bloku 63 seçki dairəsindən namizədlərini artıq müəyyənləşdirib. Blok 100 seçki dairəsindən namizəd irəli sürmək niyyətindədir. Razılaşdırılan namizədlərin 51-nin VHP-dən, 11-nin Demokratik İslahatlar Partiyasından, 1-nin isə bitərəf olduğu açıqlanıb. 37 seçki dairəsi üzərində hələlik müzakirələr gedir. Bir neçə dairədən isə hər iki partiyanın üzvü namizəd olmaq fikrindədir və belə dairələr mübahisəli hesab olunurlar.     
"Qarabağ” seçki bloku parlament seçkilərində iştirak edəcək 83 namizədini müəyyənləşdirib. "Qafqazinfo”nun məlumatına görə, blok 100-dən artıq dairədə namizəd irəli sürəcəyini bildirsə də, hələlik siyahıda 83 namizədin adı var. Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Həsrət Rüstəmov bildirib ki, bu, ilkin siyahıdır və daha 20 mübahisəli dairə var ki, onlar hələlik razılaşdırılmayıb. Yaxın bir neçə gündə həmin dairələr üzrə də razılaşma əldə olunacaq. Siyahıda  ADP-dən 32, Ümid Partiyasından 51 namizəd var. Q.Əlibəyli isə "Azadlıq” radiosuna müsahibəsində bildirib ki, bu blokun seçkidən sonra qalıb-qalmayacağı bəlli deyil.
4 siyasi partiyanın (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Böyük Quruluş Partiyası, Ədalət Partiyası və Təkamül Partiyası) liderləri "İslahat” seçki blokunun yaradılması barədə niyyət protokolu imzalayıb. Artıq seçki dairələrinin 95 faizində namizədlər razılaşdırılıb. Yerdə qalan dairələrdə isə vahid namizədlərin müəyyən edilməsi istiqamətində müzakirələr aparılır. Həmin dairələrdə namizədləri müəyyən etmək mümkün olmasa, püşk atılacaq. Partiyanın hədəfi  ən azı 25 nəfərlik kvotanı əldə etməkdir. 
Azərbaycanın müxalif Milli İstiqlal Partiyasının (AMİP) "Demokratiya” seçki blokuna qoşulmaq ehtimalları özünü doğrultmayıb. Partiya seçkilərə tək gedir və 70 dairədən parlament seçkisinə namizədlərini müəyyənləşdirib. 
Azərbaycan Milli Demokrat Partiyası (AMDP) seçkilərdə 43 dairədən namizədlərini irəli sürmək niyyətindədir. Partiyanın sədri Tufan Kərimli 16 saylı Yasamal 2-ci seçki dairəsindən namizəd olacaq. 
Azərbaycan İslam Demokrat Partiyası əvvəl verdiyi bəyanatın əksinə olaraq qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətində olmadığını bildirib. 
Azərbaycan Kommunist Partiyası (AKP) parlament seçkilərində partiya şəklində iki namizədlə iştirak edəcək. "Kommunist” qəzetinin baş redaktoru F.Əzizov 9 saylı Binəqədi 2-ci, AKP-nin Beyləqan Partiya Komitəsinin büro üzvü F.Atakişiyeva isə 81 saylı Beyləqan seçki dairələrindən namizədliklərini irəli sürüblər. 
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri F.Əliyev seçki planlarını açıqlayıb. O, rayon təşkilatlarının sədrlərinə 2010-cu il noyabrın 7-də "Qarabağ”,  "İnsan naminə” və  "AXCP-Müsavat” seçki bloklarında, eləcə də DUİ-də təmsil olunan partiya sədrlərini, AMİP sədrini, bir də "Reytinq” qəzetinin baş redaktoru, müstəqil namizəd A.Mirzəbəylini dəstəkləmək barədə tapşırıq verib.
Dövlət qeydiyyatından keçməyən  Cümhuriyyət Xalq Partiyasının sədri B.Quliyev namizədliyini 5 saylı Şahbuz-Babək seçki dairəsindən irəli sürəcəyini qərarlaşdırıb.
Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı həmkarlarının təkidi ilə namizədliyini irəli sürməyi qərara alıb və 15 saylı Yasamal 1-ci seçki dairəsindən deputatlığa namizəd olacaq.

Vətəndaş cəmiyyəti seçkidə problemlərin  aradan qaldırılmasına çalışır

Seçkilərə rəsmi olaraq start verilməsindən sonra vətəndaş cəmiyyətinin fəaliyyəti bir neçə tədbirlə yadda qalıb.Azərbaycanda Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi "2010-cu ilin parlament seçkiləri: problemlərin aradan qaldırılma yolları” mövzusunda tədbir keçirib.Mərkəzin direktoru Eldar İsmayılov qeyd edib ki, "Azərbaycanda qanunlar təkmildir. Azad seçkilərin keçirilməsi üçün hər cür şərait var. Seçkilərin şəffaf keçirilməsində QHT-lərin də rolu danılmazdır”. 
Müstəqil Elmi Praktik Hüquq Mərkəzinin təşəbbüsü ilə 6 QHT-nin üzv olduğu "Parlament – 2010” Seçki Monitorinqi Koalisiyası təsis edilib. Koalisiya 75 seçki dairəsində monitorinq və müşahidə təşkil edəcək. İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi isə, seçki subyektlərinə seçki hüququ və toplaşmaq azadlığı üzrə zəruri informasiya və hüquqi yardım göstərəcək, məhkəmə proseslərinin monitorinqi aparacaq.
Azərbaycanın 10-a yaxın qeyri-hökumət təşkilatının (QHT) rəhbəri deputatlığa namizəd kimi parlament seçkilərində iştirak etmək arzusunda olduqlarını bildiriblər. Seçkilərin Monitorinqi və Demokratik Tədris Mərkəzi (SMDTM)  2010-cu il parlament seçkiləri öncəsi hesabatını açıqlayıb. Mərkəz hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi ölkədə demokratik ənənələrin inkişafına, vətəndaşların rifahının yüksəlməsinə və insan hüquqlarının müdafiəsinə töhfə verəcək. Bu məqsədlə SMDTM seçkilərin uzunmüddətli müşahidəsi, seçicilərin məlumatlandırılması, seçki təcrübəsinin təkmilləşdirilməsi və seçici fəallığının artırılması yönündə tədbirlər həyata keçirəcək.

 

Təqdim olunan namizəd siyahılarının ümumi təhlili nəyi göstərir?

Parlamentdə təmsilçilik mübarizəsinə qoşulanlar planlaşdırılan namizədlərin siyahısını, çətinliklə də olsa, müəyyənləşdirə bildilər. Bir çox partiyaların ilin ortasında verilən bəyanatlarının reallığa uyğun olmadığı dərk edildi. 
Ötən parlament seçkilərində 2.237 vətəndaş namizədliyini irəli sürmüşdü. Bu dəfə onunla müqayisədə irəli sürülən namizədlərin sayının çox olub-olmayacağını demək çətin olsa da, mübarizənin gərgin keçəcəyini söyləmək olar.  Ölkədə indiyə qədər keçirilmiş parlament seçkilərində siyasi partiyaların iştirak və təmsilçiliyini aşağıdakı cədvəldən daha aydın görmək olar:

 

Birinci çağırış
 (1995-ci il)

İkinci çağırış
(2000-ci il)

Üçüncü çağırış 
(2005-ci il)

1

Yeni Azərbaycan Partiyası        

Yeni Azərbaycan Partiyası

Yeni Azərbaycan Partiyası

2

Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Xalq Cəbhəsi Partiyası

Müsavat Partiyası

3

Azərbaycan Xalq Cəbhəsi Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası

Ana Vətən  Partiyası   

4

Azərbaycan Demokrat Partiyası            

Ana Vətən Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası

5

Azərbaycan Demokratik Sahibkarlar Partiyası

Azərbaycan Kommunist Partiyası

Azərbaycan Demokratik İslahatlar Partiyası

6

Azərbaycan Demokratik Maarifçilik Partiyası

Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Xalq Cəbhəsi Partiyası        

7

Ana Vətən Partiyası

Müsavat Partiyası

Azərbaycan Sosial Rifah Partiyası

8

Vətəndaş Həmrəyliyi Partiyası

Azərbaycan Naminə Alyans Partiyası

Böyük Quruluş Partiyası     

9

Müsavat Partiyası

Azərbaycan Sosial Rifah Partiyası

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

10

             -

Azərbaycan Yurddaş Partiyası

Ədalət Partiyası

11

             -

               -

Ümid Partiyası                                                                      

12

             -

               -

Vətəndaş Birliyi Partiyası

Qarşıdan gələn parlament seçkiləri, bloklarda təmsilçilik də nəzərə alınarsa, siyasi partiyaların kəmiyyət etibarilə ən çox iştirak etdiyi seçki hesab edilə bilər. Ölkə məkanında mövcud olan, demək olar ki, bütün partiyalar seçki ilə bağlı fəallıq nümayiş etdirirlər. 
"Research Council” müstəqil araşdırmalar birliyinin 25 siyasi partiyanın liderləri və funksionerləri ilə apardığı monitorinqin nəticələrinə əsasən 2010-cu il parlament seçkilərində siyasi partiyalardan irəli sürüləcək namizədlərin sayı ilin ortasında bu cür planlaşdırılırdı: ALDP - 11, Ana Vətən Partiyası - 30, ADİP - 60, DADP - 125, Ədalət Partiyası - 30, AXCP - 70, ALP (blokla birgə) - 125, Vəhdət Partiyası -20, Sosial Rifah Partiyası - 70, ASDP – 2, yaxud 3, BAXCP - 70, AXP -4, BQP - 100, Yurddaş Partiyası - 15, (Azadlıq Partiyası  DİU ilə birlikdə müəyyən edəcəyini bildirib), Müasir Müsavat Partiyası - 85-90, YAP - 125, KAXCP - 70, Ümid Partiyası - 60, AMİP - 60, AMDP - 100, Müsavat Partiyası - bütün dairələrdən (125-red.), Azərbaycan Vahid Kommunist Partiyası - 60, VHP - 70. Beləliklə, partiyalar üzrə irəli sürüləcək namizədlərin təxmini cəmi 2.237 rəqəmini ehtiva edir ki, bu da partiyaların namizəd müəyyən edilməsi işinə o qədər də ciddi yanaşmamasına, qüvvələrini düzgün səfərbər etməməsinə dəlalət edir və artıq siyahılarda olanların real sayının bunlardan çox az olduğunu üzə çıxarır. Öz planlarını mövcud resurslarına uyğun olaraq quran partiyalar sırasında ASDP-ni, AMİP-i və AXP-ni göstərmək olar. 25 partiyanın üzvlərinin ümumi sayı 1 243 429 nəfərdən ibarətdir ki, bu da ölkə üzrə ümumi elektoratın təxminən 20 %-ni təşkil edir.
Blok "yaradıcılığı”nın müqayisəsinə gəldikdə isə qeyd edilməlidir ki, müstəqillik dövründə seçki bloklarında birləşmək təcrübəsinə (xüsusilə də prezident seçkilərində) ardıcıl olaraq rast gəlinmişdir. Ölkənin parlament seçkiləri praktikasında isə, ilk dəfə olaraq 2-ci çağırış parlament seçkilərində (2000-ci ildə) Milli Dövlətçilik, Milli Hərəkat və Demokratik Maarifçilik partiyaları seçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara almış və "Demokratik Azərbaycan” siyasi partiyalar bloku MSK-da qeydiyyatdan keçmişdir. 3-cü çağırış (2005-ci il) parlament seçkilərində MSK tərəfindən 8 ("İslahat”,"Azadlıq”, "Yeni Siyasət”, "Azərbaycançı Qüvvə­lər,"Demokratik Azərbaycan”,"Azərbaycan Naminə Seçki Bloku”,"Azər­bay­can Tərəqqi Alyansı, "Birlik”) siyasi par­tiya bloku qeydə alınmışdı.

Qarşıdan gələn 4-cü çağırış parlament seçkilərində isə 13 sentyabr tarixi üçün MSK 5 seçki blokunu (Demokratiya” ,"İslahat”, "AXCP-Müsavat”, "Qarabağ”, "İnsan naminə”) qeydiyyata almışdır. Gənc namizədlərin təsis etdiyi "Gənc liderlər” bloku, hələlik, qeydiyyatdan keçməmişdir. Müqayisələr göstərir ki, ən çox  blok ötən parlament seçkilərində təsis olunmuşdur.

 

Sentyabrın 20-nə olan statistik təhlil

Azərbaycandakı seçicilərin sayı

4 841 631

Yaş həddinə görə seçicilər arasında lider

Gənclər(28 %)

Azərbaycandakı dairələrin sayı

125

  Azərbaycandakı məntəqələrin sayı

5202

MSK-dan imza vərəqi götürənlərin sayı

232

Seçkidə iştirak edən partiyaların (bloklarda təmsilçilik də nəzərə alınmaqla) sayı

 

18

Seçki  bloklarının sayı

5

  Ən çox qadın namizədl irəli sürən partiya

24 namizəd (YAP)

İndiyə qədər müraciət edilən dairələr

92

Namizədliyini verən KİV mənsubları

10

  Ən çox namizədi olan partiya

YAP

Ən çox namizədi olan dairə

34 saylı Xətai II seçki dairəsi
(14 namizəd)

MSK-ya müraciət edən müşahidəçilərin sayı

200




 

: 687