| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Seçki 2010. Parlament seçkilərinin ilkin mərhələsi: kim hazırdır?

2011-07-10 12:27:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2010-cu ilin parlament seçkilərinə dair analitik baxışları əks etdirən təhlili arayışlar hazırlayır. Seçkilərin sonuna qədər parlamentdə təmsil olunmaq üğrunda siyasi mübarizənin mərhələlərini təhlil edən beş bu cür nəşrin çap olunması nəzərdə tutulub.

Birinci "Seçki 2010. Parlament seçkilərinin ilkin mərhələsi: kim hazırdır?” adlı arayışda siyasi partiyaların, vətəndaş cəmiyyəti qurumlarının, müstəqil namizədlərin, yerli və beynəlxalq müşahidəçilərin Azərbaycanda keçiriləcək növbəti parlament seçkisinə hazırlığdan bəhs olunub.

2010-cu il noyabr ayının 7-si Azərbaycanda parlament seçkiləridir. Mövcud parlamentin son payız sessiyası sentyabrın 30-da olacaq. Seçkilərin ölkədə demokratiyanın inkişafında daha bir mütərəqqi addım olacağı gözlənilir. Diqqət çəkən məqamlardan biri budur ki, 2008-ci ildən bəri hər il keçirilən seçkilərdən (prezident, referendum və bələdiyyə) sonra ilk dəfə qarşıdakı üç il müddətində seçkilər olmayacaq. Digər tərəfdən isə bu seçkilər 2013-cü ildə keçiriləcək prezident seçkilərindən əvvələ təsadüf edən mühüm hadisədir.

Bu gün ölkədə rəsmi qeydiyyatdan keçən 54 partiyanın 12-si parlamentdə təmsil olunmuşdur. Hazırda Azərbaycanda seçkilərə ilkin, hazırlıq mərhələsidir. Əsasən 2010-cu ilin yanvarından başlayan bu mərhələ sentyabrın 7-də sona çatacaq. Ölkədə seçki kompaniyasının fəal subyektləri bütün demokratik dövlətlərdə olduğu kimi-partiyalar, bloklar, müstəqil namizədlər, vətəndaş cəmiyyəti, təşəbbüs qruplarıdır.

Seçkilərə qatılan subyektlər üçün strateji məqsəd fərqlidir: hakim partiya parlamentdəki çoxluğunu qoruyub saxlamağa və onu daha da artırmağa, müxalifət partiyalarının bir hissəsi hazırdakı təmsil etdiyi yerlərin sayını çoxaltmağa, digər qismi isə əvvəllər olduğu deputat yerlərini bərpa etməyə çalışırlar. Bu məqsədlərə nail olmaq üçün tətbiq edilən taktikalar da fərqlidir. Yəni bir qədər sonra görəcəyimiz kimi artıq namizədlərin irəli sürülməsi və seçki dairələrinin diaqnostikası səviyyəsində iqtidar və müxalifətin taktikaları bir-birindən seçilir.

Dövlət demokratiyanın inkişafında yeni addım atılacağına zəmanət verir
Ölkədə seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün ən mühüm şərtlərdən olan ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf mövcuddur. Parlament seçkilərinə hazırlıq və ona münasibətlə əlaqədar hakimiyyətin mövqeyi dövlət başçısı İlham Əliyevin Mərkəzi Seçki Komissiyasının yeni binasının açılışında etdiyi çıxışda əksini tapıb: "Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var. Azərbaycan bütün beynəlxalq konvensiyalara qoşulub. Bu gün Azərbaycanda seçkilərin keçirilməsi prosesi artıq Avropa standartlarına uyğundur. Əminəm ki, Azərbaycanda qarşıdan gələn parlament seçkiləri də ədalətli keçiriləcək, xalqın iradəsi tam şəkildə öz əksini tapacaq və beləliklə, Azərbaycanda demokratiyanın inkişafı prosesində yeni önəmli addım atılacaqdır.”1

Mərkəzi Seçki Komissiyasının hazırlıq fəaliyyəti
Seçkilər haqqında qanunvericiliyə əsasən görə, seçki prosesinə səsverməyə ən azı 60 gün qalmış rəsmi start verilir. Bununla bağlı artıq bir çox ictimai və siyasi qurumlar blok və ya fərdi qaydada seçkiyə getməyə hazırlaşırlar. Son məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısında 4.829.888 nəfərin adı var. Bu il iyunun 18-də Milli Məclis Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edib. İyulun 14-də isə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanda seçki komissiyalarının mövcud formatı 2000-ci ildə ATƏT-in tövsiyələri ilə formalaşıb. Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katib Əli Əhmədov ATƏT-in Bakı ofisinin təşkil etdiyi "dəyirmi masa"da qeyd edib ki, "2000-ci ilə qədər paritet əsasda seçki keçirilməsinə cəhd göstərildi, lakin bəzi qüvvələr bunu seçkilərin pozulması məqsədi üçün ifadə etməyə çalışdı. Burada bizim və ya kiminsə deyil, şəraitin məcbur etdiyi format seçildi”.2

Azərbaycanda hər dairədə 40 min potensial seçici var. Rəsmi seçki təşviqat kampaniyası üçün ayrılan 23 gün ərzində namizədlərin bu seçicilərlə iş aparması üçün vaxt kifayət qədərdir.

İqtidar partiyasının seçkilərə ilkin hazırlıq mərhələsi
Seçki ilinin əvvəlində YAP sədr müavini, partiyanın icra katibi Əli Əhmədov seçkilərə hazırlıqla bağlı fikirlərini bildirib: "Baxmayaraq ki, seçkilərə təxminən 10 ay var, YAP özünün illərlə formalaşmış ənənəsinə uyğun olaraq, yaxın zamanlarda partiya daxilində bu seçkilərə hazırlığa start verəcək. Hazırda 2010-cu ildir və təbii ki, 2005-ci ildə keçirilən seçkilərin nəticələri əsasında formalaşmış tərkibin indiki seçkilərdə eynilə saxlanılacağını düşünmək sadəlövhlük olardı.”3 Hakim partiyanın bu seçkilərdə başlıca məqsədi daha artıq millət vəkili yerlərinin qazanılmasıdır.

Ötən illərdə keçirilən üç parlament seçkisinin nəticələrinə nəzər salsaq hakim partiyanın təmsilçiliyi say etibarı ilə müxtəlif dinamikaya uğramışdır. Belə ki, birinci çağırış (1995-ci il) seçkilərdə YAP milli məclisdə 53 deputatla, ikinci çağırış (2000-ci il) seçkilərdə 79, üçüncü çağırış seçkilərdə isə (2005-ci il) 63 deputat yerini əldə etmişdir. YAP, həmçinin, növbəti seçkilərdə yeni simaların namizədliyinə, gənclərin və qadınların iştirakına xüsusi diqqət veriləcəyini də ilin əvvəlində strategiyasının əsas məqsədlərdən biri kimi bəyan edib.

YAP-ın namizədləri irəli sürmək və deputat siyahısını tərtib etmək taktikası müxalifət cəbhəsinin davamlı əsəbi şərhlər verməsinə səbəb olub. Müxalifət qəzetlərində: "YAP-ın deputat siyahısı məxfi hazırlanır”, "YAP seçki siyahısını "peyk partiyalar”la məsləhətləşməyib”, "YAP daxili qadağalar”, başlıqlı yazılar yer almaqdadır.4 Bütövlükdə hakim partiyanın öz qələbəsində əmin olduğu aşkar görünsə də, namizədlərin irəli sürülməsində tətbiq etdiyi bu taktiki gedişin özünü doğrultduğunu söyləmək olar.

Müxalifət partiyalarının seçkilərdə bloklaşma problemi
Hazırda ölkənin siyasi məkanında fəaliyyət göstərən müxalifət partiyalarını şərti olaraq parlamentdə təmsil olunan, parlamentdən kənar və yerdə qalan partiyalar çoxluğu kimi səciyyələndirmək olar.

Xatırladaq ki, ölkədə çoxpartiyalılıq yaranandan bəri müxalifətin ən böyük problemi birlik məsələsidir. Xüsusilə də seçkilər ərəfəsində müxalifət intensiv olaraq birlik modellərinin axtarışına çıxır. Ötən 20 ilə yaxın bir dövrdə mümkün birlik formullarının demək olar ki, hamısı sınaqdan çıxarılmışdır. Bloklaşma tarixini qısaca yada salaq. 1998-ci ildə 20 siyasi partiya prezident seçkilərində iştirak etməkdən imtina edərək, 67 ictimai-siyasi təşkilatı birləşdirən Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat (SİDSUH) koalisiya yaratdı. Bundan əlavə milli müqavimət hərəkatı, milli demokratik blok yaransa da (Demokratik Konqres,Dəyirmi Masa, Məşvərət Məclisi istisna olmaqla) fəaliyyət göstərə bilmədi. 1997-ci ilin oktyabrında ASDP və AKP-nın təşəbbüsü ilə qarşısına demokratik sosializm cəmiyyəti qurmaq məqsədini qoyan "Sosialist Azərbaycanı” bloku yaradıldı. 2003-cü ildə "Qələbə” bloku təsis edildi. Bu blokda 30-dan artıq siyasi partiya və 70-ə yaxın ictimai təşkilat birləşirdi.

Müstəqil analitik H.Səlimov blok yaratmaq problemini təhlil edərkən yazır: "Azərbaycanla az-çox tanışlığı olan adam deyər ki, bu ölkədə nə boyda müxalifət var ki, hər seçki ərəfəsində birlik formulu axtarır və buna az qala bir il vaxt sərf edirlər. Amma problem də elə bundadır. Əgər müxalifət yetərincə böyük olsaydı birlik axtarışları bu qədər vaxt aparmazdı. Başqa vaxt ölkənin siyasi proseslərində heç bir iz buraxmayan bu partiyalar seçki vaxtı yada düşür, «gurultulu» seçki bloklarının yaranmasına səbəb olur. Elə bu səbəbdən ancaq nisbi mülahizələr söyləmək mümkündür.”5

Özlərini əsas müxalifət partiyaları hesab edən AXCP və Müsavat son beş ildə Azərbaycanda tanınmış müxalifət bloku hesab edilən "Azadlıq” blokunu parçalayaraq bu dəfə seçkilərə yeni blok şəklində getməyi qərara almışdır. (2005-ci ildə parlament seçkiləri ilə əlaqədar yaradılan "Azadlıq” blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunurdu. AXCP və Müsavat 1992-1993-cü illərdə Azərbaycanda hakim iqtidar partiyası olmuşdur.) AXCP-nin mövqeyi il ərzində radikal şəkildə dəyişdi. 2010-cu ilin əvvəlində Əli Kərimov "Mediaforum” saytının "AXCP-nin Müsavatla birlik yaratmamasına blokdakı müttəfiqlərinizin təsiri varmı?”suallarını cavablandırarkən demişdi:- Bu gün, seçki ərəfəsində biz nə ilə məşğul olmalıyıq? Ölkədə bir siyasi blok var. Bu da "Azadlıq” blokudur. Beş ildən artıqdır ki, ölkədə "Azadlıq” blokundan başqa sabit, uzun müddət fəaliyyət göstərən və özünü siyasi blok sayan birlik formatı yoxdur. Biz parçalanma deyil, birləşmə modelləri axtarmalıyıq. O zaman niyə parlament seçkiləri ərəfəsində "Azadlıq” blokunun parçalanması gündəmə gəlməlidir? Yaxşı "Azadlıq” bloku var. Əlavə hansısa bir qüvvə ilə birləşə biliriksə, lap yaxşı. Birləşə bilmiriksə, "Azadlıq” blokunun parçalanmasını gündəmə gətirmək hansı məntiqə sığır? Biz Azərbaycan Demokrat Partiyası və Açıq Cəmiyyət Partiyası ilə onların təşəbbüsü əsasında seçki birgə iştirak məsləhətləşmələrinə başlamışıq.” 6 Bundan cəmi üç ay sonra iyulun 13-də "Azadlıq" blokuna daxil olan partiyalar AXCP-nin Müsavat Partiyası ilə seçki blokunun yaradılması haqqında qərar verdiyinə dair xəbər yayıldıqdan sonra blokun fəaliyyətinə xitam verildiyini elan etdilər. İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə "Müsavat” başqanı İsa Qəmbər AXCP ilə "Müsavat”ın birləşərək bir partiya olmasını təklif etdi.

Azərbaycanda müxalifət partiyalarının bloklar məsələsində çoxillik cəhdlərinin ziddiyyətli, qeyri-müəyyən və eyni zamanda uğursuz olduğuna dair yekdil qənaət mövcuddur: "Azərbaycanda siyasi blok yaratmaq mədəniyyəti yoxdur. Azərbaycan müxalifətinin bloklaşması həmişə ciddi diskussiyalara, qarşılıqlı ittihamlara səbəb olub. Seçkilərdən sonra birliklər dağılır, növbəti seçki ərəfəsində düşmən olan partiyalar təzədən danışıqları bərpa edir. Bu reallıq cəmiyyətdə də siyasi qüvvələrə inamı azaldır, onların imicinə mənfi təsir edir. Ən əsası rəqib qüvvələrin əlinə şans verir. Bu məsələdə lənglik var. Bunu isə ən müxtəlif səbəblərlə izah etmək olar. Burada siyasi qısqanclıqdan tutmuş partiya liderləri arasında mövcud olan münasibətlər özünü göstərir”.7

Yeni birliyin gerçəkliyə çevrilməsi yolunda digər ciddi problem Demokratiya Uğrunda İttifaqa (DİU) daxil olan Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) (sədr Mirmahmud Mirəlioğlu) ilə AXCP-nin barışmaz münasibətlərdir. Müsavat Partiyası KAXCP ilə əməkdaşlığa dair rəsmi niyyət protokolu imzalayıb və seçkilərə həm də bu partiya ilə birlikdə qatılacaq. Bununla belə AXCP Müsavatla yeni yaradacağı seçki blokunda KAXCP-nin yaxud digər partiyanın olmasının əleyhinədir. M.Mirəlioğlu parlament seçkilərində az mandat qazansa da mandatdan imtina etməyəcəklərini bəyan edib. Onun fikrinə görə bu təcrübəni bir daha təkrar etməyə ehtiyac yoxdur. Çünki 2000-ci ildə atılan addımın üçün ziyanları çox oldu.8 Belə demək olar ki, bu partiyaların seçkilərdə resurlarının cəmləməsi, bir-birini dəstəkləməsi mümkün deyil.

Seçkiqabağı hazırlıq mərhələsinin ən mühüm şərtlərindən biri olan təşkilatlanmaq vəzifəsi baxımından bloklaşma prosesi necə gedir? İyulun sonu, avqustun əvvəlində "Hələ seçkilərin rəsmi bəyan edilməsinə 2-3 həftə var” deyərək yeni blok təşkil edən partiyaların uğur qazanmaq məqsədi reallığa nə dərəcədə uyğundur? Müxalifət məkanında həmkarların bu birliyə dair mövqeləri ilə tanış olaq. İlk əvvəl qeyd edək ki, birliyi doğrudan da arzu edənlər olsa da, əksər həmkarları buna birmənalı şübhə ilə yanaşırlar. Gətirilən əsas arqumentlər isə bundan ibarətdir:

"AXCP və Müsavatın bir-birini mühasirə cəhdləri, demokratik müxalifətin liderliyi uğrunda bir-biri ilə bəzən açıq, bəzən isə gizli rəqabət aparmaları hamıya aydın olan bir faktdır. Hər əhəmiyyətli seçkilər öncəsi isə bu rəqabətin eyni ssenarili manevrlər əsasında getməsi deyəsən artıq çoxlarının əsəblərinə toxunmağa başlayıb. Nədir bu ssenari? Növbə ilə hərdən bu partiyaların biri ətrafına bir neçə xırda partiya toplayıb digərini öz blokuna dəvət edir və ümid edir ki, həmin blokda öz rəqibini mühasirəyə alıb qərarları təkbaşına verə biləcək.”9

Seçkilərdə blok kimi iştirak etməyə qərar verən AXCP-Müsavat partiyalarının hazırlıq mərhələsi üçün strateji hesab olunan vaxt resursunu səmərəsiz istifadəsinə dair "Media forum”un-a açıqlama verən İsa Qəmbər də qeyd edib ki, -Biz Müsavat Partiyası olaraq bu ilin əvvəllərində Azərbaycan Xalq Cəbhəsi Partiyasına 2010-cu ilin parlament seçkisində birgə iştirakla bağlı məsləhətləşmələrə başlamağı təklif etmişdik. Təəssüf ki, AXCP ancaq iyul ayının ortalarında müraciətimizə müsbət cavab verə bildi və nəticədə xeyli vaxt itirildi. Zaman azdır, lakin biz kifayət qədər intensiv məsləhətləşmələr aparırıq.” 10

Bu gün üçün partiyaların namizədləri irəli sürməsində narazılıqların daha da artması göstərir ki, müxalifətin öz qüvvələrini vahid cəbhədə birləşdirmədən seçkidə uğur qazanmağa ümid etməsi real əsasdan məhrumdur.

Birliyi gerçəkdən arzulayanlar üçün ən xoşagəlməz olan hadisələrdən biri artıq reallığa çevrilməkdədir. Hər iki partiyadan olan ən tanınmış namizədlərin bir-birini güzəştə getməməkdə ittiham edən qarşıdurmalar hələ yaranmamış blokun dağılma ehtimalını artırır. R.Arifoğlunun açıqlaması bunu aşkar ifadə edir:"AXCP-nin və şəxsən hörmətli Ə.Kərimlinin minnətini götürməklə, vahid namizəd olmaq istəmirəm”.11

Seçkilərin rəsmi bəyan edilməsinə bir neçə gün qalmış hələ təşkilatlana bilməyən, üstəlik qarşıdurmaların güçləndiyi blokun nəinki hər hansı ciddi qələbə əldə edəcəyi, hətta formalaşıb qurtaracağı real görünmür. Yekun siyahının gələn həftə açıqlanacağı və hələlik 80 dairədə razılaşma əldə edildiyi deyilir. Xüsusilə də paytaxtdakı dairələrdə hər iki partiyanın tanınmış namizədlərinin irəli sürülməsi məsələsində narazılıq var və İsa Qəmbərin açıqlamasına görə: "Baki dairələrində tanınmış insanların üz-üzə gəlməsi ehtimalı artıb”.

Müxalifət partiyaları 2010-cu ildə seçkilərə blok şəklində getmək üçün daha 3 birlik yaradıb. Ümid Partiyasının sədri, parlament üzvü İqbal Ağazadə və Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu avqustun 25-də "Qarabağ” seçki bloku yaratmaq barədə saziş imzalayıblar. Blokun 93 seçki dairəsi üzrə vahid namizədinin müəyyənləşdirildiyi elan edilib. 1989- cu ildən AXC-nin üzvü, 1993 - cü ildən AXCP Ali Məclisinin sədri vəzifəsində olan, 2008-ci ildə partiya üzvlüyündən istefa verən Qulamhüseyn Əlibəylinin sədri olduğu Aydınlar Partiyası da "Qarabağ” seçki blokuna qoşulub və bu partiyadan 10 nəfər namizəd irəli sürüləcəyini bəyan edib.12

Digər birlik parçalanmış "Azadlıq” blokuna daxil olan Azərbaycan Liberal Partiyası (ALP) ilə Vətəndaş və İnkişaf Partiyalarından (VİP) ibarət seçki blokudur. ALP sədr əvəzi Ə.Temir xanın sözlərinə görə, hazırda blok 70 dairədən namizədini müəyyənləşdirib və bundan sonrakı mərhələlərə hazırlaşır. Bu seçki blokuna qeydiyyata alınmamış "Yaşıllar” partiyası da qoşulub. (sədr Mais Güləliyev).Partiya öz namizədlərini bu blokdan irəli sürmək niyyətindədir.13

Yaradılması bəyan edilən digər üçlük isə avqustun 30-da "İslahat” seçki blokunu təsis etdi. "Media forum” saytının məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət partiyalarının liderləri "İslahat” blokundan irəli sürüləcək namizədlərin siyahısı ilə bağlı razılıq əldə ediblər. Yalnız bir neçə dairə üzrə müzakirələrin sentyabrın 7-nə, parlament seçkisinə rəsmən start veriləcəyi günədək davam etdirilməsi nəzərdə tutulub. Bütöv Azərbaycan Xalq Cəbhəsinə Qüdrət Həsənquliyev, Böyük Quruluş partiyasına AXC-də Ə.Elçibəyin müavini olan Fazil Qəzənfəroğlu, Ədalətə isə İlyas İsmayılov rəhbərlik edir. Onların üçü də deputatdır və parlament müxalifətini əks etdirirlər.14 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) seçki qərargahının rəhbərinin verdiyi qərara görə, artıq 76 BAXCP üzvünün namizədliyi müəyyənləşib. Hətta bu siyahıya əlavə 5 nəfərin də qoşulması istisna edilmir. BAXCP seçkidə ciddi nəticələr qazanacağına inanır.15

İqtidaryönlü "Ana Vətən” partiyasının seçkilərdə irəli sürəcək namizədlərinin sayı 30 nəfərdir.

Müxalifətdə olan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) parlament seçkisinə 70-ə yaxın namizədlə gedir. AMİP-in baş katibi Arzuxan Əlizadə qeyd edir ki,"Onların arasında partiyanın dəstəklədiyi bitərəf şəxslər də ola bilər, artıq 60 nəfərin hansı dairələrdən namizəd irəli sürüləcəyi dəqiqləşib.16 AMİP sədri Y. Bağırzadə isə Trend-ə bildirib ki, "Partiyanın bu gün 35 minə yaxın üzvü var. Partiya tanınmış və qəbul olunmuş partiyadır. AMİP-in öz elektoratı və seçicisi var. Bu partiya, faktiki olaraq, 1993-cü ildən bu yana həm Prezident, həm Parlament, həm də bələdiyyə seçkilərində iştirak edib”.

2005-ci il parlament seçkilərinə "Demokratik Azərbaycan” blokunun tərkibində gedən Vətəndaş Həmrəyliyi Partiyası (VHP) qarşıdakı parlament seçkisinə bloklara qoşulmadan 72 nəfərin namizədliyini irəli sürəcək. Buna səbəb kimi sənədləşdirmənin çox vaxt aparması və vaxt itkisi göstərilir. VHP Təşkilat şöbəsinin müdiri Samir Əsədli bildirib ki, artıq 56 namizədin dairələri dəqiqləşib. Namizədlərin adları və dairələri hələlik açıqlanmır. Namizədlər əsasən VHP rəhbərliyinə daxil olan şəxslər və gənclərdir.17

Partiyaların seçkilərdə iştirakının coğrafi hədəflərinə gəldikdə isə, müxalifət partiyalarının əksəriyyətinin sədrləri deputatlığa namizədliklərini Bakı və Sumqayıtdakı seçki dairələrindən irəli sürəcəklər. Ölkə miqyasında tanınan müxalifətyönlü partiyalardan yalnız üçünün sədri bölgələrdəki dairələrdən mandat uğrunda mübarizəyə qoşulacaqlar. Bunlar AMİP, Vətəndaş Həmrəyliyi Partiyası və Ədalət Partiyasının sədrləridir.

Seçkilərə hazırlıq məsələsində müstəqil namizədlərin izlənilməsi hələlik çətindir və qeydiyyat başladıqdan sonra onların təxmini siyahısını müəyyən etmək olar. Ehtimal kimi hazırkı parlamentdə 45 müstəqil namizədin olduğunu, onların sayının bu hüdudlarda tərəddüd edəçəyini də, əksini də söyləmək olar.

Qarşıdan gələn seçkilərdə qadınların və gənclərin parlamentə seçilməsinə xüsusi diqqət veriləcəyinə dair hakim partiyanın bəyanatları bu sahədə canlanma yaradıb. Ölkənin vətəndaş cəmiyyəti qurumları da hesab edir ki, Azərbaycan Parlamentində qadın millət vəkillərinin sayının 2-3 dəfə artırılmasına ehtiyac var. "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İ.Yaqubova bildirib ki, seçkilərdə namizədliyini irəli sürən xanımlara lazım olan hüquqi yardım və dəstək göstəriləcək.18 Həm iqtidar, həm də müxalifət partiyalarını təmsil edən, eyni zamanda müstəqil namizəd olmaqla seçkilərə qatılacaq gənclərin iştirakının fəal olması gözlənilir.

Seçkilərdə ən fəal iştirak edən qurumlardan biri də vətəndaş cəmiyyətidir.(VC) 2008-ci ildə keçirilən prezident seçkilərində 40 mindən çox yerli müşahidəçi seçki prosesini izləmişdir. Bu MSK-da qeydiyyatdan keçmiş müşahidəçilərin sayı idi. Azərbaycanda 3000 mindən çox QHT mövcuddur ki, onların hər birinin seçki prosesini müşahidəçi kimi izləmək hüquqları var. Seçkilər sahəsində mütəxəssis, SMDTM sədri A.Məmmədliyə görə, 2003-cü ildən fərqli olaraq indi Azərbaycanda VC qurumları sayına görə postsovet məkanında yalnız Rusiya və Qazaxıstandan geri qalır. VC-nin fəaliyyətindəki çatışmazlıq isə texniki-metodoloji bacarıqların aşağı səviyyədə olması, maarifçilik və monitorinq önəm daşısa da, digər mühüm məsələ–müdafiəçilik və ictimai vəkilliyin zəif olmasıdır.19

VC-nin 2005-ci ildə keçirilən parlament seçkiləri ilə əlaqədar yaratdığı 7 seçki bloku öz fəallığı, intensivliyi və sayı ilə yadda qalmışdır. Həmin ilin artıq aprel ayında adı çəkilən bu bloklar seçkiyə hazır idi: "Müstəqil media - 2005”, "Qadınların seçki bloku”,"Gənc Azərbaycan-Yeni adlar”,"Yeni parlament” hüquqşünasların seçki bloku, "Parlament -2005”,"Yeni siyasət”, "İctimai liderlər birliyi”. Adi gözlə müqayisə edilsə görərik ki, bu ilki seçkilərdə vətəndaş cəmiyyətinin həmin fəallığı hiss olunmur.

Azərbaycanda majoritar seçki sistemi tətbiq olunur və bu da cəmiyyətin müxtəlif təbəqələrinin, xüsusilə də orta sinif təmsilçilərinin, sahibkar və biznes sahəsi nümayəndələrinin seçkilərdə istər müxtəlif qurumlardan, istərsə də müstəqil namizəd kimi irəli sürülmək imkanlarını artırır. Bu baxımdan seçkilərdə bəhs edilən bu təbəqənin təmsilçilərinin də tanındıqları və güvəndikləri dairələrdən mübarizəyə qatılaraq yüksək fəallıq nümayiş etdirəcəyi istisna deyil.

Digər məqam media mənsublarının("media kapitanlarının”)da seçki ilə bağlı müəyyən planlarının irəli sürülməsidir. Cəmiyyətin bu qismi də parlament seçkilərində fəal iştirak edir.

Beynəlxalq qurumların seçkilərə hazırlıqla bağlı fəaliyyəti
Azərbaycanda keçirilən bütün seçkilərdə beynəlxalq müşahidəçilər iştirak edib və verilən rəylər demokratik seçkilər sahəsində müsbət irəliləyişlərin olduğunu təsdiq edib. Milli Məclis 2 iyun 2008-ci il tarixdə Venetsiya Komissiyasından verilən tövsiyələri nəzərə alaraq Seçki Məcəlləsinin 145 maddəsinə 91 dəyişiklik edib. ATƏT bu ilki Azərbaycanda parlament seçkiləri ilə bağlı 3 dəyirmi masa keçirməyi planlaşdırmışdı. Bunların birincisi "Sərbəst toplaşma azadlığı haqqında” qanunun icrası, digəri "Seçki komissiyalarının fəaliyyəti”, avqustun 24-də keçirilən sonuncu tədbir isə "Seçkilərin mediada işıqlandırılması”na həsr olunmuşdur və sonda yekun bəyanat da qəbul olunmuşdur. ATƏT-in fəaliyyətdə olan sədri ATƏT Parlament Assambleyasının vitse-prezidenti Volfanq Qrossakı parlament seçkilərində qısamüddətli müşahidəçilər missiyasının rəhbəri təyin edib.ATƏT Azərbaycana 450 müşahidəçi göndərməyi planlaşdırır, onların 50-si qısa müddətlidir.20

Azərbaycanda keçiriləcək parlament seçkilərini Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyası da izləyəcək. Missiyaya MDB-nin icra katibi Sergey Lebedev rəhbərlik edəcək. Müstəqil Dövlətlər Birliyi (MDB) İcra Komitəsinin seçkilər şöbəsinin müdiri Yevgeni Sloboda Azərbaycana qısamüddətli səfərə gəlib. Müşahidə missiyasına MDB icra katibi Sergey Lebedyev rəhbərlik edəcək.

ABŞ dövlət katibi H.Klinton ölkəmizə səfəri zamanı qeyd edib ki, ABŞ Azərbaycanda keçiriləcək seçkiləri dəstəkləyir. Bu məsələ Azərbaycan rəhbərliyi ilə müzakirə olunub. Biz bu məsələni həmişə müzakirə edirik və bu bizim dialoqumuzun ayrılmaz hissəsidir.

Hazırlığın yekun mənzərəsi
Əvvəldə qeyd olunduğu kimi seçki kompaniyası bir-biri ilə zəncirvari bağlı olan məntiqi həlqələrdən (mərhələlərdən) ibarətdir və bir (birinci) həlqənin zəifliyi zəncirin qırılmasını şərtləndirir. Reallıq belədir ki, müxalifətin özlərini əsas hesab edən partiyalarının növbəti birlik modeli bu dəfə də, artıq biryolluq iflasa uğraya və müvafiq tərəfdə vəziyyətin düzəlməsini uzun müddət qeyri-mümkün edə bilər. Vətəndaş Həmrəyliyi Partiyasının sədri S.Rüstəmxanlı yəqin bunu nəzərdə tutaraq qeyd edir ki, bu seçkilər nəticəsində bir neçə müxalifət lideri ümumiyyətlə siyasətdən getməli olacaq.21

Partiyaların seçkilərdə olduqca fəal iştirak istəyini son dövrdə onların büdcədən maliyyələşməsinə dair mətbuatda gedən müzakirələrlə bağlı olduğunu da söyləmək olar. Bununla da onlar gündəmdə olduqlarını nəzərə çatdırmaq istəyirlər.

Yekun olaraq təqribən bir həftədən sonra başa çatacaq ilkin hazırlıq mərhələsində seçki subyektlərinin tətbiq etdiyi taktikanın nəticələri barədə nə demək olar? Təbii ki, bu günə qədər hələ də, resurslarını səmərəli istifadə etməyən, təşkilatlana bilməyən blokların fəaliyyəti üçün taktika sözünün işlənilməsi belə qeyri-məqbul görünür. AXCP və Müsavat partiyalarının vaxt itkisi və eyni dairələrdə rəqib olan namizədlərin davranışları göstərir ki, burada şəxsi və partiya resurslarının cəmlənərək qüvvətlənməsi əvəzinə dairələrdə qarşıdurma mövqelərinə təkan verilmişdir. Bu da həmin hipotetik birliyin seçicilər arasında start reytinqinə, səslərin parçalanmasına, bütövlükdə isə seçkinin yekunlarına ciddi mənfi təsirini göstərərək məğlubiyyəti labüd edə bilər.

Artıq belə nəticəyə gəlmək olar ki, seçki dairələrinin hər birində hakim partiyanın vahid namizədinə qarşı müxalifət bloklarının bir neçə namizədi, vətəndaş cəmiyyəti təmsilçisi yaxud da müstəqil namizəd mübarizə aparmalı olacaq. Bu da öz növbəsində müxalifətin potensial elektoratının səslərinin parçalanmasını, hakim partiya namizədlərinin isə öz elektoratını qoruyub saxlamasını şərtləndirəcəkdir.

Müxalifətin bu ildə də artıq neçənci dəfə hərtərəfli düşünmədən mövcud birlik formatını parçalayaraq, seçkilərə az qalmış yenidən blok yaratmağa cəhd etməsi uğursuz görünür. Seçkidə qələbə qazanmaq üçün mövcud olan vaxt, maliyyə, partiya və şəxsi resursların səmərəli istifadəsinə dair əsaslı taktiki gedişlərin olmadığı aşkara çıxır. Hazırlıq mərhələsindən etibarən mümkün qədər tez təşkilatlanma ilə həmin resursa qənaət edilməsi digər amillərin səmərəsini dəfələrlə artırır. Müxalifət şahmat termini ilə deyilsə artıq minimum vaxt ərzində qalan gedişlərin hamısının edilməsi məcburiyyətini ifadə edən "seytnot” vəziyyətinə düşmüşdür.

Digər tərəfdən, seçkilərdə qələbə, hazırlıq mərhələsi adlanan həlledici təməl üzərində qurulur, start imkanlarını artıran tərəf qalib gəlir. Təməlin sınaqlara tab gətirməsi üçün onun müəyyən müddət və düşünülmüş strategiya üzərində qurulması zəruridir. Əks təqdirdə müxtəlif təsirlərdən kövrək əsaslar uça bilər. Bu gün ölkədə olan istər iqtidar, istərsə də müxalifət partiyalarının seçkilərdə qələbəni təmin edən təməlin qurulması yönündə gördüyü işlər yekunlaşmaq üzrədir.

7 noyabr seçkidə iştirak edən bütün qüvvələrin qurduğu təməlin sınaqdan çıxacağı gündür.
 

Istifadə olunmuş elektron mənbələr:
1. http://president.az/articles/411?locale=az
2. http://az.trend.az/news/politics/movements/1665642.html
3. http://az.apa.az/news.php?id=175349
4. http://www.bizimyol.az/?mod=news&act=view&nid=40255
5. http://www.azadliqradiosu.az/content/article/1941886.html?page=1&x=1#rel...
6. http://www.mediaforum.az/in/articles.php?lang=az&page=02&article_id=2010...
7. http://www.bizimyol.az/?mod=news&act=view&nid=40331
8. http://www.trend.az
9. http://www.azadliq.org/content/article/1970464.html
10. http://mediaforum.az/print.php?lang=az&article_id=20100820065010711&page=00
11. http://www.musavat.com/new/Siyasət/83781-UĞURLU_NAMİZƏDLƏRƏ_QARŞI_UĞURSUZ_ƏDALƏTSİZLİK
12. http://www.mia.az
13. http://1news.az/politics/elections10/20100828122643919.html
14. http://mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20100828023...
15. http://mia.az/news/11299.html
16. http://az.apa.az/xeber_AMIP_parlament_sechkisine_70-e__196073.html
17. http://az.apa.az/xeber_VHP_72_namized_ireli__195766.html
18. http://az.trend.az/news/politics/movements/1728525.html
19. http://www.mediaforum.az
20. http://az.trend.az/news/politics/elections/1740758.html
21. http://az.trend.az/news/politics/movements/1701993.html 



 

: 1