| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Sizi Maraqlandıran Suallar

2013-02-03 15:27:05

SAM nədir?


Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Azərbaycanın ilk hökumət və qeyri-gəlirli beyin mərkəzidir. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2007-ci il tarixli fərmanı əsasında yaradılmışdır. Qərargahı Azərbaycanda, Bakı şəhərində yerləşir.

SAM nə məqsədlə yaradılıb?


Strateji Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirmək məqsədi ilə yaradılmışdır.

Mərkəzin yaranmasının zərurəti Azərbaycan Respublikasının dinamik inkişafı və dünya iqtisadiyyatına uğurla inteqrasiyası, qloballaşma şəraitində ölkədə dövlət əhəmiyyətli strateji araşdırmaların aparılmasına, idarəetmə prosesinin təkmilləşdirilməsinə dair proqnozların verilməsinə, cəmiyyətdaxili sosial-siyasi vəziyyətin təhlil olunmasına, sosioloji sorğuların keçirilməsinə və respublikanın müvafiq qurumları tərəfindən aparılan strateji xarakterli tədqiqatların əlaqələndirilməsinə, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya qarşıdurmasında Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mötəbər elmi konsepsiyaya əsaslanan genişmiqyaslı proqramların həyata keçirilməsinə duyulan ehtiyacdan irəli gəlib. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və öz Nizamnaməsini rəhbər tutaraq, daxili və xarici siyasətin ən mühüm inkişaf istiqamətlərini analiz edir, dünyada cərəyan edən geosiyasi prosesləri, beynəlxalq siyasəti izləyir, təhlil edir, gələcək inkişaf meyllərinə dair proqnozlar verir, ciddi proseslərə təsir göstərə bilən faktorlar üzərində tədqiqatlar aparır, bütün bu işlər əsasında Azərbaycanın dövlət maraqlarına, milli təhlükəsizliyinə uyğun, bu tələblərə cavab verən müxtəlif proqramlar, konsepsiyalar, doktrinalar hazırlayır.

SAM nə edir?


Mərkəzin əsas fəaliyyəti Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, təhlil etmək, habelə bununla bağlı ölkə rəhbərliyi üçün məlumat və tövsiyələr hazırlamaqdır.
SAM-ın fəaliyyəti bir neçə mühüm istiqamətlər üzrə formalaşır. Bunlar – dünyada cərəyan edən geosiyasi prosesləri və dünya siyasətini izləmək, təhlil etmək, proqnozlar vermək, proseslərə ciddi təsir göstərə bilən faktorlar üzərində tədqiqatlar aparmaq, bütün bu işlər əsasında müxtəlif proqramlar, konsepsiyalar hazırlamaqdır.

SAM-ın tədqiqatları hansı istiqamətlərdə aparılır?


SAM-ın tədqiqat fəaliyyəti bir neçə vacib istiqamətlərdə formalaşır. Bunlar – dünyada cərəyan edən geosiyasi prosesləri və dünya siyasətini izləmək, təhlil etmək, proqnozlar vermək, dünyada, eləcə də regionda gedən proseslərə təsir göstərə bilən faktorların tədqiqi əsasında müxtəlif proqramlar (milli və lobbiçilik proqramları), konsepsiyalar, ssenarilər və digər analitik xarakterli sənədlər hazırlamaqdan ibarətdir.

Eyni zamanda SAM hakimiyyət orqanları və institutlarında fəaliyyət göstərən analitik struktur bölmələrinin işinin koordinasiyası ilə məşğul olur. Mərkəz onlara dəstək olaraq, elmi və analitik materiallar verməli, onlardan lazımi informasiyaları almalıdır. Lazımi məlumatlar almaq məqsədilə dövlət orqanlarına sorğular verilir və əldə edilən materiallar əsasında müvafiq sənədlər hazırlanır.

SAM hansı şöbələrdən ibarətdir?


  1. Daxili siyasətin təhlili şöbəsi
  2. Xarici siyasət məsələlərinin təhlili şöbəsi
  3. İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsi
  4. Maliyyə-inzibati şöbəsi

SAM necə maliyyələşir?


SAM Azərbaycan Respublikası hökuməti tərəfindən maliyyələşdirilir.

SAM-ın tədbirlərində necə iştirak edə bilərəm?


SAM-ın keçirdiyi tədbirlərin çoxu geniş kütlə üçün açıqdır. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:

SAM | Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi
Azərbaycan, Bakı ş. AZ 1005, M. İbrahimov küçəsi 8.
Tel: (+994 12) 596 82 39 | Faks: (+994 12) 437 34 58 | E-poçt: info@sam.gov.az


 

: 8221