| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin III Forumu

2012-03-04 09:52:00

2012-ci ilin mart ayının 2-də və 3-də Bakıda, Azərbaycan Respublikası Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyənin Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) əməkdaşları çərçivəsində növbəti beynəlxalq tədbir - «İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrində dəyişiliklər və transformasiyalar» mövzusunda İƏT üzv dövlətlərin beyin mərkəzlərinin III Forumu keçirilmişdir. Forumda 40-dan çox ölkədən 100-dən çox nümayəndə- dünyanın müxtəlif ölkələrindən gəlmiş dövlət xadimi, alim, millət vəkilləri, daxili və xarici siyasət, innovasiya texnologiyaları üzrə tanınmış yerli və beynəlxalq ekspertlər, diplomatik nümayəndələrinin təmsilçiləri iştirak etmişdir. Islam inkişaf Bankının  və Azərcellin yaxından dəstəyi ilə təşkil olunmuş forum iki gün davam etmişdir.

Bakı Forumunun əsas məqsədlərindən biri ölkələrdə daxili və xarici siyasət sahəsindı mühüm dəyişiliklərin və transformasiyanın tətbiqi üçün səmərəli təklif və tövsiyyələr hazırlamaq, yeni islahat modellərini təklif etmək olmuşdur.   XX əsrin çağırışları – müasir dünyada baş verən qlobal dəyişiliklər, ümumbəşəri problemlərin həllində, insanlığa qarşı yönələn təhdidlərin aradan qaldırılmasında kollektiv səyləri və fikir mübadiləsini, sivilizasiya və mədəniyyətlərarası dialoq və inteqrasiya prosesində fəal təşəbbüslərlə iştirakı zərurəti İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə də elmi-intellektual potensialın təşkilatlanmasını, innovasiyalı cəmiyyət quruculuğunun vacibliyini gündəmə gətirmişdir. Bu da öz növbəsində insan amilinin reallaşmasının əsas subyektlərindən biri kimi innovativ ideaların daşıyıcıları olan beyin mərkəzlərinin üzərinə məsul vəzifələr düşür.
Tədbir ərəfəsində - martın 1-də "Hilton Baku” otelində islam ölkələrinin aparıcı beyin mərkəzlərinin rəhbərlərinin, tanınmış ekspertlərin və mütəxəssislərin iştirakı ilə "Müdriklər qrupu”nun toplantısı keçirilmişdir. Toplantıda Bakı Forumunun gündəliyi, sessiyalarda müzakirə olunacaq mövzular və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
İƏT-ə üzv ölkələrin beyin mərkəzlərinin III Forumunun rəsmi açılışı müqəddəs "Qurani-Kərim”in oxunması ilə başlamışdır.
Açılış plenar iclasının moderatoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov III Forumun müsəlman dünyasında uğurlu siyasi və iqtisadi transformasiya fonunda keçirildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Forumun keçirildiyi iki gün ərzində ölkələrimizin gələcəyi ilə bağlı maraqlı məsələlərə dair çox faydalı sessiyalar keçiriləcəkdir. Sessiyalarda  geniş mövzuları əhatə edən məsələləri regiondan hansı dəyişikliklərin baş verdiyini və inkişaf mərhələlərində əldə olunan nailiyyətləri müzakirə ediləcək. Əminik ki, bu müzakirələrin nəticələri çox uğurlu olacaqdır.
Sonra Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxumuş və çıxış etmişdir.
O qeyd etmişdir ki, Azərbaycan son illərdə aktual beynəlxalq problemlərin müzakirəsinə həsr edilən qlobal forumların keçirildiyi məkana çevrilib. Bu, Azərbaycanın regionda və dünyada getdikcə artan əhəmiyyəti və rolundan, qarşılıqlı əməkdaşlıq və inteqrasiyaya açıq olmasından irəli gəlir.
Qlobal problemlərin xarakterinin dəyişməsi onların həllində kollektiv intellektə və ortaq səylərə əsaslanmağı gündəmə gətirmişdir. Hazırda dünyada müxtəlif region dövlətlərinin qarşısında duran çağırışlar, sülhün və sabitliyin bərqərar olunması ciddi ekspert təhlilləri və inkişaf yollarının axtarışını tələb edir.
Müsəlman Şərqində ilk demokratik respublikanın yarandığı Azərbaycanda dünyəvi dövlətçiliyin ənənələri, xüsusilə də dünyəvi elmlər əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Elmə və biliyə dövlətin həssas diqqəti müstəqilliyin əldə edilməsi ilə yeni keyfiyyət mərhələsinə keçmiş, bu gün də cəmiyyətimizin inkişafında müstəsna əhəmiyyətə malikdir. Bu gün Azərbaycan sürətlə inkişaf edən, sabit ölkədir. Eyni zamanda, dövlət başçısı İlham Əliyev perspektivlərə hesablanmış siyasət aparır. Qarşıdakı 10 il ərzində ümumi daxili məhsulun ən azı iki dəfə artması nəzərdə tutulmuşdur. Əsas məqam odur ki, bu artımın iqtisadiyyatın modernləşməsi, qeyri-neft sektorunun, elm və innovasiyaların inkişafı hesabına təmin edilməsi başlıca məqsəd kimi irəli sürülmüşdür. Bu, o deməkdir ki, reallıqda Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyat kimi formalaşmaqdadır və yalnız neft sektorundan asılı deyildir.
Azərbaycan hazırda regionda dinamik inkişafın lideri imicini qoruyaraq, qabaqcıl ölkələr səviyyəsinə çatmağı hədəfə almışdır. Məhz bu vəzifələrin həyata keçirilməsi məqsədilə, Prezident İlham Əliyev yaxın dövr üçün ölkəmizdə elmə və innovasiyalara əsaslanan cəmiyyət quruculuğunu strateji hədəf kimi irəli sürmüşdür. Bu gün dünya birliyinin qarşısında duran çağırışlar siyasi elitanın və qərar qəbulunda öz tövsiyələrini verən beyin mərkəzlərinin daha səmərəli əməkdaşlığını tələb edir.Bu, dövlətlərə daxili və xarici təhdidlərə çevik cavab verməyə, önləyici tədbirlər görməyə, strateji təşəbbüsü ələ keçirməyə imkan verir.
Bu gün burada təmsil olunan bütün ekspertlərin tərkibi, nüfuzu və sayına görə Forumu yalnız İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin deyil, ümumilikdə qlobal məkanda həmkarların mövcud çağırışlara ortaq cavablar axtarışı, açıq beynəlxalq dialoq adlandırmaq olar.
Akademik R.Mehdiyev, dünyanın çoxsaylı ölkələrini təmsil edən forum iştirakçılarının potensialı və dəyərli təcrübəsinin dövrümüzün üzləşdiyi çağırışlara dair səmərəli fikir mübadiləsinin aparılmasına, əməkdaşlığın intensivləşməsinə imkan yaradacağına əminliyini bildirmişdir.
Forumda çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov  bildirilmişdir ki, hazırda qlobal və regional çağırışlara cavab vermək Azərbaycanın xarici siyasətinin qarşısında duran ən əhəmiyyətli məsələlərdən biridir.
Ötən ilin sonunda Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləsi xarici siyasətimizin mühüm uğuru kimi respublikamızın bu mötəbər qurumda təmsil olunacağı iki il ərzində beynəlxalq sülh və təhlükəsizliyə daha böyük töhfə verəcək. E. Məmmədyarov  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti, rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqeyi barədə Forum iştirakçılarına ətraflı məlumat vermiş, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə məhəl qoymamasına beynəlxalq ictimaiyyətin göz yummasını münaqişənin həllinə ikili standartlardan yanaşma kimi dəyərləndirmiş, münaqişənin həllində müsəlman ölkələrinin nümayiş etdirdiyi ədalətli mövqeyə görə təşəkkürünü bildirmişdir.
Daha sonra, Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin sədri Süleyman Şensoy məruzə edərək, "Bir millət, iki dövlət” deyiminin perspektivi baxımından bu tədbirin İslam dünyası ilə çoxtərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Son aylarda Türkiyə-Fransa münasibətlərində yaşanan gərginlik zamanı Azərbaycanın Türkiyəyə verdiyi siyasi dəstəkdən məmnun olduqlarını deyən Süleyman Şensoy oxşar addımın İƏT-ə üzv ölkələrdən də atılmasını gözlədiklərini diqqətə çatdırmışdır.
S.Şensoy, 2010-cu və 2011-ci illərdə İstanbulda keçirilən birinci və ikinci forumlar nəticəsində İslam ölkələri arasında ortaq platformanın və vebportalın yaradılması ideyasının artıq gerçəkləşdiyini bildirmişdir. S.Şensoy İslam ölkələrində yaşanan dəyişikliklər və transformasiya prosesinin öyrənilməsi baxımından İƏT-ə üzv ölkələrin beyin mərkəzlərinin rolunu yüksək qiymətləndirmişdir. Qeyd etmişdir ki, beyin mərkəzlərinin qarşılıqlı fəaliyyəti və təcrübə mübadiləsi şəraitində fəaliyyət göstərmələri çox əhəmiyyətlidir.
Forumda iştirak etməkdən şərəf duyduğunu deyən İslam Əməkdaşlıq Təşkilatı baş katibinin xüsusi nümayəndəsi Ömür Orhun,
2010-cu ilin yanvarında İstanbulda keçirilmiş I Forumun İƏT-ə üzv dövlətlərin beyin mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin yaranmasında və gücləndirilməsində mühüm bir başlanğıc olduğunu qeyd etmişdir.
İƏT-ə üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunun müsəlman dünyasında mürəkkəb proseslərin yaşandığı bir dövrdə keçirildiyini qeyd edən Ö.Orhun bu hadisələrə diqqət yetirilməsinin vacibliyini bildirmişdir. O, bu proseslərin öyrənilməsində beyin mərkəzlərinin rolunun  getdikcə artmasını qeyd etmişdir.
İslam İnkişaf Bankının qrup strateji planlaşdırma departamentinin direktoru Məhəmməd Rafe Bin Yusif müsəlman ölkələrindəki qabaqcıl ideyaların yayılmasında və mənimsənilməsində beyin mərkəzlərinin, o cümlədən belə forumların əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Forumun İslam ölkələri arasında əlaqələrin inkişaf etdirilməsi, beyin mərkəzlərinin qarşılıqlı fəaliyyəti ilə bağlı lazımi şəbəkənin qurulması baxımından müstəsna imkan olduğunu qeyd edən Məhəmməd Rafe bin Yusif demişdir ki, məhz bu tədbir yeni beyin mərkəzlərinin yaranmasına müsbət təsirini göstərəcəkdir.
İnsan kapitalı ilə bağlı Azərbaycan hökumətinin uğurlu siyasət yürütdüyünü vurğulayan Məhəmməd Rafe bin Yusif "Azərbaycan-2020: İnkişaf Strategiyası”nın hazırlanıb həyata keçirilməsinin ölkəmizə mühüm nailiyyətlər qazandıracağını diqqətə çatdırmışdır.
Ərəb Dövlətləri Liqasının Avropa departamentinin rəhbəri xanım Omniya Taha Forumun yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək, "Ərəb baharı”nın İslam ölkələrində dəyişiklik və transformasiya dövrünün mühüm mərhələsi olduğunu diqqətə çatdırmışdır. Müsəlman ölkələrində baş vermiş dəyişikliklər bütün dünyanın diqqətini bu regiona yönəltmişdir.
Omniya Taha qeyd etmişdir ki, müsəlman ölkələrində ictimai-siyasi sabitliyin qorunub saxlanılması, zorakılıqla müşayiət olunan inqilabların baş verməməsi üçün regional əməkdaşlığın inkişaf etdirilməsi, İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Bəhreyn Strateji, Beynəlxalq və Enerji Araşdırmaları Mərkəzinin sədri, Bəhreyn Kralının diplomatik məsələlər üzrə müşaviri Məhəmməd Əbdül Qaffar öz çıxışında Azərbaycan hökumətinə və Prezident İlham Əliyevə bu forumun keçirilməsinə verdiyi dəstəyə görə minnətdarlıq etmişdir. Bildirilmişdir ki, indi dünyanın sabitliyi regionlarda olan təhlükəsizlikdən asılıdır.
Bəzi Qərb ölkələri islam dünyasına qarşı dağıdıcı mövqe nümayiş etdirir və güc tətbiqindən çəkinmirlər. Müsəlmanların dünya əhalisinin 22 faizini təşkil etdiyini, dünyanın ən zəngin təbii sərvətlərinin islam ölkələrində olmasına baxmayaraq, bu ölkələrin əhalisinin kasıb yaşadığını vurğulayan natiq qeyd etmişdir ki, müsəlman ölkələrində uğurlu inkişaf strategiyasının formalaşmasında beyin mərkəzlərinin üzərinə böyük məsuliyyət düşür.
İordaniyanın Azərbaycandakı səfiri Adel Mohammad Adaileh Kral II Abdullahın Forum iştirakçılarına salamlarını və təbriklərini çatdırmış, bu tədbirin ciddi və konstruktiv dialoq baxımından əhəmiyyətini qeyd etmişdir.
Malayziyanın Beynəlxalq İslam Universitetinin rektoru Zaleha Kamaruddin isə çıxışında  gənc nəslə yaxşı təhsil verməklə müsəlman cəmiyyətlərində inkişafa nail olmağın əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, bunun üçün beyin mərkəzlərinin cəmiyyətdə rolu artırılmalıdır.
Küveyt Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sami Əl-Fərəc İƏT-ə üzv ölkələrin beyin mərkəzlərinin III Forumunun əhəmiyyətindən danışaraq bildirmişdir ki, tədbirin məqsədi islam dünyasında inkişaf məqsədlərinə xidmət etməkdir. Odur ki, mövcud böhranları həll etmək üçün bu Forum alternativ vasitə hesab oluna bilər.
İslam Araşdırmaları üzrə Oksford Mərkəzinin rəhbəri Fərhan Əhməd Nizami prosesin daha keyfiyyətli alınması üçün digər alternativ vasitə kimi transmilli əməkdaşlığın əhəmiyyətini vurğulamış, bu məsələdə beyin mərkəzlərinin əhəmiyyətini qeyd etmişdir.
Martı 2-də günün ikinci yarısında  Sonra İƏT-ə üzv ölkələrin beyin mərkəzlərinin III Forumu öz işini "Hilton Baku” otelində sessiyalarla davam etdirmişdir.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İsgəndərovun moderatorluğu ilə "Sosial-iqtisadi və siyasi dəyişikliklərin dinamikası” mövzusunda keçirilən sessiyada İƏT-ə üzv ölkələrdə cərəyan edən sosial-iqtisadi və siyasi transformasiyanın bütün aspektlərinə toxunulmuşdur. Sessiyada müxtəlif ölkələrin elmi, strateji və siyasi araşdırma mərkəzlərinin nümayəndələri İƏT-ə üzv ölkələrdəki dəyişikliklər və islahatlar, Azərbaycanın sosial-iqtisadi transformasiyasında irihəcmli biznesin rolu, transformasiya prosesi, milli və regional təhlükəsizlik üçün yeni çağırışlar, respublikamızda regional inkişafın Dövlət proqramları ilə idarə edilməsi təcrübəsi, "Ərəb baharı”nın regionda yaratdığı siyasi dəyişikliklər, bundan sonrakı siyasi sabitlik və digər məsələlərlə bağlı məruzələr dinlənilmişdir.
Sessiyada, həmçinin Azərbaycanda aparılan sosial islahatlardan, xüsusilə də gənclərlə bağlı proqramların əhəmiyyətindən danışılmışdır. Vurğulanmışdır ki, Azərbaycanda aparılan islahatların təhlili digər ölkələrin həm müasirləşməsi, həm də təkamül yolu ilə inkişafı üçün mühüm töhfə ola bilər. Hər bir halda təkamül yolu ilə məqsədə nail olmaq inqilabi proseslərdən, xüsusilə də qanlı inqilablardan daha üstündür.
Ankara Universiteti Avropa Araşdırmalar Mərkəzinin direktoru Çağrı Erhanın moderatorluğu ilə "Milli və beynəlxalq siyasətin inkişafına baxış” mövzusunda keçirilən II sessiyada müxtəlif ölkələrin elmi, strateji və siyasi araşdırma mərkəzlərinin nümayəndələri gender siyasəti, qloballaşmanın müasir tendensiyaları, sülhyaratma yolları və sair mövzularda məruzələrlə çıxış etmişlər.
Məruzələrdə bildirilmişdir ki, müasir dünyada sülhə nail olmağın əsas yollarından biri konstruktiv dialoqdur. Əsasən müsəlman ölkələrinin sülhlə bağlı problemlərlə üzləşdiyinin vurğulandığı sessiyada bunun dini, mədəni, etnik müxtəlifliklə bağlı olduğu bildirilmişdir. Sessiyada, həmçinin Azərbaycanda milli inkişafda gender aspektləri önə çəkilmiş, respublikada bu sahədə əldə olunan nəticələrdən və aktual məsələlərdən danışılmışdır. Qloballaşma dövründə sərbəst miqrasiya, kapitalın maneəsiz dövriyyəsi kimi meyillərin gücləndiyinin bildirildiyi çıxışlarda qeyd edilmişdir ki, bu fonda millilik amilinin saxlanılması zəruridir. Bundan əlavə, müxtəlif ölkələrdən olan məruzəçilər Azərbaycanın regionda getdikcə daha da gücləndiyini qeyd etmiş, ölkədə strateji qərarların dövlətçilik prinsipləri nəzərə alınmaqla verildiyini önə çəkmişlər.
Sessiya iştirakçıları, eyni zamanda, beynəlxalq əlaqələr sistemində terrorizmin rolundan da bəhs etmiş, İraq, Bruney, İordaniya, Mərakeş kimi müsəlman ölkələrində demokratiya, din, dövlət, iqtisadiyyatla bağlı məruzələri dinləmişlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovun moderatorluğu ilə keçirilmiş III sessiyada "İdarəetmədə və dövlət idarəçiliyində innovasiyalar” mövzusunda müzakirələr aparılmışdır.Oman Diplomatiya İnstitutunun rektoru Əhməd bin Səlim Ba Ömər tədbirin əhəmiyyətini xüsusi vurğulamış və bu Forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirmişdir. Əhməd bin Səlim Ba Ömər "İslam dünyasındakı diplomatik institutlarda innovativ idarəetmənin rolu - çağırışlar və fəaliyyət arasında” məruzəsində iştirakçılara geniş məlumatvermişdir.  Sessiya müxtəlif ölkələrin elmi, strateji və siyasi araşdırma mərkəzlərinin nümayəndələrinin "Davamlı inkişafdan ekoloji sivilizasiyaya doğru: İnnovativ planlaşdırma və idarəetmə”, "Azərbaycan hüquq sistemində müasir innovasiyaların tətbiqi”, "Azərbaycanın sosial-iqtisadi transformasiyası”, "Dövlət idarəçiliyində innovasiya: Səmərəli idarəetmə üçün açar”, "İdarəetmədə inkişaf və innovasiyalar: Kreativ şəxsiyyət modernləşmənin əsas amili kimi”, "Azərbaycanda regional inkişafın dövlət proqramları ilə idarə edilməsi təcrübəsi: innnovasiyalılıq, varislik və çeviklik”, "Dövlət qulluğunda informasiya və kommunikasiya texnologiyaları” və s. mövzusunda çıxışları ilə davam etmişdir.
Azərbaycan Diplomatik Akademiyasının prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən bu sessiyada rəsmi şəxslərlə yanaşı, müxtəlif ölkələrin beyin mərkəzlərinin mütəxəssisləri, ekspertlər, diplomatlar, tədqiqatçılar "İslam ölkələrində sülhyaratma və münaqişələrin nizamlanması missiyası” mövzusu ətrafında çıxışlar etmişlər.
Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova "Sivilizasiyaların mövcud birgəyaşayış modelləri: Şərq və Qərbin təcrübəsinə komprativ yanaşma” mövzusunda çıxış etmişdir. Azərbaycanın etnik cəhətdən çoxmillətli dövlət olaraq, xalqların mehriban şəkildə birgəyaşayışı haqqında deməyə sözü olduğunu bildirən Rəbiyyət Aslanova Şərq ölkələrinin birgəyaşayış istəyinin, münaqişələrin həll edilməsi meyillərinin dünya səviyyəsində təqdim olunmasının xüsusi önəm daşıdığını bildirərək demişdir: "Şərq ölkələrinin, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin birgəyaşayış modeli dünyaya çatdırılmalıdır. Azərbaycan Şərq və Qərbin ortaq dəyərlərini birləşdirən nadir multikulturalist modelə sahibdir. Bu mənada Azərbaycan dünyanın mədəniyyətlərarası dialoq siyasətinə layiqli töhfələr verir”.
"İraq: hazırkı və gələcək çağırışlar” mövzusunda çıxış edən İraqın əyalət məsələləri üzrə dövlət naziri Torhan əl-Mufti ölkəsinin hazırkı və gələcək vəziyyəti barədə iştirakçıları məlumatlandırmışdır.
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva, Pakistan İslamabad Siyasi Araşdırmalar İnstitutunun icraçı prezidenti Maqsudul Həsən Nuri və başqaları mövzu ilə bağlı çıxışlar etmişlər.
IV sessiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, islam ölkələrində sülhyaratma fəaliyyəti və münaqişələrin nizamlanması, Yaxın Şərq yol ayrıcında, Türkiyənin Yaxın Şərqdəki sülhyaratma fəaliyyətində din və identikliyin əhəmiyyəti mövzuları üzrə mühazirələr oxunmuş və müzakirələr aparılmışdır.
Sürətlə inkişaf edən dünyada, islam ölkələrində yeni, 5-ci nəsil beyin mərkəzlərinin formalaşmasına dəstək vermək vacibdir.
Bu fikir isə Forumun "Yeni beyin mərkəzlərinin yaradılması, dəstəklənməsi və inkişafı” mövzusunda 5-ci sessiyasında səslənmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimovun moderatoru olduğu sessiyada islam ölkələrində rəqabətədavamlı innovativ düşüncə mərkəzlərinin təşkilinin prioritet rolu, onların model variantları, islahatçıların yeni nəslinin hazırlanmasının vacibliyi və digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılmış, bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanmışdır.
Tanınmış türkiyəli ekspert Atilla Sanıklı əsasən beyin mərkəzlərinin fəaliyyətində Türkiyə təcrübəsindən danışmışdır.
A.Sanıklı qeyd etmişdir ki, bu gün Türkiyədə belə mərkəzlərə böyük ehtiyac vardır. Türkiyədə bu cür mərkəzlər bir neçə kateqoriyaya bölünür. O demişdir ki, ali təhsil ocaqları nəzdində müxtəlif tədqiqat mərkəzləri də bu funksiyanı daşıyır. Ümumiyyətlə Türkiyədə dövlət və özəl sektora məxsus beyin mərkəzləri vardır. A.Sanıklı söyləmişdir ki, bu gün beynəlxalq siyasəti, dəyişən dünyada xarici əlaqələri öyrənən strukturlarla yanaşı, ölkənin daxili vəziyyətini, ictimai-siyasi həyatını dərindən araşdıran mərkəzlərin də yaradılmasna böyük tələbat duyulur.
Yaxın Şərq bölgəsindən tanınmış ekspertlər "ərəb baharı”ndan sonra bu regionda yeni tələblərə əsaslanan, dünyada gedən prosesləri daha dərindən öyrənən mərkəzlərin yaradılmasının zəruriliyini vurğulamışlar. Qeyd edilmişdir ki, ərəb ölkələrindəki münaqişələr fonunda dünyanın aparıcı mərkəzləri tərəfindən yeni yanaşma metodları işlənib hazırlanmalı, regionda daha mütərəqqi düşüncə mərkəzləri formalaşdırılmalıdır.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Azərbaycanda 50-ə qədər beyin mərkəzi hesab oluna biləcək strukturun fəaliyyət göstərdiyini söyləmişdir. Bildirilmişdir ki, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunu dünya səviyyəli beyin mərkəzi hesab etmək olar. Beyin mərkəzlərinə həsr edilmiş sessiyada Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Tahirə Allahyarova "XXI əsrdə İslam ölkələrində rəqabətədavamlı beyin mərkəzlərinin yaradılması strateji prioritet kimi" mövzusunda çıxış edərək qeyd etmişdir ki, dəyişən dünyada düzgün, rasional siyasətin aparılmasında beyin mərkəzlərinin rolu əvəzsizdir və islam ölkələrində sürətli inkişafa nail olmaq üçün yeni, 5-ci nəsil düşüncə mərkəzlərinin formalaşması zəruridir.
Tədbirdə diqqətə çatdırılmışdır ki, "İslam Əməkdaşlıq Təşkilatı ölkələrində dəyişikliklər və transformasiya” mövzusunda bu quruma üzv ölkələrin beyin mərkəzlərinin III Forumu martın 3-də başa çatmışdır. 




 

: 1210