| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"Sosial bazar iqtisadiyyatı üçün siyasi seçimlər: milli və beynəlxalq perspektivlər" tədbirindən Fərhad Məmmədovun çıxışı

2013-04-09 08:39:45

Sosial bazar iqtisadiyyatı Azərbaycan dövlətçiliyinin təməlində dayanan humanizm prinsipi ilə səsləşir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsasında insan dayanır. Azərbaycanın karbohidrogen gəlirləri səmərəli şəkildə iqtisadiyyatın inkişafına və sosial rifahın yaxşılaşdırılmasına yönəldilir. Məsələn, 2012-ci il üçün dövlət büdcəsində sosial xərclər 28 % təşkil edir. Son 8 il ərzində ölkədə 11-dən artıq sosial təyinatlı dövlət proqramları həyata keçirilib. Büdcədən hər il sosial yönümlü proqramlara ayrılan xərclər ümumilikdə milyardlarla manat həcmindədir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7%-dən 2012-ci ildə isə 6.0 %-ə enib. Beləliklə, son doqquz ildə yoxsul əhalinin sayı 6,6 dəfə azalıb.

2012-ci ilə olan məlumatına əsasən ölkə üzrə ünvanlı sosial yardım alan ailələrin sayı 133 mindən çox idi. Bu ailələrdə hər ay adambaşına düşən ünvanlı sosial yardımın məbləği 25,8 manat, hər ailə üzrə orta məbləğ isə 114 manat təşkil edib. Ünvanlı yardımların təyinatlarında ünvanlılıq prinsipinə 90%-ə qədər əməl olunduğu müəyyən edilib və bu göstərici ünvanlı sosial yardım tətbiq edən ölkələr arasında ən yaxşı nəticələrdən biri kimi qiymətləndirilib. Ünvanlı sosial yardımla yanaşı Azərbaycanda 2011-2012-ci illəri əhatə edən "Aztəminatlı ailələrin sosial reabilitasiyası haqqında” yeni dövlət proqramı da qəbul olunub. Proqramın həyata keçirilməsi nəticəsində ölkədə aztəminatlı ailələrin sayının daha da azalacağı gözlənilir.

Ötən 10 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il ərzində 10,3 dəfə artıb, respublikanın bölgələrində olan 400-dən artıq tibb müəssisəsinin tikintisi və ya әsaslı tәmiri hәyata keçirilib. Təhsil xərcləri 2003-cü ildə 234.8 milyon manat olduğu halda, 2012-ci ildə bu rəqəm 1 511,6 milyon manat təşkil edib və 6,4 dəfə artıb.

Sosial bazar iqtisadiyyatının əsas prinsipləri - bazarın qiymət mexanizmi, açıq bazar, şəxsi mülkiyyətin üstünlüyü, müqavilə azadlığı və iqtisadi siyasətin davamlılığı - Azərbaycan dövlətinin iqtisadi siyasətində öz əksini tapır.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda sosial balans və azadlıq arasında tarazlıq qorunur. Azərbaycan dövləti çox ağır şəraitdə bir tərəfdən 1 milyon nəfər qaçqın və məcburi köçkün, digər tərəfdən isə təcavüz üzündən yüksək səviyyədə saxlanılan hərbi xərclər nəzərə alınmaqla öz siyasətini sosial rifah halının yaxşılaşdırılması və bazar münasibətlərinin inkişaf etdirilməsinə yönəldir. "Azərbaycan-2020: Gələcəyə baxış" konsepsiyası da Azərbaycan dövlətinin sosial bazar fəlsəfəsinə sadiq qalacağını və sərt bazar qanunları ilə sosial rifah arasında tarazlığı qoruyacağına əminlik yaradır. Azərbaycan keçid dövrünü başa vuraraq bazar münasibətlərini tam bərqərar etmişdir. Lakin qlobal miqyasda baş verən kataklizmlər dövlətin sosial rifahı halının yüksəldilməsi məsələsini daim diqqət mərkəzində saxlamasını zəruri edir. Hətta son qlobal böhran da tam bazar iqtisadiyyatı qurmuş Azərbaycanda sosial rifah halının pisləşməsinə səbəb ola bilmədi. Hansı ki, sosial yönümlü bazar iqtisadiyyatı qurmuş bəzi ölkələrdə böhran əhalinin sosial rifah halına mənfi təsirini buraxmaqdadır. Azərbaycanda isə sosial bazar münasibətləri qurulduğundan və rasional iqtisadi siyasət aparıldığından əhalinin sosial vəziyyəti qlobal böhran zamanı nəinki pisləşmir, hətta yaxşılaşmaqda davam edir.

Bu konfrans bir daha Azərbaycan dövlətinin humanist xarakterini açmaqla, onun sosial bazar iqtisadiyyatı quruculuğunda əldə etdiyi nailiyyətlərin əyani şəkildə göstərilməsinə imkan yaradır.  

 



 

: 894