| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İsrail-Azərbaycan əlaqələri müasir regional geosiyasət kontekstində

2009-06-19 13:53:00

19 iyun 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Müzakirələr üçün toplantılar” layihəsi çərçivəsində "İsrail-Azərbaycan əlaqələri müasir regional geosiyasət kontekstində” mövzusunda üçüncü görüş keçirilmişdir. Tədbirə İsrailin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Artur Lenk dəvət edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru Elxan Nuriyev tədbiri giriş sözü ilə açaraq, İsrailin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Artur Lenki iştirakçılar adından salamlamış, Mərkəzin dəvətini qəbul edib gəldiyi üçün təşəkkürünü bildirmiş, onun əsas məruzəçi kimi çıxış edəcəyini qeyd etmişdir.Elxan Nuriyev giriş sözündə tədbir iştirakçılarını İsrail-Azərbaycan münasibətlərinin tarixi, başlıca iqtiqamətləri, hazırkı durumu və perspekrivlərinə dair ümumi məlumatla tanış etmişdir.
O, Azərbaycanın dövlət müstəqilliyini əldə etdikdən sonra İsrail və Azərbaycan arasındakı qarşılıqlı, çoxşaxəli münasibətlərin qurulduğunu, iqtisadi əməkdaşlığın intensiv inkişaf etdiyini vurğulayaraq, hazırda İsraildə istifadə olunan neftin 20 %-nin Azərbaycanın payına düşdüyünü nəzərə çatdırmişdır. Elxan Nuriyev iştirak edənlərə səfirin çıxışından sonra onları maraqlandıran suallarla müraciət etməyi, müzakirələrdə fəal iştirak etməyi tövsiyə etmişdir.
Səfir Artur Lenk öz məruzəsinə, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəvətini böyük məmnüniyyətlə qəbul etdiklərini qeyd etməklə başlamışdır. Artur Lenk Mərkəzdə bu tədbirin xüsusilə İsrail prezidentinin Azərbaycan Respublikasına tarixi səfəri ərəfəsində təşkil olunmasını, buna görə də hər iki ölkənin və bütün dünyanın siyasi gündəmi üçün maraq və əhəmiyyət kəcb etdiyini vurğulamışdır.
Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətləri yalnız iqtisadi faydaya deyil, həm də ənənəvi tarixi-mədəni köklərə əsaslanır. Bizim xalqlarımız tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdirmişdir.Əsrlər boyu yəhudilər burada yaşamış və özlərini bərabərhüquqlu vətəndaşlar kimi hiss etmiişlər. Azərbaycanın yəhudi icması özünü bu xalqın, cəmiyyətin ayrilmaz tərkib hissəsi hesab edir, ölkə həyatının bütün sahələrində fəal iştirak edir.
Azərbaycan torpağında heç zaman milli-etnik dözümsüzlüyə və ya bəzi postsovet ölkələrində müşahidə olunan antusemitizm təzahürlərinə yer olmamışdır.Bir sözlə desək, Azərbaycanın timsalında bütün dünya görə bilər ki, müsəlmanlarla yəhudilər necə dostluq münasibətləri qura bilərlər və bu munasibətlər digər müsəlman dövlətləri üçün nümunə ola bilər.
Bu baxımdan İsrail dövlətinin Azərbaycanla əməmkaşlıqda maraqlı olmasını təkcə bu ölkənin zəngin enerji resursları, strateji geosiyasi vəziyyəti yaxud digər sırf iqtisadi amillərlə səciyyələndirə bilmərik.
Artur Lenk Azərbaycanda dövlət müstəqilliyi əldə edildikdən sonra, konkret olaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə qarşılıqlı münasibətlərin daha da yüksələn xətlə davam etdiyinə diqqəti cəlb etdi. İkitərəfli siyasi və iqtisadi əməkdaşlığın əsaslarının isə 1998-ci ildə hazırda İsrail dövlətinin baş naziri olan Benyamin Hetanyahunun Azərbaycan paytaxtına qısamüddətli səfəri zamanı müəyyən edildiyini xatırlatdı.
Azərbaycan-İsrail münasibətlərinin bu günkü inkişaf məsələlərinə toxunan səfir onların çoxşaxəli istiqamətlər üzrə getdiyinə diqqəti cəlb etdi. Bu sahədə təbii ki, iqtisadi əmək daşlığın daha geniş miqyaslı olduqunu qeyd etdi. Bu ilin may ayında paytaxt Təl-Əvivdə qarşılıqlı münasibətlərin tarixində ilk dəfə olaraq Azərbaycan-İsrail biznes forumunun keçirildiyini xüsusi vurğuladı.
Azərbaycan Şərq ölkəsi olmaqla bərabər Qərbə inteqrasiya kursunu həyata keçirdiyi üçün özündə bütün dəyərləri sintez edən demokratik dövlətdir. Azərbaycan keçmişə deyil,gələcəyə baxan, modernləşmə siyasətini həyata keçirən ölkədir.İsrail səfiri öz çıxışında mövcud iqtisadi əməkdaşlığın müxtəlif sahələri, qarşılıqlı əlaqələrin intensiv inkişafı barədə aydın təsəvvür yaratmaq üçün statistik rəqəmlərə əsaslanan məlumatları səsləndirdi. Səfirin sözlərinə görə, İsrail-Azərbaycan arasında əməkdaşlığın əsas prioritet istiqamətləri – kənd təsərrüfat, su resurslarının istifadəsi və tənzimlənməsi, tibb və yüksək texnologiyaların istehsalı sahələridir.
Səfir iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərindən sonra daha da inkişaf edəcəyinə, İsrail-Azərbaycan münasibətlərinin tarixində ilk dəfə baş verəcəyini nəzərə alaraq, yeni səhifənin açılacağına və keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyulacağına əmin olduğunu bildirdi.Həm də bu səfərdən sonra İsraildə Azərbaycan dövlətinin də öz səfirliyini açacağına və ilk səfirini təyin edəcəyinə böyük ümidlər bəslədiyini vurğuladı.
Artur Lenk çıxışını bitirdikdən sonra tədbir iştirakçılarının ona ünvanlanmış çoxsaylı suallarını cavablandırdı.
Suallar qarşılıqlı münasibətlərin çoxşaxəli istiqamətlərini əhatə edirdi. Buraya: Azərbaycan-İsrail münasibətlərinin perspektivləri, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli, İsrail-Fələstin münaqişəsi, Azərbaycan və İsrail diaspora larının qarşılıqlı faydaya əsaslanan strateji əməkdaşlığı, İranda keçirilən prezident seçkiləri və bu ölkənin nüvə silahına malik olmaq yönündə səyləri aspektində İsrailə olan təhdidlər, İsrail parlamentində qondarma "erməni soyqırımına” dair müzakirələri təşkil etmək cəhdləri, təhsil sahəsində ikitərəfli mübadilə proqramları və s. mövzularını əhatə edən, geniş maraq oyadan sualları qeyd etmək vacibdir.
İsrail-Ermənistan, İsrail-Azərbaycan ilə bağlı sualı cavablandıraraq, cənab səfir qeyd etdi ki, təmsil etdiyi ölkənin Azərbaycanla olan əlaqələri, Ermənistanla olan əlaqələri ilə hətta müqayisə oluna bilməz. Bizim Azərbaycanla daha sıx və yaxın əlaqələrimiz mövcuddur. Bunu belə bir fakt sübut edir ki, "İsrail dövlətinin Azərbaycanda səfirliyi mövcuddur, Ermənistanda isə İsrail səfiri akkreditə olunmamışdır. Münasibətlərin dəyərləndirilməsi və müqayisəsi üçün bu ən gerçək və doğru cavabdır.”
İranın nüvə silahı yaratmaq səyləri və uranın zənginləşdirilməsi proqramı ilə bağlı sualı cavablandıran səfir qeyd etdi ki, İranın nüvə silahı əldə etməsi təkcə İsrail üçün yox, bütün dünyaüçün təhlükə törədir. Bu məsələ dünya birliyinin qlobal təhlükəsizliyi, sülh və sabitliyi üçün ən ciddi təhlükədir. İranda keçirilmiş prezident seçkilərinə toxunan Artur Lenk qeyd etdi ki, İsrail üçün önəmli olan bu seçkilərin İranın dünya birliyi ilə münasibətlərinə necə təsir edəcəyi, kimin prezident olması deyil, seçilən prezidentin siyasətə üstünlük verəcəyi: qarşıdurmanı davam etdirəcəyi yoxsa beynəlxalq birliyin etibarlı üzvü olmağa qərar verəcəyindən, xarici siyasətdə yeni yanaşmanı tətbiq edib-etməyəcəyindən və s. amillərdən asılıdır.
İsrail–Fələstin münaqişəsinin həlli və münasibətlərin gələcəyi ilə bağlı sualı cavablandıraraq, cənab səfir qeyd etdi ki, İsrailin mövqeyi bu məsələdə çox aydındır. O, baş nazir Benyamin Netanyahunun son bəyanatını xatırladaraq,”iki millət,iki dövlət” prinsipi üzrə bir-biri ilə qonşuluq şəraitində yaşayacaq İsrail və Fələstin dövlətlərinin mövcudluğuna tərəfdar olduqlarını vurğuladı.
Dağlıq Qarabağ ilə bağlı sualı cavablandıraraq, cənab səfir qeyd etdi ki, İsrail münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir. O qeyd etdi ki, İsrail dövlətlərin ərazi bütövlüyünə hörmət edir.
Azərbaycan və İsrail diasporalarının qarşılıqlı faydaya əsaslanan strateji əməkdaşlığı, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində onların qarşılıqlı fəaliyətinin nə kimi töhfələr verə biləcəyinə dair səfirə verilən sual təbii olaraq daha çox maraq doğurdu.
Artur Lenk cavabında bildirdi ki, Azərbaycan rəhbərliyi İsrailə Azərbaycandan gələn yəhudiləri təsadüfən "Azərbaycan diasporası” adlandırmır. Bunun obyektiv səbəbləri mövcuddur. Çünki bu ölkə ilə bağlı hər şey onlar üçün doğmadır.Bu böyük qüvvədir. Digər məsələyə müraciət etsək, məsələn, məlum "907-ci düzəlişin” dondurulmasında bilidiyiniz kimi Amerikanın yəhudi lobbisi mühüm rol oynamışdır. Bu istiqamətdə daha fəal movqe tutmaq da hər iki ölkənin qarşılıqlı səylərindən asılıdır.
İsrail parlamentində-Knessetdə qondarma "erməni soyqırımına” dair müzakirələri təşkil edilməsi cəhdlərinə və onun tanınması ehtimalına dair suala da səfir faktlarla cavab verdi.O qeyd etdi ki, bu gün İsrail demokratik dövlətdir.Bütün demokratik ölkələrdə olduğu kimi parlamentin müzakirəsinə istrənilən məsələ çıxarıla bilər.Lakin bu o demək deyil ki, həmin məsələlərin hamısı öz rəsmi təsdiqini tapa bilər. Bu cəhdlərin tarixi hələ İsrailin ilk baş naziri David Ben Qurionun dövrünə gedib çıxır. Bir daha İsrail dövlətinin rəsmi mövqeyini burada vurğulamaq istərdim: "Bəşər tarixində heç bir genosid-soyqırım Holokost kimi unukal bir hadisə ilə müqayisə belə oluna bilməz”.
Sonra İsrail səfiri iki dövlət arasında təhsil proqramlarının mübadiləsi ilə bağlı sualı cavablandıraraq, cənab səfir qeyd etdi ki, bu gün bizim ölkələrimiz arasında təhsil proqramları mövcuddur və azərbaycanlı tələbələr İsraildə, israilli gənclər isə Azərbaycanda təhsil alırlar və ala bilərlər.
Tədbirin sonunda səfir Artur Lenk belə görüşün təşkil olunmasından çox məmnun qaldığını, qarşılıqlı müzakirələrin iki ölkənin bir-birini daha yaxşı tanımağa və anlaşmaya xidmət eydiyini qeyd etdi.Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev yekun sözü ilə İsrailin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Artur Lenkə iştirakçılar və şəxsən öz adından təşəkkür etmiş, maraqlı məruzəsinə və çoxsaylı suallara cavab verdiyinə görə minnətdarlığını bildirmişdir.


 

: 1604