| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Strateji təhlil” jurnalının növbəti sayı çapdan çıxmışdır

2015-05-18 14:55:45

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan “Strateji təhlil” jurnalının 2015-ci il üçün 1-ci sayı işıq üzü görmüşdür (www.stj.sam.az; https://www.facebook.com/pages/Strateji-Tehlil-Jurnal%C4%B1/216786551728479).

 Jurnalın redaksiya heyətinin sədri akademik Ramiz Mehdiyevdir.

 

“Strateji təhlil” jurnalının 1(12)-ci sayının “Milli inkişafın strateji prioritetləri” adlı  birinci bölməsində  XIX əsrin sonu - XX əsrin əvvəllərində dünya siyasət arenasında cərəyan edən proseslər kontekstində  Osmanlı imperiyasının mövcud durumu, I Dünya müharibəsinin başlanması ilə erməni daşnaklarının və erməni kilsəsinin fəallaşması, müharibəyə qatılmamışdan əvvəl Osmanlı dövlətinə qarşı silahlı dəstələrin hazırlanması planları, Erməni təşkilatlarının məqsədi, dinc türk-müsəlman əhalinin kütləvi surətdə öldürülməsi, ermənilərin azərbaycanlılara məxsus torpaqlarda yerləşdirilməsi, işğal edilmiş türk torpaqlarına ermənilərin yiyələnmə istəklərinə çarizmin münasibəti, Osmanlı dövlətinin gördüyü qanuni təhlükəsizlik tədbirləri, həmçinin XX əsrin sonlarında Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı və onun ölkəmizin sosial-iqtisadi inkişafına təsirləri, bu günün beynəlxalq dil seçimi və s. mövzular ətraflı şəkildə təhlil edilmişdir.  

 

Bu bölmədə millət vəkili, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlının “Erməni silahlı dəstələrinin hazırlanması və fəaliyyətləri (1914-cü il avqust – 1915-ci il aprel)”, millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoruAydın Mirzəzadənin “Azərbaycan Respublikasının sosial və iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə Ermənistanla münaqişənin təsiri” və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayevanın “Azərbaycanda beynəlxalq dillərin işlədilməsi” adlı məqalələrində qeyd edilən məsələlər ətraflı və sistemli şəkildə araşdırılmışdır.

 

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi “erməni məsələsi” kontekstində” adlı ikinci bölmədə  Azərbaycan  Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Lətifə Əliyevanın “Ermənilər tərəfindən soyqırıma məruz qalmış Azərbaycan qadınları (1918-1920-ci  illər)”, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Humanitar fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Füzuli  İbrahimzadənin “Behbud Şahtaxtinski və “erməni məsələsi””, BDU-nun tarix fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahovun “Osmanlı dövlətinin 24 aprel 1915-ci il tarixli “Təhcir qanunu”nun tarixi və siyasi aspektləri haqqında”, AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi Esmira Orucovanın “Xocalı soyqırımı: əsir, girov, itkin problemi” adlı məqalələrində ölkə elmi üçün daima aktual olan soyqırımı, “erməni məsələsi” kimi mövzular həm tarixi, həm də müasir dövr prizmasından ətraflı təhlil edilmiş, arxiv materiallarına, xarici və yerli alimlərin, ekspertlərin əsərlərinə istinad edilərək ermənilərin uydurduğu saxta tarix və yalanlara münasibət bildirilmişdir.


Jurnalın “Xarici siyasət və beynəlxalq münasibətlərin aparıcı meyilləri” adlı üçüncü  bölməsində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin məsləhətçi-eksperti Nurlan Əliyevin “Qara dəniz regionu: müasir geosiyasi vəziyyət” adlı məqaləsi yer almışdır. Məqalədə həm zəngin təbii ehtiyatları, həm də strateji dəhliz olması baxımından olduqca vacib geosiyasi ərazilər kimi qeyd olunan Qara dəniz və onunla sıx bağlı olan Xəzər regionları müasir güc mərkəzlərinin geosiyasi maraqları baxımından ətraflı təhlil edilmişdir. Regionun geosiyasi mənzərəsini daha aydın əks etdirmək, mövcud və gözlənilən meyilləri aydınlaşdırmaq üçün  bu mənzərənin bir-biri ilə sıx bağlı olan ayrı-ayrı hissələrinin - iqtisadi, siyasi, təhlükəsizlik və hərbi aspektlərinin  sistemli təhlili aparılmışdır.


“Müasir dövlət quruculuğu” adlı dördüncü bölmədə AMEA Fəlsəfə və Hüquq İnsitutunun böyük elmi işçisi, sosiologiya üzrə fəlsəfə doktoru Səadət Məmmədovanın “Dövlətin sosial siyasətinin həyata keçirilməsində sosial institutların rolu”, Azərbaycan Turizm və Menecment Universitetnin dissertantı Anar Fərmayılovun “Turizmin inkişafı Azərbaycan xalqının sosial rifahının yüksəlməsi aspektində”, AMEA Naxçıvan Bölməsinin doktorantı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Vüqar Rəhimzadənin “KİV-in fəaliyyətinin hüquqi tənzimlənməsinə nəzəri-politoloji baxış” adlı məqalələri yer almışdır.

 

“Xarici  siyasət və diplomatiya tarixi mənbələrdə”adlı beşinci bölmədə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru  Tahir Cəfiyevin “XV–XVI əsrlərdə Azərbaycanın türk dövlətləri ilə diplomatik əlaqələri tarixindən”, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz  Ağalarovun “XVII əsrin əvvəllərində Azərbaycan Səfəvi imperiyası ilə Şərq ölkələri arasında diplomatik əlaqələrə dair”, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ramil Ağayevin “Azərbaycan türkləri haqqında məlumatlar Yəmən hökmdarlarına həsr olunmuş yazılı mənbələrdə” adlı məqalələri öz əksini tapmışdır.

 

Jurnalın “Azərbaycan Respublikasının hüquq və qanunvericilik sistemi” adlı sonuncu – altıncı bölməsində hüquq üzrə fəlsəfə doktoru Nəsir Hüseynovun “Hərbi xidmət əleyhinə olan cinayətlərin sistemi” adlı məqaləsi verilmişdir.

 

Məlumat üçün qeyd edək ki, yerli və xarici ölkə ekspertlərinin aktual mövzularda məqalələrinin dərc edildiyi “Strateji təhlil” jurnalının artıq internet səhifəsi (www.stj.sam.az), elektron poçtu (strateji_tehlil@sam.gov.az) və “Facebook” səhifəsi (https://www.facebook.com/pages/Strateji-Tehlil-Jurnal%C4%B1/216786551728479) fəaliyyət göstərir.


StratejiTehlil-12.pdf




 

: 1340