| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Strateji təhlil” jurnalının növbəti sayı çapdan çıxmışdır

2015-10-13 08:51:04

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan “Strateji təhlil” jurnalının 2015-ci il üçün 2-ci sayı işıq üzü görmüşdür.  

Jurnalın redaksiya heyətinin sədri akademik Ramiz Mehdiyevdir. 

“Strateji təhlil” jurnalının 2(13)-ci sayının “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi “erməni məsələsi” kontekstində” adlı birinci bölməsində Birinci Dünya müharibəsi dövründə "erməni məsələsi"nin inkişaf xronikası, erməni millətçiliyinin geosiyasi baxımdan genişləndirilməsi,erməni mühitində etnik ərazini süni şəkildə genişləndirmək məqsədilə yeni ərazilər əldə etmək meyillərinin  total xarakter alması, Andranik və digər erməni rəhbərlərinin baxışlarında “bölünmüş ölkə”, “parçalanmış xalq” miflərinin formalaşması və onun təzahürləri, erməni silahlı dəstələrinin yaradılması, ermənilərin Qafqaz ərazilərinə gəlməsinə dair səbəblərin və faktorların retrospektiv tarixi təhlili, erməni milliyyətçiliyinin geosiyasi baxımdan geniş yayılmasının tarixi kökləri və bu prosesi formalaşdıran amillərin Dağlıq Qarabağ münaqişəsinin yaranmasına göstərdiyi mümkün təsirlər, uzanan münaqişələr kontekstində bu və ya digər şəkildə formalaşan kollektiv yaddaşın insanlarda güclü emosiyaları yaratmaqda fərdi yaddaşı üstələyə bilməsi, hətta münaqişə haqqında ağrılı xatirələri olmayan şəxslər arasında güclü emosiyaların yaranmasına səbəb olması, postmodern və ənənəvi müharibə modellərinin nəzəri aspektləri, müharibələrin transmilliləşməsi, demilitarizasiyası, hərbi-siyasi məqsədlərə nail olmağın daha səmərəli və perspektivli vasitəsi kimi informasiya üstünlüyü faktorunun əhəmiyyətinin artması, hərbi əməliyyatlarla bağlı verilən sanksiya-qərarların “ikili standartlar” siyasətinə tabe etdirilməsivə s. mövzular ətraflı təhlil edilmişdir.  Bu bölmədə AMEA Tarix İnstitutunun aparıcı elmi işçiləri, tarix üzrə fəlsəfə doktorları İlqar Niftəliyev, Nigar Gözəlova və AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovun "General Andranikin bir müsahibəsi haqqında" (rus dilində), Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Beynəlxalq əlaqələr sektorunun rəhbəri Mustafa Qurbanlının "Erməni millətçiliyinin geosiyasi ekspansiyası Dağlıq Qarabağda silahlı münaqişənin yaranmasının əsas amili kimi" (rus dilində), Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) baş elmi işçisi, psixologiya üzrə fəlsəfə doktoru Rauf Qaragözov və Bakı Dövlət Universitetinin professoru, psixologiya üzrə elmlər doktoru Rəna Qədirovanın "Ağrılı kollektiv yaddaş və Qarabağ münaqişəsinin mənfi affekti" (rus dilində), fəlsəfə doktoru, professor Bəbir Quliyevin "Postmodern mərhələnin müharibələri: nəzəri izahı, tətbiqi və perspektivləri" adlı məqalələri yer almışdır.   

Jurnalın “Xarici siyasət və beynəlxalq münasibətlərin aparıcı meyilləri” adlı ikinci  bölməsində SAM-ın elmi işçisi Elnarə Qəribovanın  "Avropa - böyük illüziya? Milli dövlətdən postmilli siyasi birliyə doğru" adlı məqaləsində millətin və dövlətin mahiyyətinin dəyişməsi ilə yaranan milli dövlət böhranı Avropa İttifaqı ölkələri nümunəsində və  postmilli/kosmopolit Avropa müxtəlif prizmalarda və s. məsələlər ətraflı təhlil edilmişdir. SAM-ın məsləhətçi-eksperti Nəcibə Mustafayevanın "BMT Təhlükəsizlik Şurasında veto hüququ: hazırkı vəziyyət və islahat perspektivləri" adlı məqaləsində isə BMT Təhlükəsizlik Şurası üzvlərinin və digər üzv dövlətlərin Şuranın işində, o cümlədən mövcud beynəlxalq münaqişələr və hədələr prizmasından veto hüququnda islahat aparılması ilə bağlı mövqeləri öz əksini tapmışdır. 

"Milli dövlət və qlobal geosiyasi məkanın çağırışları"  adlı üçüncü  bölmədə  Azərbaycan Respublikasının İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədovun "Müasir mərhələdə daxili etnik münaqişələrin regional dinamikasının müqayisəli təhlili", filologiya üzrə fəlsəfə doktoru, media eksperti Almaz Mahmudun (Nəsibova) "Avropa Oyunları informasiya qarşıdurması kontekstində", siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayevin "Qərb dövlətlərinin miqrasiya geosiyasəti: reallıq, nəticələr, təhdidlər" adlı məqalələri yer almışdır. Bu məqalələrdə daxili etnik münaqişələrin siyasi və iqtisadi təsirləri, regional dinamikası, Balkan regionu, Yaxın Şərq, Cənub-Şərqi Asiya, eləcə də MDB məkanının bir çox dövlətlərində müşahidə edilən etnik proseslər, İlk Avropa Oyunlarının dünya mediasında əksi, miqrasiya siyasətinin qlobal geosiyasətə transformasiyası, geosiyasi mərkəzlər, “idarə edilən xaos” ssenariləri və onun miqrasiya proseslərinə təsiri,  miqrant fəlakətinin Azərbaycanda əks-sədası, yaxud Ermənistanın riyakarlığı, islam bölgəsi ölkələrinin miqrantlarla bağlı problemə münasibəti və s. məsələlər geniş araşdırılmışdır.

"Qlobal və milli sosial-iqtisadi sistemlərin aktual məsələləri" adlı dördüncü  bölmədə  iqtisad üzrə fəlsəfə doktoru Zaur Vəliyevin "Fiskal siyasətin əsas məqsədi - fiskal dayanıqlıq" adlı məqaləsində fiskal dayanıqlıq konsepsiyası, fiskal dayanıqlığın formaları və qiymətləndirilməsi üçün göstəricilər sistemi, sosial problemlərin həlli baxımından fiskal dayanıqlıq, vergi və büdcə sistemlərinin dayanıqlığı və s. məsələlər araşdırılmışdır. AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun doktorantı Ruslan Əkbərovun "Sosial innovasiya siyasəti: mövcud modellər və Azərbaycan nümunəsi" adlı məqaləsində isə sosial innovasiya siyasətinin əsas anlayışları və göstəriciləri, cəmiyyət üzvlərinin innovasiya proseslərində iştirakı, sosial innovasiyalı cəmiyyət modeli və mövcud beynəlxalq təcrübə, e-dövlət quruculuğundan sosial innovasiya sisteminin yaradılmasına doğru - Azərbaycan reallığı, "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti və s. mövzular tədqiq edilmişdir.

 

Jurnalın "Tarix, fəlsəfə, mədəniyyət: mövqelər, baxışlar" adlı beşinci bölməsində AMEA İnsan Hüquqları İnstitutunun elmi işçisi Moisey Bekker "1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin siyasi təcrübəsi kontekstində millətlərarası dialoq" (rus dilində) adlı məqaləsində arxiv sənədləri və qəzet materiallarına əsaslanaraq 1918-1920-ci illərdə Azərbaycan dövlətinin milli və dini siyasətinin işıqlandırılmasına cəhd göstərmişdir. Ukraynanın M.P.Draqomanova adına Milli Pedaqoji Universitetinin (Kiyev) əməkdaşları Maksim Kolesniçenkonun "Etniklik fenomeninin sosial-fəlsəfi paradiqma diskursunun strukturlaşdırılması: Qərb tədqiqatlarının təcrübəsi" (rus dilində) adlı məqaləsində Qərb ölkələrində sosial-fəlsəfi paradiqmada etniklik məsələləri üzrə müasir elmi diskursun strukturlaşmasına  nəzər yetirimiş,   Konstantin  Sviridovun "Tələbə gənclərin siyasi fəallığı: amillər və prinsiplər" (rus dilində) adlı məqaləsində isə Ukrayna gəncləri və tələbələrinin siyasi fəallığı, onların təşkilatlanma prinsipləri və amilləri təhlil edilmişdir.

 

Jurnalın sonuncu "Rakurs: Yeni nəşrlər" bölməsində siyasi elmlər üzrə fəlsəfə doktoru Xalid Niyazov "Azərbaycan geosiyasətinin mükəmməl elmi-politoloji tədqiqi" adlı məqaləsində tarix elmləri doktoru, professor Əli Həsənovun yeni çap edilmiş “Azərbaycanın geosiyasəti” adlı kitabının ətraflı təhlilini vermişdir.

 

Qeyd edək ki, yerli və xarici ölkə ekspertlərinin aktual mövzularda məqalələrinin dərc edildiyi “Strateji təhlil” jurnalının pdf. versiyasını jurnalın internet səhifəsindən də (www.stj.sam.az) oxumaq mümkündür. 


StratejiTehlil-13.pdf



 

: 1739