| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Strateji təhlil” jurnalının növbəti sayı çapdan çıxmışdır

2016-07-04 11:30:11

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan “Strateji təhlil” jurnalının 2016-cı il üçün ilk sayı işıq üzü görmüşdür.


Jurnalın redaksiya heyətinin sədri akademik Ramiz Mehdiyevdir.


“Strateji təhlil” jurnalının 1-2(15-16)-ci sayının “Milli inkişafin strateji prioritetləri” adlı birinci bölməsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini, iqtisad üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylinin "Multikultural dəyərlər "ilkin" və "sonraki" müxtəliflik prizmasinda", Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədovun "Müasir dövrdə hərbi-siyasi proseslər: mahiyyəti, modelləri və əsas inkişaf meyilləri", Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun "Azərbaycan Respublikasının multikulturalizm siyasətinin onun xarici siyasətinə təsiri" adlı məqalələri öz əksini tapmışdır. Məqalələrdə qərbsayağı multikulturalizmin böhranı və ya məğlubiyyəti ilə bağlı mülahizələr nəzərdən keçirilmiş, "Qoca qitə”də Qərb dəyərlər sistemindən fərqli dəyər daşıyan yeni sakinlərin problemlərinin həllinə Avropa dövlətlərinin liderlərinin münasibəti açıqlanmış, Avropada “ilkin” və “sonrakı” müxtəlifliklərin vəhdəti əsasında birgəyaşayışın vəziyyəti göstərilmiş, fərqli dəyər sistemi dayışıcılarını qəbul edə bilməyən və bununla da multikultural cəmiyyətin gələcəyinə şübhə ilə yanaşan Avropadan fərqli olaraq Azərbaycanda “ilkin” və “sonrakı” müxtəlifliklərin birgəyaşayışına əsaslanan multikultural dəyərlərin böhran yox, intibah yaşadığı, multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrildiyi qeyd edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi olan multikulturalizmin onun xarici siyasətinə təsiri imkanları,  sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələlərində onun dövlət ideologiyasına, dövlət siyasətinə çevrilməsi, Azərbaycan multikulturalizminin beynəlxalq münasibətlər sistemində təzahürü olan “Bakı prosesi”, eyni zamanda həm beynəlxalq  və  dövlətlərarası münasibətlərdə, həm də dövlətdaxili səviyyələrdə baş verən hərbi-siyasi proseslər, onların mahiyyəti, modelləri və əsas inkişaf meyilləri haqqında bu bölmədə yer almış məqalələrdə ətraflı məlumat verilmişdir.


“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" adlı ikinci bölmədə verilmiş AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin "Erməni iddialarının siyasi və mifoloji mahiyyəti" adlı məqaləsində heç bir elmi və hüquqi əsası olmayan erməni iddialarının mifoloji düşüncələr üzərində qurulub möhkəmləndiyi vurğulanır. Qeyd edilir ki, ermənilər öz tarixlərini olduğu kimi deyil, real həqiqətlərdən uzaq, görmək istədikləri kimi yazır və bunun təbliğatını aparırlar. Öz tarixlərini daha da qədimləşdirərək dünya mədəniyyətinin, yazının, astrologiyanın məhz onlar tərəfindən icad edilməsi, müqəddəs dini şəxslərə tək başlarına sahiblənmək istəkləri, tarixin ilk xristian millətinin məhz müsəlman türklər tərəfindən soyqırımına məruz qalması və s. məsələlər erməni iddialarının ana xəttidir. Bütün bunlar bir iddia şəklində xarakterizə olunsa da, əslində bu cür mifologiyaya olan inam erməni kimliyinin bir parçasına çevrilmişdir. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun "Ermənilərin azərbaycanlılara qarşı terroru və soyqırımı:  1905 və 1918-ci il hadisələrinin tarixi paralelləri" (rus dilində) adlı məqaləsində XX əsrin əvvəllərində – 1905 və 1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi qırğın və soyqırımı aktları müqayisəli aspektdə nəzərdən keçirilmişdir. Bildirilir ki, bu hadisələr Cənubi Qafqazın müsəlmanlardan təmizlənməsi və azərbaycanlıların kompakt yaşadığı ərazilərdə erməni muxtariyyəti (daha sonra dövləti) yaratmaq üzrə ermənilərin şovinist siyasətinin tərkib hissəsi idi. Bakı Dövlət Universitetinin müəllimi Arzu Xəlilzadənin "1918-ci il Quba soyqırımı zamani erməni talanları" adlı məqaləsində Quba qəzası kəndlərinin soyqırımı və əhaliyə dəymiş zərər Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əasalanaraq tədqiq edilmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktoru Surə Hüseynovanın "Avropa İttifaqının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində mövqeyi və iştirak perspektivləri" (rus dilində) adlı məqaləsində qeyd edilir ki, Aİ-nin təcavüzkar və təcavüzə məruz qalmış ölkələrin hüquqlarını eyniləşdirmək cəhdi inteqrasiya birliyinin siyasi imici üçün mənfi nəticələrə gətirib çıxara bilər. Bundan başqa, Avropanın təhlükəsizliyinin təmin olunmasında iştirak edən bütün beynəlxalq strukturlardan məhz Aİ beynəlxalq gərginliyin güclənməsinə səbəb olmadan məcburi köçkün düşmüş şəxslərin öz daimi yaşayış yerlərinə qayıtması məqsədilə bufer zonasına nəzarət edən kontingent verə bilər.

 

“Xarici siyasət və beynəlxalq münasibətlərin aparıcı meyilləri” adlı üçüncü bölmədə Azərbaycan Respublikasının Prezidenti yanında Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər üzrə elmlər doktoru, professor Elman Nəsirov və Azərbaycan Respublkası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının dissertantı Xəyal İskəndərovun "NATO-nun transformasiya siyasəti və Rusiya faktoru (1992-1997-ci illər)", AMEA Fəlsəfə İnstitutunun doktorantı Leyla Məmmədəliyevanın "BMT-nin yeni rolu: müasir dövrün paradoksları və təhlükələri kontekstində", AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Moisey Bekkerin "Mühacirlər: Avropa İttifaqının gələcəyi?", Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi Elnarə Qəribovanın "Avropa demokratiyası və Avropada "ictimai məkan" anlayışı", SAM-ın eksperti Flora Məmmədovanın "Nüvə klubu"nun üzvü kimi Böyük Britaniyanın beynəlxalq terrorizmə qarşı mübarizədə rolu", Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru  Samirə İmanovanın "Azərbaycan və Rumıniya parlamentləri arasında münasibətlər (1995-2012-ci illər)" adlı məqalələri verilmişdir. Məqalələrdə “soyuq müharibə”dən sonra Rusiyanın xarici siyasət strategiyası, NATO-nun transformasiya siyasəti və Rusiya faktoru, XXI əsrin reallıqları şəraitində BMT-nin müasir dünyadakı rolunun dəqiq müəyyənləşdirilməsi,BMT-nin müasir mərhələdə rolu ilə bağlı narahatlıqlar, geosiyasi proseslərin mürəkkəbləşməsi fonunda BMT-nin qurtuluşu, Təhlükəsizlik Şurasının beş daimi üzvü və "dördlər qrupu", müsəlman ölkələri BMT üçün yeni ciddi faktor kimi, mühacirlərin Türkiyə və üçüncü dünya ölkələrindən Avropa İttifaqına köçürülməsinin iqtisadi və siyasi səbəbləri, onların yeni cəmiyyətə inteqrasiya mərhələləri, miqrantların əsas kütləsinin yeni sosiumun tərkib hissəsi ola bilməməsi, onların yerli əhali tərəfindən qəbul edilməməsi, Azərbaycanda XIX əsrin sonu XX əsrin əvvəllərində miqrantlarla bağlı vəziyyət Avropadakı indiki qaçqın böhranı vəziyyətinə alternativ kimi və s. məsələlər nəzərdən keçirilmişdir. Bundan başqa, Avropada mərkəzləşmə tendensiyaları, "ictimai məkan"ın inkişafına təsir edən amillər, terrorizmə qarşı mübarizədə Böyük Britaniya təcrübəsi, Rumıniya ilə Azərbaycan arasında parlamentlərarası əlaqələrin qurulması, yeni siyasi reallıqlar mühitində əlaqələrin strateji  tərəfdaşlıq münasibətləri müstəvisində inkişafı və s. mövzular da bu bölmədə yer almış məqalələrdə ətraflı təhlil edilmişdir.

 

"Milli dövlət və qlobal geosiyasi məkanın və çağırışları"  adlı dördüncü  bölmədə siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayevin "Sivilizasiyalararası münasibətlərdə miqrasiya geosiyasətinin təzahürü", Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun doktorantı Amid Əliyevin "Azərbaycan Respublikasının miqrasiya siyasəti milli təhlükəsizlik kontekstində" adlı məqalələrində Qərbi Avropa ölkələrinin miqrasiya siyasəti, müsəlman miqrantlara qarşı münasibət, Azərbaycanın milli təhlükəsizlik sistemi və miqrasiya siyasəti nəzərdən keçirilmiş, "milli təhlükəsizlik" və "miqrasiya" anlayışları təhlil edilmişdir.

 

"Azərbaycan Respublikasının hüquq və idarəçilik sistemi" adlı beşinci bölmədə AMEA Hüquq və İnsan Haqları İnstitutunun dissertantı Nəsir Məmmədovun "Genosid cinayətinə görə beynəlxalq adət norması və onun daxili hüquqda həyata keçirilməsi", Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  Hərbi Akademiyasının dissertantı, hüquq üzrə fəlsəfə doktoru Nəsir Hüseynovun "Tabelik və qarşılıqlı münasibətlərin nizamnamə qaydaları əleyhinə olan cinayətlərdə zorakılıq əlamətləri", AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun doktorantı Orxan Musayevin "İnsan hüquqlarına əməl olunması məqsədləri üçün korporativ məsuliyyət" (rus dilində) adlı məqalələri öz əksini tapmışdır. Məqalələrdə  genosid cinayətinə görə beynəlxalq adət normasının formalaşması və onun daxili hüquqda həyata keçirilməsi, korporativ sosial məsuliyyətin tənzimlənməsində transmilli şirkətlərin fəaliyyəti, transmilli şirkətlər tərəfindən insan hüquqlarının qorunması sahəsindəki təşəbbüslər və beynəlxalq aktlar nəzərdən keçirilmiş, Beynəlxalq Əmək Təşkilatının (BƏT) çoxmillətli müəssisələr və sosial siyasətə dair prinsipləri ilə bağlı Üçtərəfli Bəyanatı və zərərçəkmiş şəxslərin beynəlxalq kvaziməhkəmə rejiminə mümkün müraciət imkanları təhlil edilmişdir.

 

"Tarix, fəlsəfə, mədəniyyət: mövqelər, baxışlar" adlı altıncı bölmədə verilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Rəfail Əhmədlinin "Mirzə Bala Məmmədzadənin mühacirət dövrü ictimai-siyasi baxışlarının səciyyəvi cəhətləri", AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlovanın "1821-1823-cü illərdə Qacarlar İranı və Osmanlı Türkiyəsi arasında hərbi münaqişə" (rus dilində), Ukraynanın M.P.Draqomanova adına Milli Pedaqoji Universitetinin Fəlsəfi antropologiya kafedrasının əməkdaşı Aleksandr Xaxalinin "Zəvvarlığın sinergetik və yevxaristik (adət-ənənəyə söykənən) əsasları" (rus dilində) adlı məqalələrində M.B.Məmmədzadənin Türkiyə və Avropada fəaliyyəti, həmçinin XIX əsrin əvvəllərində Qacarlar İranı və Osmanlı dövləti arasındakı hərbi münaqişə, iki ölkə arasındakı münasibətlərin xarakteri, onların Avropanın aparıcı dövlətləri ilə münasibətləri və sonuncuların Yaxın Şərq bölgəsindəki maraqları, həmçinin zəvvarlığın həyata keçirilməsinin fundamental mexanizmləri təhlil edilmişdir.

 

AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı siyasi elmlər üzrə fəlsəfə doktoru Xalid Niyazovun "KİV, sosial şəbəkələr və informasiya təhlükəsizliyi" adlı yeddinci bölmədə yer almış "İnformasiya azadlığı və informasiya təhlükəsizliyinin bəzi məsələləri milli təhlükəsizlik kontekstində"  adlı məqaləsində informasiya siyasəti və KİV, informasiya “intibabı”, informasiya təhlükəsizliyi söz azadlığının paradiqması kimi, dövlətin informasiya siyasəti və informasiya təhlükəsizliyi, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin elementi kimi və s. məsələlər işıqlandırılmışdır.

 

Jurnalın bu sayında gənc tədqiqatçılar üçün "Gənc tədqiqatçının tribunası" adlı yeni rubrika açılmışdır. Burada Azərbaycan Dövlət İqtisad Universitetinin magistri Azər Həsənlinin "Müasir konyunktur çağırışların fonunda qlobal iqtisadi siyasətdə koordinasiya problemi" adlı məqaləsi verilmişdir. Məqalədə gənc tədqiqatçı qlobal iqtisadi konyunktur və iqtisadi siyasətin koordinasiyası problemləri, beynəlxalq maliyyə arxitekturasında mövcud çağırışlar, qlobal miqyasda pul siyasətində yeni paradiqmalar: valyuta müharibələri və s. məsələlərə aydınlıq gətirməyə çalışmışdır.

 

Qeyd edək ki, yerli və xarici ölkə ekspertlərinin aktual mövzularda məqalələrinin dərc edildiyi “Strateji təhlil” jurnalının pdf. versiyasını jurnalın internet səhifəsindən də (www.stj.sam.az) oxumaq mümkündür.

 

StratejiTehlil-15.pdf



 

: 409