| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

”Strateji Təhlil” jurnalının növbəti sayı çapdan çıxmışdır

2011-12-16 04:21:00

Strateji Araşdırmalar Mərkəzinin Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan "Strateji Təhlil” jurnalının 3-cü sayı nəşr edilmişdir. Jurnalın redaksiya şurasının sədri akademik Ramiz Mehdiyevdir.
Jurnalın "Milli inkişafın strateji prioritetləri” adlı birinci bölməsində Azərbaycanda təhsil sistemin inkişafı, "müasir dövlət” fenomeni və dövlətşünaslıq elminin durumu təhlil edilmişdir. Bu bölmədə professor Şəmsəddin Hacıyevin "Azərbaycanda təhsil yeni inkişaf mərhələsində” adlı məqaləsi və professor Rəbiyyət Aslanovanın "Müasir dövlət” fenomeni və dövlətşünaslıq elmi: mövcud dünya təcrübəsinə yaradıcı və tənqidi yanaşma və bəhrələnmə məsələləri”nə həsr edilmiş məqalələri yer almışdır.
"Xarici siyasət və beynəlxalq münasibətlərdə yeni meyllər və proseslər” adlı ikinci bölmədə Yaxın Şərqdə baş verən inqilablar, Cənubi Qafqazda təhlükəsizlik dilemması, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünün perspektivləri, Azərbaycanın xarici diplomatiyasında ictimai diplomatiya elementləri mövzuları təhlil edilmişdir. Samir Həmidovun "Yaxın Şərqdə  siyasi çevrilişlər və İran”, Şəfa Qasımovanın "Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və Şura üzvlüyünün perspektivləri” və Almaniyanın Vestfaliya-Vilhelm Universitetinin Siyasi Elmlər institutunun doktorantı və əməkdaşı Elnur İsmayılovun "Regional və böyük güclərin Cənubi Qafqazda ikili standartları prizmasında Azərbaycanın xarici siyasəti” adlı məqalələri bu bölmədə yer almışdır.
Jurnalın "Ermənistanın daxili  və xarici  siyasəti. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adlı üçüncü bölməsində Ermənistanda daxili siyasi durum, dövlət siyasətinə erməni diasporunun və lobbisinin təsiri, Ermənistanın Dağlıq Qarabağla bağlı informasiya təbliğatı və siyasəti nəzərdən keçirilmişdir. Bu bölmədə Hatəm Cabbarlının ""Qara Qitə”nin inqilab dalğası və Ermənistan daxili siyasətinin dinamikası” adlı və başqa məqalələr yer almışdır.
Növbəti  "Yeni media: problemlər və həll yolları” adlı bölmədə "Azərbaycanda sosial şəbəkələr  və informasiya təhlükəsizliyi məsələləri” təhlil edilmişdir.
Jurnalın "Azərbaycanın  enerji  strategiyası və beynəlxalq iqtisadi münasibətlər” adlı bölməsində  professor Elşən Hacızadənin "Milli Neft Strategiyasının  imperativləri”, Ramiz Rəhmanovun "Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündən gözləntilər: MDB  ölkələrinin təcrübəsi kontekstində”, Gülmira Rzayevanın "Azərbaycan dövlətinin enerji siyasəti müstəqilliyin iyirminci ildönümündə: nailiyyətlər, məqsədlər və perspektivlər”  adlı məqalələri yer almışdır.
Sonuncu "Gənc tədqiqatçılar”: SAM-ın keçirdiyi müsabiqənin qalibləri” adlı bölmədə İsveçin Lund Universitetinin İqtisadiyyat və idarəetmə məktəbinin doktorantı Abdulla Əlixanovun   "Azərbaycan İqtisadiyyatı: İnkişafa aparan iqtisadi yol” və Mançester Universitetinin magistri Ariz Hüseynovun "Azərbaycan – Rusiya münasibətləri. Müstəqillikdən sonrakı ilk 10 il” adlı məqalələri yer almışdır.  


 

: 360