| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"Caucasus International" jurnalının yeni sayı işıq üzü görmüşdür

2018-01-16 06:01:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan edilməsi haqqında 10 yanvar 2017-ci il tarixli Sərəncam imzalamışdır. Azərbaycan bir çox əsrlər boyu İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. Ölkə, İslam dininin yayılmasında və İslamın intibah dövrünün yenidən qurulmasında mühüm rol oynamışdır. İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun və digər nüfuzlu təşkilatların üzvü olan Azərbaycan Respublikası müsəlman dünyası ilə indiyə kimi qarşılıqlı səmərəli əlaqələr qurmuşdur. Azərbaycan həmçinin bir sıra mühüm qlobal mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir. Azərbaycan dünyada tolerant mühitin formalaşmasına, multikulturalizm və mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun qurulmasına və İslam dəyərlərinin təbliğinə böyük töhfələr vermişdir. 2017-ci ildə Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ölkənin İslam həmrəyliyini gücləndirmək istiqamətində digər addımlar atması üçün səmərəli şərait yaratmışdır. 2017-ci ilin dekabr ayında keçirilmiş "2017-ci il İslam Həmrəyliyi ili: Dinlərarası və Mədəniyyətlərarası Dialoq" mövzusunda konfransın açılış mərasimində Prezident İlham Əliyev vurğulamışdır ki, "İslam dəyərləri milli mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir."



Buna görə də Caucasus International (CI) Jurnalının yeni sayı (Cild 7: No: 2 • Qış 2017) “Islamic Solidarity” (İslam Həmrəyliyi) mövzusuna həsr olunmuşdur. İngilis dilində yayınlanan CI jurnalının cari buraxılışı İslam aləmində həmrəyliyin dəyişən təbiətini eks etdirir. Jurnaldakı məqalələr İslam ölkələrinin qarşılaşdıqları çətinlikləri və bu çətinliklərə qarşı həmrəy  yanaşmanın vacibliyi məsələsini gündəmə gətirmişdir.Müxtəlif ölkələrdən olan müəlliflər Jurnalın hazırkı buraxılışında müsəlman dövlətləri arasında İslam həmrəyliyi kontekstində əsas mövzuları və əməkdaşlıq nümunələrinin çox vacib analizi verməklə yanaşı, Dağlıq Qarabağ və Fələstin münaqişələri, Myanmar və Suriya böhranlarında da İslam həmrəyliyinin olmasının vacibliyinə toxunmuşlar.Müəlliflər eləcə də Azərbaycanla müsəlman ölkələri arasında siyasi, mədəni, iqtisadi və hərbi əlaqələrdən də bəhs etmişlər.



Jurnalda həmçinin Fələstin Dövlətinin səfiri Nəsir Abdul Kərim Abdul Rəhim ilə Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasındakı münasibətlər və Prinston və Kaliforniya Universitetlərinin professoru Riçard Falk ilə BMT-nin Suriya böhranında qüsurlu siyasəti ilə bağlı iki müsahibə yer almışdır. Bəzi məqalələrin əsas fokus nöqtəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmrəyliyin vacibliyi məsələsi olmuşdur. Həmişə olduğu kimi, Jurnalın cari buraxılışında son dövrdə nəşr olunan kitabların rəyi öz əksini tapmışdır.



Jurnalda nəqliyyat məsələlərini əhatə edən mövzudan ibarət kənar iki məqalə də verilmişdir. Çünki, Bakı-Tiflis-Qars dəmir yolunun açılışından sonra Avrasiya qitəsinin nəqliyyat konyukturası dünyada və regionda ciddi müzakirə mövzusu olmuşdur.



Jurnalın məqalələri saytdan aşağıdakı link vasitəsilə pulsuz olaraq və PDF formatında əldə edilə bilər: http://cijournal.az/category/new-issue


Jurnalın əvvəlki sayılarına isə  http://cijournal.az/category/archives saytından daxil olmaq mükündür.


Jurnalın növbəti sayısı "Qafqazda və Dünyada Nüvə Təhlükəsizliyi" mövzusuna həsr ediləcəkdir: http://cijournal.az/

 

Qeyd: Caucasus International jurnalı 2012-ci ildən etibarən Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən nəşr olunur. 



 

: 1110