| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Türkiyə-Azərbaycan əlaqələri müasir regional geosiyasət kontekstində

2009-06-12 17:07:00

12 iyun 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Müzakirələr üçün toplantılar” layihəsi çərçivəsində "Türkiyə-Azərbaycan əlaqələri müasir regional geosiyasət kontekstində” mövzusunda ikinci tədbir keçirilmiş və tədbirə Türkiyənin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç dəvət edilmişdir.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru, siyasi elmlər doktoru Elxan Nuriyev SAM-ın yeni layihəsi çərçivəsində keçirilən silsilə tədbirlər sırasında ikinci olan bu görüşdə Türkiyə səfirinə dəvəti qəbul edib gəldiyinə görə öz təşəkkürünü bildirdi.Elxan Nuriyev qeyd etdi ki, Azərbaycanla onun tarixi strateji müttəfiqi olan Türkiyə arasında münasibətlər yüksək səviyyədə inkişaf edir, bu əlaqələr getdikcə daha da intensiv şəkil alır. Əlverişli strateji mövqeyə, zəngin enerji resurslarına, eləcə də digər sahələrdə əməkdaşlığın tarixən formalaşan böyük potensialına malik olmaq, Azərbaycan-Türkiyə münasibətlərinin dünyanın ən böyük dövlətləri üçün önəmini dəfələrlə artırır. Təbii ki, hər iki dövlət bütün bunlardan faydalanaraq istər region, istərsə də dünya dövlətləri ilə maraqlarının tam qorunması əsasında əməkdaşlıq qurmağa imkan verən və onu inkişaf etdirmək üçün ümumi strategiyaya əsaslanan siyasət həyata keçirməlidir. Belə müzakirələrin məqsədlərindən biri də qarşlıqlı əməkdaşlığın başlıca strateji istiqamətlərinə dair etibarlı mənbələrdən aydın məlumatlar əldə etməkdir.

Elxan Nuriyev həmçinin iki ölkənin qarşılıqlı münasibətlərinə dair prezident İlham Əliyevin konseptual fikirlərini misal gətirdi:" Türkiyə-Azərbaycan əlaqələri çoxşaxəlidir, bunun çox böyük tarixi var. Bizim xalqlarımız qardaş xalqlardır və bu birlik, qardaşlıq, əlbəttə ki, ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir. Bütün dövrlərdə bizim xalqlarımız bir yerdə yaşayıb-yaratmışlar. Bu gün isə iki müstəqil dövlət kimi biz öz imkanlarımızı ortaya qoyaraq, həm ikitərəfli münasibətlərin inkişafı üçün çalışırıq, həm də ki, bölgədə sülhün təmin olunması üçün birgə səylər göstəririk"
Sonra tədbirin moderatoru kimi Elxan Nuriyev, "Türkiyə-Azərbaycan əlaqələri müasir regional geosiyasi kontekstdə” mövzusunda məruzə etmək üçün sözü Türkiyənin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Hulusi Kılıca verdi.
Səfir Hulusi Kılıç tədbir iştirakçılarını salamlayaraq, dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini söylədi. O, öz növbəsində peşəkar diplomat kimi dünyanın bir çox ölkələrində məsuliyyətli vəzifələrdə çalışdığını, Azərbaycada səfir qismində işləməyin isə onun üçün əhəmiyyəti və bu ölkəyə xüsusi münasibəti baxımından bir arzu olduğunu, nəhayət bu arzusunun həyata keçdiyini səmimiyyətlə qeyd etdi.Türkiyə-Azərbaycan arasında əməkdaşlıq və dostluq münasibətlərinin daha yüksək səviyyədə inkişaf etdirilməsi işinə dost dövlətin təmsilçisi kimi öz şəxsi tohfəsini verməyin çox şərəfli ,həm də çətin bir vəzifə olduğunu iştirakçıların nəzərinə çatdırdı.
Hulusi Kılıç ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrinə dair öz fikirlərini təqdim edərək qeyd etdi ki, müasir dünyada dövlətlərarası mübasibətlərdə etibarlı müttəfiq, strateji tərəfdaş münasibətləri qurmaq çox çətin məsələdir. Azərbaycan və Türkiyə münasibətləri bu baxımdan çoxsaylı tarixi sınaqlardan çıxmış və örnək ola biləcək səviyyəsi ilə istisna təşkil edir desək,yanılmarıq.
Əsrlər boyu formalaşmış tarixi-mədəni, iqtisadi,siyasi əlaqələri mükəmməl adlandıran səfir, hərbi sahədə əməkdaşlığı da xüsusi qeyd etmək istədiyini demişdir. O, keçən il Qafqaz İslam Ordusunun yaradılmasının, Azərbaycana gəlişinin və Bakını xilas etməsinin 90 illiyinin qeyd olunmasını xatırlatdı. 1918-ci ildə "xəstə yatağı”nda olan Osmanlı İmperiyası Azərbaycana 8 min nəfərdən ibarət ordu göndərildiyi və 1200-dən çox türk əsgərinin Azərbaycan uğrunda şəhid olduğu hadisələrin Azərbaycan xalqının yaddaşında böyük sayğı ilə yaşadıldığını vurğuladı.
Səfir sözünə davam edərək bildirdi ki,Qarabağ müharibəsi başlananda Azərbaycanın ordusu yox idi, lakin hazırda Azərbaycan Qafqazda və Orta Asiyada ən güclü orduya sahibdir. Azərbaycan ordusu NATO standartlarına uyğunlaşmaqdadır və burada ordunun formalaşmasında Türkiyənin də rolu danılmazdır. "Azərbaycan Qafqazda ən güclü orduya sahibdir. Azərbaycanın gücü bizim gücümüzdür”.
Sonra iki ölkə arasında iqtisadi əlaqələrdən danışan səfir, ticarət dövriyyəsinin 3 milyard dollara çatdığını, Azərbaycanda Türkiyənin 600 şirkətinin çalışdığını, bu rəqəmin daha da artacağını söyləyib. Enerji sahəsində əməkdaşlıqdan danışan Hulusi Kılıç Azərbaycanın Türkiyəyə satdığı qazın satış qiyməti ilə bağlı məsələnin yaxın günlərdə həllinə ümidvar olduğunu bildirib. 2011-ci ildə Bakı-Tiflis-Qars dəmir yolunun işə düşəcəyini deyən diplomat, bu dəmir yolu ilə Pekindən Londona səyahət etmək imkanının əldə olunacağını söyləyib. Humanitar sahədə əməkdaşlıqdan danışan səfir hazırda Türkiyədə 3 min azərbaycanlı tələbənin, Azərbaycanda isə 400-500 türk tələbənin təhsil aldığını deyib. Azərbaycan Türkiyə üçün ən önəmli strateji tərəfdaşdır və iki dövlət arasındakı ticarət, siyasi, iqtisadi, təhsil, səhiyyə, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq getdikcə güclənir
Bütün bunlar Türkiyə və Azərbaycan arasında münasibətlərin sarsılmaz olduğunu bir daha meydana çıxarmaqla yanaşı, iki ölkənin Dağlıq Qarabağ məsələsində də əvvəlki kimi vahid mövqedən çıxış etdiyini əyani nümayiş etdirir.Türkiyə, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyə qədər tutduğu qəti və prinsipial mövqeyini sonadək davam etdirəcəyini, bu xüsusda hətta strateji müttəfiqlərinə heç bir güzəştə getməyəcəyini son hadisələr fonunda bir daha sübut etdi. Türkiyə regional proseslərin Azərbaycanın mənafeyi çərçivəsində cərəyan etməsində maraqlıdır.
Hülusi Kılıc dünyada və regionda baş verən geosiyasi proseslər fonunda, son bir il ərzində baş verən hadisələr gedişində Türkiyənin fəallığının artmasını , beynəlxalq mövqelərinin möhkəmlənməsini tədbir iştirakçılarının diqqətinə çatdırdı.O qeyd etdi ki, Türkiyənin yaxın gələcəkdə beynəlxalq siyasət səhnəsində cərəyan edən proseslərin yönləndirilməsində əsas söz sahiblərindən birinə çevrilə biləcəyi istisna edilmir. BMT-nin Təhlükəsizlik Şurasına üzv qəbul olunması Türkiyə tarixində ilk dəfə baş vermişdir.Belə bir önəmli uğurun qazanılması, səsvermə zamanı Təhlükəsizlik Şurasındakı cəmisi bir boş yer uğrunda mübarizədə Türkiyənin öz digər rəqiblərinə mütləq səs çoxluğu ilə qalib gəlməsi, Türkiyənin beynəlxalq siyasət səhnəsində daha önəmli uğurlar qazanacağını düşünməyə tamamilə əsas verir.
Türkiyə Cənubi Qafqaz böhranının nizamlanması prosesində də xüsusi fəallığı ilə seçilir. Belə ki, Türkiyə bu regional böhranın ortaya çıxdığı ilk anlardan başlayaraq, Cənubi Qafqazda cərəyan edən hərbi-siyasi proseslərə birbaşa müdaxilə etməsi ilə diqqəti çəkdi. Bununla da, Türkiyə çox qısa zaman içərisində Cənubi Qafqaz regionunu xaosa qərq olmaq təhlükəsindən yayındıra bildi.
Regionda yaranan yeni geosiyasi vəziyyətdə Azərbaycan- Türkiyə-Ermənistan münasibətlərinin yeni xüsusiyyətləri, mümkün istiqamətləri tədbir iştirakçılarının səfir Hülusi Kılıca verdiyi sualların içərisində də çoxluq təşkil edirdi.Sualları cavablandıran səfir bildirdi ki, Türkiyənin ümdə məqsədi işğal altında olan torpaqların azad edilməsidir: "Bizi istəməyən dairələr iki qardaş ölkə arasında soyuqluq yaratmaq istədi, lakin baş nazir Rəcəb Tayyib Ərdoğanın səfəri hər şeyi yerinə qoydu. Bütün dünya gördü ki, Türkiyə Azərbaycandan vaz keçməyəcək”. Bütün bunlar Türkiyə və Azərbaycan arasında münasibətlərin sarsılmaz olduğunu bir daha meydana çıxarmaqla yanaşı, iki ölkənin Dağlıq Qarabağ məsələsində də əvvəlki kimi vahid mövqedən çıxış etdiyini əyani nümayiş etdirdi.
Cənab Hulusi Kılıç ona ünvanlanmış: Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli, Türkiyə-Ermənistan münasibətləri, Ermənistanla sərhədlərin açılması, regionda enerji layihələrinin və enerji təhlükəsizliyinin həyata keçirilməsində əməkdaşlıq, Azərbaycan və Türkiyə diasporalarının qondarma "erməni soyqırımı”yönündə strateji əməkdaşlığı,separatizm problemi və türk dünyası mövzularını əhatə edən sualları geniş və əhatəli şəkildə cavablandırdı.
Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı sualı cavablandıraraq, cənab səfir qeyd etdi ki, Azərbaycan torpaqlarının 20 faizi 18 ildir ki, işğal altındadır. Onlar azad olunmayanadək Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Türkiyə bütün dünyaya göstərdi ki, Azərbaycanın maraqlarından imtina etməyəcək. Eyni addımı Azərbaycan da atmalıdır”.
Azərbaycan və Türkiyə diasporalarının qondarma "erməni soyqırımı” yönündə strateji əməkdaşlığın daha yüksək səviyyəyə qadırılmasına dair verilən suala səfir: "Türkiyə və Azərbaycan diasporlarını gücləndirməlidir", - deyə bildirmişdir.O sözünə davam edərək demişdir ki, "Erməni "soyqırımı” problemi arxasında erməni lobbisi, ABŞ və Avropanın erməni diasporu durur. Azərbaycan və Türkiyə iş adamları da belə bir diasporanın yaradılmasına sərmayə qoymalıdırlar. Biz diasporlarımızın gücünü birləşdirməliyik”.Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin kəsilməsi və sərhədlərin 1993-cü ildə bağlanmasının səbəbləri,Yerevan tərəfindən "erməni soyqırımı” iddialarının qəbul etdirilməsi ilə bağlı aparılan antitürk kampaniyası və Azərbaycanın 20% torpaqlarının Ermənistan tərəfindən işğalı, eyni zamanda erməni tərəfinin Türkiyədəki Anadoluya qarşı ərazi iddiası ilə bağlıdır.
Hülusi Kılıc Azərbaycan və Türkiyə diasporalarının daha sıx fəaliyyət göstərməsi yönündə ciddi tədbirlər görüldüyünü nəzərə çatdırmaq üçün dəyirmi masa iştirakçılarına yeni olan bir xəbəri açıqladı.O qeyd etdi ki,bu həftədən etibarən hansı ölkədə Azərbaycanın səfirliyi yoxdursa, orda Azərbaycan vətəndaşları özlərinin problemləri ilə bağlı Türkiyə səfirliklərinə və konsulluqlarına müraciət edə biləcəklər. Bu vacib məsələ ilə bağlı qərarı Türkiyə Xarici İşlər Nazirliyi çıxarıb. Qərarla əlaqədar artıq Türkiyənin bütün səfirliklərinə, konsulluqlarına təlimat göndərilib.Səfirin sözlərinə görə, o, Türkiyə Xarici İşlər Nazirliyinin qərarını iyunun 8-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova təqdim etmişdir.
Müasir dünyada və regionda aqressiv separatizm probleminin beynəlxalq həlli yollarına dair suala cavabında Hulusi Kılıc Türkiyə üçün də aqressiv kürd separatizmindən əziyyət çəkən dövlət kimi bu məsələnin çox aktual olduğunu söylədi.. Türkiyə müasir separatizm mənşəli dondurulmuş siyasi konfiktlərin tənzimlənməsi modeli və mexanizmlərinin təkmilləşməsi yönündə BMT-də Təhlükəsizlik Şurasının üzvü kimi islahatların təşəbbüskarı qismində çıxış edə bilər. Cənubu Qafqazda vahid regional təhlükəsizlik sisteminin formalaşdırılmasında, beynəlxalq siyasi təcrübədə regional münaqişələrin tənzimlənməsi strategiyaları sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verə bilər. Bu müsbət dəyişikliklərin fonunda Azərbaycan - Türkiyə münasibətlərinin hərbi-siyasi və hərbi-texniki istiqamətində, ərazi bütövlüyümüzün təmin olunması yönündə daha böyük uğurların əldə olunması üçün bir sıra mühüm addımların atılması tələb olunur.
Hülusi Kılıc müzakirədən məmnun qaldığını deyərək, Mərkəzin rəhbərinə cənab Elxan Nuriyevə öz dərin təşəkkürünü bildirdi.
Tədbirin sonunda Mərkəzin direktoru Elxan Nuriyev Türkiyə səfirinə maraqlı çıxışına və suallara verdiyi ətraflı cavablara görə minnətdarlığını bildirdi. O müzakirəyə yekun vuraraq belə bir fikri xüsusi vurğuladı ki, Azərbaycan və Türkiyənin Cənubi Qafqaz regionunda iqtisadi və siyasi proseslərin iki ən fəal və potensial aktorları kimi enerji resursları , qlobal siyasətə və təhlükəsizliyə təsir imkanları barədə birgə siyasətin ümumi prinsiplərini müəyyənləşdirməsində bu kimi tədbirlərin əhəmiyyəti böyükdür.


 

: 858