| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyəti Konya Səlcuq Universitetinin rektoru ilə görüşmüşdür

2011-12-02 14:56:00

Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Türkiyədə səfərdə olan nümayəndə heyəti 1 dekabr 2011-ci il tarixində Konya Səlcuq Universitetinin rektoru ilə görüşmüşdür.

Rektor Süleyman Okudan nümayəndə heyətini salamlayaraq Türkiyə ilə Azərbaycanın qardaş ölkə olduqlarını vurğulamışdır. O, Azərbaycan müstəqilik qazandıqdan sonra Bakıya səfər etmiş ilk heyətlərdən birində olduğunu bildirmişdir.

Səlcuq Universitetində 85 min tələbənin təhsil aldığını diqqətə çatdıran rektor deyib ki, bunlardan 1100-u xarici tələbələrdir: "Xarici tələbələr arasında ilk yeri Azərbaycan tutur. Hazırda universitetimizdə Azərbaycandan 260 tələbə təhsil alır. Bunlardan 200 nəfəri universitetə daxil olub, burada ilk kursdan təhsil alanlardır”.

Rektor xatırladıb ki, bu il Azərbaycan və Türkiyənin təhsil qurumları arasında imzalanmış anlaşmaya əsasən azərbaycanlı tələbələrin Türkiyədə ixtisas artırmaları üçün seçilmiş 5 universitetdən biri də Səlcuq Universitetidir: "Azərbaycan tibb, inşaat mühəndisliyi, çevrə düzənləməsi, turizm xidməti ilə bağlı fakültələrdə ixtisas artırmaq üçün daha 60 tələbə göndərib”.

Rektor hazırda universitetdə 11 azərbaycanlı müəllimin dərs keçdiyini açıqlamışdır.

Azərbaycan nümayəndə heyəti adından rektora təşəkkür edən millət vəkili Fazil Mustafa Türkiyə ilə Azərbaycan əlaqələrinin tarixi köklərindən danışmışdır. O bildirmişdir ki, Azərbaycan və Türkiyə strateji araşdırma mərkəzlərinin təşkilatçılığı ilə Türkiyə universitetlərində iki ölkənin münasibətləri, onların gələcək inkişafı ilə bağlı müzakirələrin aparılması təqdirəlayiq hadisədir. Millət vəkili iki ölkənin təhsil müəssisələri arasında əlaqələrin intensivləşməsinin, daimi təcrübə mübadiləsi aparılmasının mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə millət vəkili Fazil Mustafa, "APA Group”un baş direktoru Vüsalə Mahirqızı, SAM-ın aparıcı elmi işçisi Cavid Vəliyev və ATİB-in təmsilçisi Rəşad Rəsullu daxil idi. 



 

: 134