| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

«TÜRKSAM» Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri cənab Sinan Oğanla dəyirmi masa

2009-11-13 16:23:00

 13 noyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Türkiyə-Ermənistan-Azərbaycan münasibətləri çərçivəsində Cənubi Qafqazda mövcud proseslər və onların inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilmişdir.

Milli Məclisin məsul əməkdaşları, Türkiyə səfirliyinin təmsilçiləri, tarixçilər, siyasətşünaslar, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin iştirak etdiyi tədbirdə Türkiyənin tanınmış siyasətşünası, «TÜRKSAM» Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri cənab Sinan Oğan məruzəçi qismində çıxış etmişdir.

"Dəyirmi masa”nı giriş sözü ilə açan SAM-ın direktoru Elxan Nuriyev, Sinan Oğanın Mərkəzdə artıq ikinci dəfə çıxış etdiyini xatırlatdı. Elxan Nuriyev hal hazırda regionda cərəyan edən proseslər haqqında ümumi məlumat verdi. Belə bir dönəmdə iki ölkənin beyin mərkəzləri arasında fikir mübadiləsinin son dərəcə əhəmiyyətli və təqdirəlayiq olduğunu qeyd etdi. O öz növbəsində vurğuladı ki, tədbirin əsas məqsədi, ediləcək məruzə ətrafında son zamanlar bölgədə cərəyan edən proseslərin mahiyyətini aşkarlamaq və bu sahədə iştirakçıların mövqelərini müzakirə etməkdir.

Elxan Nuriyev "Dəyirmi masa”da hazırda analitik və ekspertlərin düşüncəsini məşğul edən başlıca sualını yığcam şəkildə səsləndirdi və qeyd etdi ki, bu günkü müzakirənin sonunda həmin suala qismən də olsa cavab tapılacağına səy göstəriləcəkdir. Sual isə belə səslənir: Regionda baş verən proseslər növbəti bir diplomatiya oyunudur yoxsa yeni geosiyasi təhlükəsizlik sisteminin formalaşması cəhdidir?

«TÜRKSAM» Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri cənab Sinan Oğan öz məruzəsində son zamanlar region dövlətləri, xüsusən də Türkiyə, Ermənistan və Azərbaycan arasındakı siyasi və diplomatik münasibətlərə, Türkiyə - Ermənistan əlaqələrinin qurulması istiqamətində atılan addımlara, Sürixdə (İsveçrə) imzalanmış protokollara və hər iki ölkənin qanunverici orqanları tərəfindən bu sənədlərin ratifikasiyası məsələsinə toxundu. O məruzəsinin böyük bir qismini son dövrdə aktual müzakirə mövzusuna çevrilmiş Türkiyə-Ermənistan yaxınlaşmasının Azərbaycan-Türkiyə dövlətlərinin tarixən formalaşmış dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinə, mümkün təsirlərinə həsr etdi və proseslərə öz münasibətini bildirdi və şərhlərini verdi.

Türkiyəli siyasətşünas Azərbaycanla Türkiyə arasında yaşanmış "bayraq böhranı” məsələsinə də toxunaraq bildirdi ki, ulu öndər Heydər Əliyevin söylədiyi "Bir millət, iki dövlət” şüarını hər iki tərəf unutmamalı, yeni provokasiyalara hazır olmalı, rəqiblərin fitnələrinin qarşısında birgə dayanmaq üçün hər iki dövlətin liderləri yüksək səviyyədə anlaşma nümayiş etdirməlidir.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərində soyuqluğun yaranmasında təkcə Ermənistan ilə Rusiya deyil, həmçinin ABŞ da maraqlıdır. Sinan Oğanın fikrincə, bunun qarşılığında 2010-cu ilin bir çox məsələlərin həlli üçün önəmli il olacağı təqdirdə Azərbaycan və Türkiyə arasında dövlət, hökumət və digər rəsmi, eləcə də qeyri rəsmi səviyyələrdə davamlı olaraq dialoqlar təşkil edilməlidir.

S.Oğan, Türkiyənin ABŞ, Rusiya, Avropa İttifaqı, İran, Suriya, İsrail dövlətləri ilə münasibətlərinə də toxunaraq, bu əlaqələr çərçivəsində regionda yeni diplomatik manevrlərin həyata keçirildiyini, Ankaranın ABŞ-ın məhz 2008-ci ilin avqust hadisələrindən sonra regionda vacib müttəfiq və dayaqlarından biri olmasını tədbir iştirakçılarının nəzərinə çatdırdı. "TÜRKSAM” direktoru, həmçinin ABŞ-ın Əfqanıstana, İraqa və Pakistana qarşı yönəltdiyi siyasəti, regional dövlətlərin enerji sahəsindəki əməkdaşlığı, etnik münaqişələr, beynəlxalq təhlükəsizlik və Azərbaycan geosiyasəti üçün önəmli olan digər bu kimi məsələləri müzakirə mövzusuna çevirdi.

"Cənubi Asiya Layihəsi” barəsində danışan cənab Oğan bildirdi ki, "ABŞ-ın Böyük Yaxın Şərq” layihəsi iflasa uğradıqdan sonra Türkiyə bu sahədə təşəbbüsü ələ almaq qərarını vermişdir. ABŞ Əfqanıstanda məskunlaşmaq və orada mövqeyini gücləndirmək, Rusiyanı, Çini, İranı və müsəlman ölkələri arasında nüvə silahına sahib olan yeganə ölkə-Pakistanı nəzarət altında saxlamaq niyyətindədir. O, qeyd etdi ki, yaxın on il ərzində gərginliyin Yaxın Şərqdən Cənubi Asiyaya keçəcəyi gözlənilir.

Məruzə ətrafında gözlənildiyi kimi son dərəcə maraqlı müzakirələr oldu və cavabı asan olmayan suallar səsləndi. Türkiyəli siyasətşünas iştirakçıların suallarına cavab verdi.

"Dəyirmi masa”ya yekun vuran SAM rəhbəri Elxan Nuriyev səmərəli müzakirə keçirildiyini, tədbirin əvvəlində səsləndirdiyi sualın cavabının müəyyənləşdirildiyini qeyd etdi. Bölgədə baş verənlərin hələlik real və ciddi geosiyasi təhlükəsizlik layihəsi olmaq əvəzinə, növbəti bir diplomatik oyun olduğu barədə iştirakçıların yekdil qənaətdə olduğunu nəzərə çatdırdı.

Tədbirin sonunda cənab S.Oğan keçirilən müzakirədən və iştirakçılarla dialoqdan məmnun olduğunu xüsusi vurğuladı və dəvət olunduğu üçün Mərkəzin rəhbəri Elxan Nuriyevə öz dərin təşəkkürünü bildirdi.



 

: 701