| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında səfərdədir

2015-06-05 12:44:01

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayevanın rəhbərliyi ilə nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına səfəri başlamışdır.


SAM-ın nümayəndə heyəti iyunun 3-də səfər çərçivəsində Krallığın nüfuzlu elmi mərkəzlərindən olan Kral Feysəl Tədqiqatlar və İslam Araşdırmaları Mərkəzində olmuş və Mərkəzin baş katibi Yəhya Mahmud Bin Cüneydlə görüşmüşdür. Görüş zamanı iki ölkənin beyin mərkəzləri arasında əlaqələrin yaradılması, əməkdaşlığın genişləndirilməsi, ümumilikdə Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələri və s. məsələlərlə bağlı faydalı fikir mübadiləsi aparılmışdır. SAM-ın direktor müavini Gülşən Paşayeva xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin tarixi, onun törətdiyi fəsadlar və problemin beynəlxalq hüquq çərçivəsində həlli ilə bağlı ətraflı  məlumat vermiş və münaqişə ilə bağlı sualları cavablandırmışdır. 


Görüşdə SAM-ın eksperti Kamal Qasımov və Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyinin əməkdaşları, həmçinin Kral Feysəl Tədqiqatlar və İslam Araşdırmaları Mərkəzinin Mədəniyyət Məsələləri və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Feysəl bin Səud bin Əbdürrəhman və Mərkəzin dövri nəşrlərindən olan “Əl-Feysəl” jurnalının baş redaktoru Abdullah Yusif Əl-Kuaylit də iştirak etmişlər. SAM-ın nümayəndə heyəti daha sonra Kral Feysəl Tədqiqatlar və İslam Araşdırmaları Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuşdur.


İyunun 4-də Ər-Riyadda Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Diplomatik Araşdırmalar İnstitutunun (DAİ) və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələri: müştərək məsələlər” mövzusunda konfrans keçirilmişdir. Konfransda Krallığın nüfuzlu elmi mərkəzlərinin nümayəndələri, diplomatlar, politoloqlar və tədqiqatçılar iştirak etmişlər.


Tədbiri giriş sözü ilə açan DİA-nın Asiya Araşdırmaları Mərkəzinin direktoru doktor İbrahim Əl-Fəqi azərbaycanlı qonaqları salamlamış və tədbiri açıq elan etmişdir. Daha sonra Diplomatik Araşdırmalar İnstitutunun baş direktoru professor Əbdülkərim Əl-Dəxil və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva çıxış etmişlər.


Konfransın Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinə həsr olunmuş birinci sessiyasında SAM-ın eksperti Kamal Qasımov və DİA-nın Amerika Araşdırmaları Mərkəzinin direktoru, professor Saleh Əl-Rajhi çıxış etmişlər. Tədbirin ikinci sessiyası isə bütövlükdə Dağlıq Qarabağ münaqişəsi və ərəb-islam dünyasının münaqişə ilə bağlı siyasətinə həsr olunmuşdur. Münaqişə ilə bağlı G.Paşayevanın təqdimatı və Kral Feysəl Tədqiqatlar və İslam Araşdırmaları Mərkəzinin tədqiqatlar üzrə direktoru doktor Auad bin Əta Əl-Badinin çıxışı iştirakçılar tərəfindən böyük diqqətlə qarşılanmışdır.


Konfransın sonunda azərbaycanlı mütəxəssislər Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələri, ölkəmizin xarici siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir iştirakçılarının suallarını cavablandırmışlar.



 

: 3252