| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Yaponiya-Azərbaycan əlaqələri müasir regional geosiyasət kontekstində

2009-12-11 16:53:00

11 dekabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Müzakirələr üçün toplantılar” layihəsi çərçivəsində "Yaponiya-Azərbaycan əlaqələri müasir regional geosiyasi kontekstində” mövzusunda növbəti tədbir keçirilmişdir. Tədbirdə Yaponiyanın Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki məruzəçi qismində çıxış etmişdir.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev Azərbaycanla Yaponiya arasındakı münasibətlər barəsində danışaraq qeyd etdi ki, əlaqələr inkişaf edir və Yaponiya şirkətləri ölkəmizdə, əsasən də neft sayəsində aktiv iştirak edirlər.

Yaponiyanın ölkəmizdəki səfiri Masamitsu Oki iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin səviyyəsi barədə iştirakçıları məlumatlandırdı. O, vurğuladı ki, Yaponiya və Azərbaycanın münasibətləri yüksək səviyyədədir. Münasibətlərimizi daha da genişləndirmək və gücləndirmək lazımdır.

Azərbaycanla əməkdaşlığa toxunan səfir iki tərəfli səfərlərin münasibətlərin möhkəmlənməsinə müsbət təsir etdiyini deyib. Azərbaycan Respublikasının Xarici İşlər nazirinin iyunda Yaponiyaya səfər etdiyini xatırladan Masamitsu Oki səfər çərçivəsində energetika məsələləri, bərpa olunan enerji mənbələri məsələlərinin müzakirə olunduğunu qeyd edib. Azərbaycanın inkişaf məsələsinə toxunan səfir bildirib ki, Azərbaycan səylərini əsasən qeyri-neft sektorunun inkişafına yönəltməlidir. Səfir qeyd etdi ki, "Yaponiyaya nisbətən Azərbaycanın bəxti daha çox gətirib – sizin ölkənizdə neft və qaz var. Amma digər mühüm sahəni – kənd təsərrüfatını, ekotexnologiya sahəsini də inkişaf etdirmək lazımdır”

O, həmçinin Yaponiyanın xarici siyasət kursu barəsində danışaraq, ölkəsinin əsas prioritet istiqamətləri barəsində danışdı. Masamitsu Oki Yaponiyanın xarici siyasətinin əsas prioritetləri kimi demokratiya, bazar iqtisadiyyatı, elm və texnologiyanın inkişafı, nüvə silahının qadağan edilməsi, iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində əməkdaşlıq, Əfqanıstan və İraqda münaqişələrin həlli kimi sahələrin adını çəkdi. Səfir qeyd etdi ki, qlobal gücə çevrilən Yaponiya dünyanın inkişafına öz töhfəsini verməyə can atır: "Yaponiya demokratiya, azadlıq, qanunun aliliyi kimi ümumi dəyərləri paylaşmaq üçün digər ölkələrlə əməkdaşlıq edir”.

Azərbaycan və Yaponiya münasibətlərinə toxunan səfir qeyd etdi ki, Azərbaycan və Yaponiya arasında oxşar meyllər mövcuddur. Həm Azərbaycan, həm də Yaponiya həll olunmamış konfliktdən əziyyət çəkir. Azərbaycanın önəminə toxunan Masamitsu Oki vurğuladı ki, Azərbaycan regionda mühüm rol oynayır və Yaponiya-Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf etməkdədir. Yaponiya səfirliyinin Azərbaycanın su təchizatının yaxşılaşdırılması, kənd təsərrüfatı və təhsil sahəsinə dair layihələri dəstəklədiyini deyən səfir perspektiv planda Şəkinin tullantılardan təmizlənməsinə dair layihənin həyata keçiriləcəyini deyib. O hazırda Bakının üç orta ümumtəhsil məktəbində yapon dilinin tədris olunduğunu, tələbə mübadiləsi proqramının həyata keçirildiyini bildirdi.

Nüvə silahının yayılması məsələsinə toxunan səfir qeyd etdi ki, Yaponiya xalqı bu silahdan əziyyət çəkib və rəsmi Tokyo bütün dünyada nüvə silahlarının qadağan olunması prinsipini dəstəkləyir. O, vurğuladı ki, hal-hazırda Şimali Koreyanın və İranın nüvə proqramları çox mühüm məsələdir.
Dağlıq Qarabağ mövzusuna toxunan Masamitsu Oki bildirdi ki, "hazırda ATƏT-in Minsk Qrupu səylərini artırıb və ümidvaram ki, bu səylər yaxın gələcəkdə nəticə verəcək. Yaponiya münaqişənin beynəlxalq hüquq normaları əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması prinsipini dəstəkləyir”.

Tədbirin sonunda cənab səfir görüş barəsində məmnuniyyətini qeyd edərək, Mərkəzin rəhbəri cənab Elxan Nuriyevə öz dərin təşəkkürünü bildirdi.


 

: 1049