Fundamental tədqiqat

Ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru,  Almaz Ülvi Binnətova ölkəmizdə özbək ədəbiyyatının tanınmış tədqiqatçısıdır. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiridir. Özbək ədəbiyyatına dair bir sıra orijinal,samballı tədqiqatların müəllifidir.

Özbək ədəbiyyatının dahi mütəfəkkiri, şair, alim, ictimai xadim Nizaməddin Mir Əlişir Nəvai (1441-1501) şəxsiyyəti və yaradıcılığının aşiqi olan Almaz Ülvi öz yaradıcılığında daima Nəvai irsini araşdırır, yaşadığı dövrün, qələmə aldığı əsərlərin müxtəlif aspektlərini tədqiqata cəlb edir. Əlişir Nəvai iki qardaş xalqın - Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin davamlı inkişafında körpü rolunu oynamaqdadır. Hər iki xalq XV əsrin dahi mütəfəkkiri olan Əlişir Nəvai irsini qoruyur və yaşadır.

 Almaz Ülvi Binnətovanın “Sənətkarın elmi pasportu” seriyasından AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan “Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyasında materiallar bir ideya, fikir istiqamətində, həm də çoxşaxəli istiqamətdə təqdim olunur. Bu da böyük şair, mütəfəkkiri yeni bir prizmadan öyrənməyə xidmət göstərir.

 Kitabın elmi redaktorları akademik, AMEA-nın birinci vitse-prezidenti İsa Həbibbəyli və nəvaişünas, filologiya elmləri doktoru, professor Şöhrət Siracəddinovdur. Kitaba filologiya üzrə elmlər doktoru Ataəmi Mirzəyev, filologiya üzrə elmlər doktoru Yaşar Qasımbəyli, nəvaişünas, filologiya üzrə fəlsəfə doktoru Akif Azalp kimi dəyərli alimlər rəy yazmışlar. Kitaba akademik İsa Həbibbəyli tərəfindən “Azərbaycan nəvaişünaslığının yeni səhifəsi” adlı “Ön söz” yazılmışdır. 

 “Almaz Ülvinin “Əlişir Nəvainin əsri və nəsri” (elmi-filoloji və dini-təsəvvüfi əsərləri) monoqrafiyası Azərbaycan nəvaişünaslığının qiymətli nümunələrindən biridir. Bu sanballı monoqrafik tədqiqat əsərində Əlişir Nəvainin dövrü və həyatı ilə yanaşı, bədii nəsri dərindən, əhatəli şəkildə araşdırmaqla oxuculara təqdim olunur. Azərbaycanda blkə də ilk dəfə məhz Almaz Ülvinin simasında qədim Herat torpaqlarına Əlişir Nəvai, o cümlədən Baysunqur Mirzə, Gövhərşad Bəyim, Sultan Hüseyn Bayqara, Zahirəddin Məhəmməd Babur, Xoca Abdulla Əncari, Əbdürrəhman Cami, Şah Qasım Ənvar və başqa mütəffəkirlərin qəbrlərinə ziyarət edilib. Tədqiqatçı bu sevgini Herat adlı yazısında daha aydın təqdim etmişdir. İnanır ki, Almaz Ülvi Binnətovanın “Əlişir Nəvainin əsri və nəsri” (elmi-filoloji və dini-təsəvvüfi əsərləri) monoqrafiyası Azərbaycanda olduğu kimi, qardaş özbəkistanda da elmi ictimaiyyətin marağına səbəb ola biləcəkdir”(İsa Həbibbəyli)

 “Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyasında “Əlişir Nəvainin dövrü, həyatı və yaradıcılığından səhifələr” adlı hissə ilə başlayır. Burada tədqiqatçı əvvəlcə Nəvainin dövrünü, daha sonra isə keçdiyi həyat yolunu və zəngin yaradıcılığını işıqlandırıb. Bu hissədə diqqəti cəlb edən əsas amil dövrün araşdırılması zamanı paralel olaraq Əmir Əlişir Nəvai dövrünə qədər özbək dilinin – cığatay türkcəsinin keçdiyi yola nəzər salınması faktıdır. Cığatay-türk ədəbiyyatı türk xalqları ədəbiyyatının nəhəng bir qolunu təşkil edir. 

Əmir Əlişir Nəvai şəxsiyyəti – istər Azərbaycan, istərsə də özbək ədəbiyyatı üçün böyük bir zirvə sayılır. Orta əsrlər Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoyan, bütövlükdə böyük bir əsrə təsir göstərən Nəvai şəxsiyyəti və yaradıcılığı tədqiqat işinin əsasını təşkil edir. 

Nəvai həyatını və yaradıcılığını “bütöv bir memuar tablosu” adlandıran Almaz Ülvi monoqrafiyasının növbəti səhifələrində Nəvainin həyat yoluna nəzər salıb və bir-biri ilə ahəng təşkil edən, bir-birinə bağlı olan Nəvai həyatı ilə irsini, dövrü ilə yaradıcılığını geniş şəkildə araşdırıb.

1441-ci il fevral ayının 9-da Xorasan əyalətinin qədim Herat şəhərində zadəgan ailəsində anadan olan Əlişir Nəvainin həyat yolu olduqca maraqlıdır. Atası və babasının Teymurilər sarayında xidmət etməsi sonralar Nəvainin həyatına da təsir edib, o da Teymurilər sarayında tanınmış ictimai xadim kimi fəaliyyət göstərib. Əlişir Nəvainin uşaqlıq və gənclik illəri Hüseyn Bayqara ilə birlikdə keçib. Ölkədə baş verən bir sıra taxt-tac çəkişmələri zamanı Nəvai ailəsi ilə İraqa səfər edib, 1452-ci ildə yenidən Herata qayıdıb və təhsilini burada davam etdirib. Nəvai kimi sənətkarın yetişməsində təhsilin, mühitin rolu böyü olsa da, ən başlıca amil bu şəxsiyyətin hələ uşaq yaşlarında böyük istedada malik olması idi. Şeir yazmağa uşaqlıq illərindən başlamış Nəvai 15 yaşında tanınmış şair kimi ad qazanmağı bacarıb. Ədəbiyyata, şeirə, sənətə olan həvəsi və həyat eşqi bir-birindən qiymətli Nəvai əsərlərinin meydana gəlməsində, müasir dövrdə də sevilməsində və tədqiq olunmasında əsas rol oynayıb. Belə şəxsiyyətin yetişməsində, iki qardaş xalqın ədəbiyyatında silinməz izlər buraxmasında Nəvainin atası və dayılarının, daha sonralar isə onun himayədarı olan, türkcə şeirlər yazan Sultan Əbul-Qasım Baburun və “Qələndər” təxəllüslü şeirlər yazan, Lütfini oxuyub onu özünə örnək almasını təlqin edən Həsən Ərdəşirin də rolları danılmaz faktdır.

“Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyasında “Əlişir Nəvainin əldə edilməyən və yazılmayan əsərləri”, “Əlişir Nəvainin ədəbi təxəllüsləri”, “Ulu Herat”, “Əlişir Nəvai və Azərbaycan”, “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatşünaslığı” kimi yarımbaşlıqlar verilmiş və bu yarımbaşlıqlar haqqında qısa məlumatlar əks olunmuşdur. “Əlişir Nəvainin əldə edilməyən və yazılmayan əsərləri” bölməsində Nəvai yaradıcılığının bizə bəlli olmayan tərəflərinin araşdırılması olduqca dəyərlidir. Tədqiqatçı burada Əlişir Nəvainin bu günə qədər əldə edilməyən əsərlərini mühüm faktlara əsaslanaraq sadalamışdır: 1. İlk iki “Divan”ı - “Bədayəul-bidayə” (1466-1482), “Nəvadirun-nihayə” (1482- 1492); 2. “Zubdətut-təvarix”; 3. “Risaleyi müəmma” (farsca); 4. “Vəqfiyyə” (farsca); 5. “Münşəat” (farsca); 6. “Yusif və Züleyxa”; 7. “Şeyx Sənan məhəbbəti”; 8. “Siyərul-müluk”....

Daha sonra tədqiqatçı Almaz Ülvi Binnətova “Ulu Herat” başlığı altında yazdığı məqalədə Əlişir Nəvai şəxsiyyətinin doğulub, boya-başa çatdığı, yazıb-yaratdığı Herat şəhəri ilə bağlı təəssüratlarını oxucularla bölüşmüşdür: Herat! Qədim Herat! Dahilər yetişdirən Herat! Ulu Herat – dahi Əlişir Nəvainin doğulduğu, fəaliyyət göstərdiyi və vəfat etdiyi şəhər! Ulu Herat – dahi Əlişir Nəvaiyə qol-qanad verən, ona zirvənin yollarını taybatay açan, türkcənin elmini, ədəbi dilini, sənətkarlığını cahanda yer almasına, tarixin yaddaşına, söz-sənət meydanında yer tutmasına səbəbkar olan şair təbli Sultan Hüseyn Bayqaranın doğulduğu və vəfat etdiyi şəhər! Ulu Herat – Nəvai kimi dahilərin ustadım, pirim, şeyxim, qibləgahım – deyə ətəyində namaz qıldıqları Əbdürrəhman Caminin səcdə etdiyi şəhər! Ulu Herat – Şah Qasım Ənvarın sığındığı və bir qarış torpağında ona cənnət məkanın qapılarını açan şəhər!.

Monoqrafiyanın sonunda 2 əlavə cədvəl verilmişdir. Bu cədvəllərdə Ə.Nəvainin təzkirələri - “Məcalisün-nəfais” və “Nəsaimul-məhəbbət” əsərlərində bəhs edilən şairlərin, övliyaların, şeyxlərin siyahısı verilmişdir. Bununla da, oxucu təzkirələr haqqında məlumat alarkən bu cədvəllər sayəsində orada yer alan 459 və 770 şair, şeyx və övliyalar ilə tanış olur.

“Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyası müasir dövrdə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin möhkəmliyini, bağlılığını göstərmək baxımından dahi mütəfəkkir Əlişir Nəvai şəxsiyyətini və yaradıcılığını elmi-ədəbi ictimaiyyətə, Azərbaycan-özbək ədəbi əlaqələrinə dəyərli bir ərməğan, mükəmməl bir mənbədir.

Şəxsiyyətinə və qələminə böyük hörmət bəslədiyim Almaz Ülviyə elm və həyat yollarında uğurlar arzulayıram.

Vüqar Mikayıl oğlu Əhməd

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun

Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, 

filologiya elmləri doktoru, professor

Mənbə:
0
1033
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar