Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar”.

Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:

"Atamın vəsiyyəti vardı. Sözün düzü, mənim atamın qəbrini köçürmək kimi fikirim yoxdur. Çünki biz Laçından atamın qəbrinin üstünə həm torpaq, həm də su gətirib tökmüşük. Məhəbbət Kazımov təkçə Laçın rayonun sənətkarı deyil, o bütün Azərbaycanın sevdiyi bir insandır. Biri var, qəbir mərkəzdə olsun, biri də Laçında. Arada məsafə böyükdür, insanların ziyarətə gəlməsi-getməsi var. Düşünürəm ki, Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar. Məhəbbət Kazımov sənətkardır, bir dənə qəbri olmalıdır, insanlar da onu orada ziyarət etməlidir. Kənddə də atamın xatirəsi ilə bağlı planlarımız var. Köçüb yerləşək, ondan sonra reallaşdıracağıq”.

Rəşid Kazımov Laçına səfər etmək istədiyini də dilə gətirib:

"Tez-tez Qarabağa səfərlər olunur. Mən də getmək istəyirəm. Bəzi yerlərə müraciət edəcəm, Laçına səfərlər olanda bizi də yada salsınlar. Amma hələ Laçında bəzi məsələlər həllini tapmayıb. Hərbidə işləyən şəxslər var ki, onların özü də hələ Laçına getməyi məsləhət bilmir, minalar təmizlənməlidir, tam təhlükəsizlik bərpa olunmalıdır. Bunlar bir az uzun çəkən proseslərdir. Özüm də həsrətdəyəm, qismət olsun, biz də Laçına səfər edək. Laçınla bağlı planlarımız çoxdur. Orada təhlükəsizlik təmin edilib, yaşayış təmin ediləndən sonra biz də hamı kimi burdan köçüb gedəcəyik. Öz elimiz, öz obamız var, biz də getməyəndə daha kim getməlidir? Laçında dövlətin insanları yerləşdirməsi ilə bağlı planları var. Həmin plan məlum olmalıdır ki, görək hərə öz kəndinə gedir, yoxsa ümumi kəndlər yaranacaq. O vaxt xırda-xırda kəndlər çox olub. Gözləyək, görək nə olacaq. Biri var dövlət xətti ilə köçürülənlər, bir də var evi özün tikəsən. Əgər dövlət ev tikərsə, lap yaxşı, kim istəməz ki. Belə bir təklif olsa, qəbul edəcəm. Yox olmasa da, vəsaitim hesabına ev tikəcəyəm”.

Rəşid Kazımov Laçına qayıdandan sonra həmişəlik orada yaşayacaqlarını açıqlayıb:

"Bakıda işlərim var, arada gəlib-gedəcəyəm. Amma məkan olaraq Laçında olacağıq”.

Mənbə:
0
182
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar