Fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları işini “Cənub Qaz Dəhlizi və yaşıl enerji üzrə Nazirlər sessiyası”, "Cənub Qaz Dəhlizi": Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və "Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla davam etdirib.
Nazirlər sessiyasında açılış nitqi ilə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası ilə yanaşı, Yaşıl Enerji Məşvərət Şurasının fəaliyyətə başlamasının təbii qazla bərabər, yaşıl enerjinin də ölkəmiz üçün prioritet olduğunu təsdiqlədiyini deyib. Azərbaycanın enerji təchizatında region ölkələri və Avropanın etibarlı strateji tərəfdaşı olduğunu vurğulayan nazir deyib: “2023-cü il həm Cənub Qaz Dəhlizi, həm də Xəzərin yaşıl enerjisinin Avropaya ötürülməsi ilə bağlı fəaliyyətimizdə həlledici ildir. 2022-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükü 11,4 milyard kubmetrə çatdırıldı. Qaz tədarükünün 2027-ci ilə qədər iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması üçün infrastruktura və apstrimə investisiya ilə bağlı qərarlarımızı tezləşdirməli, vaxt itirmədən bütün pay sahibləri mövqelərini konsolidasiya etməli və dəhlizin hərtərəfli şaxələnmə ilə genişləndirilməsinə başlamalıyıq. Bu gün mənbəyi Azərbaycan olan yaşıl enerji dəhlizinin yaradılması da strateji prioritetimizdir. Ötən ilin dekabrında Avropa Komissiyasının siyasi dəstəyi ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Xəzərin Avropaya yaşıl enerji ilə birləşdirilməsi üzrə tarixi addım atdılar. XXI əsrin yaşıl enerji dəhlizi olmağa iddialı bu marşrutla ikin mərhələdə 3-4 QVt-lıq yaşıl enerjinin ötürülməsi nəzərdən keçirilir. Xarici enerji şirkətləri ilə 25 QVt-dan çox yaşıl enerji layihələri üzrə əməkdaşlığımız imkan verir ki, Azərbaycan yaxın gələcəkdə Avropa üçün yaşıl enerjini və hidrogeni də təchiz edən mühüm və etibarlı tərəfdaşa çevrilsin”.
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz çıxışında bunları deyib ki, TANAP-ın Cənub Qaz Dəhlizinin əsas komponenti kimi birgə əməkdaşlığımızın konkret nümunəsi olduğunu deməyə ehtiyac yoxdur. “Bu dəhliz ortaq hədəfin ölkələri birləşdirə biləcəyini göstərir. Bütün bu nəhəng layihələr sıx əməkdaşlıq sayəsində səmərəli şəkildə həyata keçirilməkdədir. Bu dəhlizin reallaşdırılması və Avropaya kommersiya qazının axınının təmin edilməsi xüsusilə bu hədəfə çatmaq üçün önəmli bir addımdır. Qaz həcmini artırmaq üçün əlavə ehtiyatlara və mənbə ölkələrinə ehtiyac var. Bu kontekstdə biz regionumuzun rifahı naminə Azərbaycan və Türkmənistanla əməkdaşlığı inkişaf etdirməyə hazırıq”, - deyə o qeyd edib.
İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratin bildirib: “Xəzər regionunun enerji resurslarının potensialı perspektivdə də enerji siyasətimiz üçün vacib rol oynayır. Yeni uzunmüddətli təchizat müqavilələri vasitəsilə Avropa İttifaqına qaz tədarükünün 2027-ci ilə qədər ən azı 20 milyard kubmetrə çatdırılması üçün Cənub Qaz Dəhlizinin tutumunun artırılacağına ümid edirik. Bunun, sadəcə, istehlakçılar və tranzit ölkələr üçün deyil, həm də istehsalçı ölkələr üçün önəmli perspektiv olduğuna inanırıq”.
ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxman çıxışında ABŞ-Azərbaycan tərəfdaşlığının regional enerji əməkdaşlığı və təmiz enerjiyə keçid vasitəsilə enerji təhlükəsizliyi üçün zəmin yaradacağını qeyd edib.
Böyük Britaniyanın enerji təhlükəsizliyi və iqlim üzrə regional səfiri David Moran isə vurğulayıb: “Biz “BP” və digər Britaniya şirkətlərinin Cənub Qaz Dəhlizi və Azərbaycanın tərəqqisində oynadıqları transformativ roldan qürur duyur, Azərbaycanın yaşıl iqtisadiyyatın əsasının qoyulduğu bir zamanda əməkdaşlığın davam edəcəyinə ümid edirik”.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadze Cənub Qaz Dəhlizinin Avropa İttifaqına üzv ölkələrin və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinə töhfə verməsinin Avropa üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Deyib ki, bundan əlavə, dəhliz boyunca və onun sərhədlərindən kənarda yerləşən ölkələrin dinamik proseslərinə və tərəfdaşlığına da start verib. Qeyd olunub ki, Gürcüstan Cənub Qaz Dəhlizinin fəal tərəfdarıdır və layihə bu ölkənin enerji baxımından körpü rolunu oynaması üçün çox vacibdir.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib: “Gərgin enerji böhranı səbəbindən Azərbaycanın Avropa üçün əhəmiyyəti artıb. Cənubi Qafqazda hasil edilən təbii qazın həcminin artırılması qısa və ortamüddətli perspektivdə şaxələndirmə üçün ən əlverişli seçimdir. Azərbaycanda təbii qaz hasilatının artırılması Macarıstan və Mərkəzi Avropanın enerji təhlükəsizliyi üçün vacib rol oynaya bilər, lakin bunun üçün Avropa İttifaqının da dəstəyinin ilə infrastrukturun inkişafı tələb olunur. Biz macarlar Azərbaycan qazının ən qısa zamanda Macarıstanın enerji təhlükəsizliyinə töhfə verəcəyinə ümid edirik”.
Rumıniyanın energetika naziri Virgil Daniel Popesku bildirib ki, Rumıniyanın Bakıda ən yüksək səviyyədə - Prezidenti Klaus Yohannis, həmçinin energetika naziri tərəfindən təmsil olunması ölkənin Cənub Qaz Dəhlizinin genişləndirilməsi planlarını dəstəklədiyini bir daha təsdiqləyir. Hazırkı dövrdə qaz nəqli infrastrukturunun inkişafı Cənub-Şərqi və Mərkəzi Avropa dövlətlərinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Bu işdə Rumıniya tam etibar edilə biləcək tərəfdaş olacaq.
Bolqarıstanın energetika naziri Rossen Hristov çıxışında diqqətə çatdırıb ki, enerji sektorundakı qlobal çağırışlar böyük səylər tələb edir. Cənub Qaz Dəhlizi dəyişən geosiyasi şəraitdə Avropanın təbii qazla təchiz edilməsinin ən səmərəli üsuluna çevrilib. Bolqarıstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən tərəfdaşlardır.
Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin enerji və mineral ehtiyatlar üzrə baş katibi Aleksandra Sdoukou isə deyib: “Trans-Adriatik qaz kəməri (TAP) Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsini gücləndirən strateji infrastrukturdur. Həmçinin əlaqəli şəbəkə infrastrukturunun inkişafını asanlaşdıran magistral boru kəməri kimi xidmət edir. TAP-ın ötürmə gücünü ikiqat artırmaq səylərinə dəstəyimizi vurğulamaq istərdim. Yaxın gələcəkdə Yunanıstan əlavə olaraq təxminən 1 milyard kubmetr Azərbaycan qazı ala bilər”.
Albaniyanın infrastruktur və energetika nazirinin müavini Ilir Bejtja bildirib ki, ölkəsi 2023-cü ildə Enerji Birliyinə sədrlik edir. Bu il üçün hədəflər enerji istehsalının şaxələndirilməsində daim bərpaolunan mənbələrə əsaslanmaq, səmərəliliyin artırılması yolu ilə enerjiyə qənaət edən lider ölkə olmaq, sənaye və energetika sahələrinin qaz təchizatı üçün təbii qaz infrastrukturunu inkişaf etdirməkdən ibarətdir. Albaniyanın məqsədi ekoloji cəhətdən təmiz enerji istehsal etməkdir.
“İndi enerji sahəsində daha sıx əməkdaşlıq qurmaq həmişə olduğundan daha vacibdir. Moldovadakı enerji böhranı və Avropada təbii qazın qiymətinin artması təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsinin vacibliyini bir daha göstərir. Altı ölkəni əhatə edən bu qaz nəqli sistemi, əvvəllər təbii qaza çıxışı olmayan regionlarda da, enerji mənbələrinin şaxələndirilməsinə kömək edir". Bu fikirləri isə Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinun söyləyib.
Monteneqronun Baş nazirinin müavini, kapital investisiyaları naziri Ervin İbrahimoviç deyib ki, Avropa Yaşıl Enerji Sazişinə və Avropa İttifaqının enerji siyasətinə uyğun olaraq, ölkəsi yaşıl enerjiyə keçid, karbonsuzlaşdırma, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji səmərəliliyinin yüksəldilməsi, həmçinin qonşu ölkələrin enerji sistemlərinə qoşulmaq üçün infrastruktur obyektlərinin inşası vasitəsilə enerji sektorunun inkişafını planlaşdırır. İon-Adriatik Boru Kəmərinin reallaşdırılması Monteneqro ilə yanaşı, bütün region üçün faydalı olacaq.
Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedovic mövqeyini belə ifadə edib: “Serbiya enerji təhlükəsizliyinə və iqtisadi inkişafa dəstək verən bu böyük dəyər zəncirinin bir hissəsi olmağa çalışır. Serbiya Cənub Qaz Dəhlizinə qoşulmaqla təchizat marşrutlarını şaxələndirəcək. Biz Azərbaycanı illik tələbatımızın üçdə birini ödəyə biləcək qaz təchizatçısı və mənbələrimizin şaxələndirilməsində əsas tərəfdaşlarımızdan biri kimi tanımışıq. Bu enerji mənbəyinin təchizat şərtləri ilə bağlı müzakirələr Serbiya istiqamətində 1,8 milyard kubmetr qaz tutumu olan və bu ilin payızında yekunlaşacağını gözlədiyimiz qaz qovşağının tikintisi ilə paralel aparılır. Biz qazın ilk tədarükünü bu ilin əvvəlində gözləyirik. Lakin bu, bütün iştirakçı tərəflərin kommersiya danışıqlarının sürətindən də asılıdır və ümid edirik ki, Azərbaycandan qazın Serbiya istiqamətində qısa zamanda nəqli üçün maksimum səmərəliliyə nail olacağıq”.
Xorvatiyanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin enerji üzrə baş direktoru Kristina Celic isə bildirib: “Bu gün Azərbaycanda olmağımın əsas səbəbi olan İon-Adriatik Boru Kəməri layihəsinin əhəmiyyətini vurğulamaqdır. Bu, Avropa İttifaqı sərhədindən Cənub-Şərqi Avropaya qaz tədarükünü təmin edəcək dörd ölkə arasında uğurlu əməkdaşlığın nümunəsidir.”
Çıxışlardan sonra sessiyalar başlayıb. "Cənub Qaz Dəhlizi": Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” mövzusunda sessiyasında SOCAR, “BP”, Azərbaycan Qaz Təchizatı Şirkəti, TANAP, TAP, Asiya İnkişaf Bankı və Dünya Bankının nümayəndələrinin Cənub Qaz Dəhlizi layihəsi üzrə hesabatları təqdim edilib.
"Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” üzrə sessiyada isə Məşvərət Şurası formatında əməkdaşlığın “yaşıl” enerji istiqamətində genişləndirilməsinə diqqət yetirilib. Bildirilib ki, ötən ilin dekabrında Avropa Komissiyasının dəstəyi ilə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə dördtərəfli formatda əməkdaşlığın əsası qoyulub. Lakin Xəzər dənizi ilə Qara dəniz, Azərbaycan ilə Avropa arasında yaşıl enerji körpüsünün qurulması daha geniş “yaşıl beynəlxalq komanda”nın formalaşmasını zəruri edir. Çünki Cənub Qaz Dəhlizi kimi bu dəhliz də Avropa İttifaqı və Cənub-Şərqi Avropa ölkələrinə enerji təchizatını və tranzit marşrutlarını şaxələndirəcək.
Sessiyada BOEMDA, SOCAR, “Masdar”, “BP”, “ACWA Power” “Fortescue Future Industries”, “WindEurope”, “SolarPower Europe”, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Asiya İnkişaf Bankı və Dünya Bankının yaşıl enerjiyə keçid, enerji keçidi üzrə investisiya və bazar perspektivləri, bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrlə bağlı təqdimatları dinlənilib.
"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə ölkələrimizin ikitərəfli münasibətlərinə töhfə verən təşəbbüslərin əhəmiyyətini vurğuladıq, investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə etdik".
İqtisadiyyat naziri Mikayıl Cabbarov bu haqda paylaşım edib.
Gərgin enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu və əhəmiyyəti artıb.
Bu sözləri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında çıxışı zamanı Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib. O bildirib ki, Cənubi Qafqazda hasil edilən təbii qazın həcminin artırılması qısa və ortamüddətli perspektivdə şaxələndirilmə üçün ən əlverişli seçimdir.
“Azərbaycanda təbii qaz hasilatının artırılması Macarıstan və Mərkəzi Avropanın enerji təhlükəsizliyi üçün vacib rol oynaya bilər. Lakin bunun üçün Avropa İttifaqının da dəstəyi ilə infrastrukturun inkişafı tələb olunur. Avropa dövlətləri bu istiqamətdə işləri davam etdirir. Biz macarlar Azərbaycan qazının ən qısa zamanda Macarıstanın enerji təhlükəsizliyinə töhfə verəcəyinə ümid edirik”,- deyə nazir qeyd edib.
Nazirlər Kabinetinin məlumatına əsasən, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 03.02.2023 tarixli 32 nömrəli Qərarı baş soğan və şalot soğanın idxalının 2023-cü ilin 1 may tarixinədək idxal gömrük rüsumundan azad edilməsini nəzərdə tutur.
“Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 03.02.2023 tarixli 33 nömrəli Qərarı baş soğan və şalot soğanının (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və faraş soğan istisna olmaqla) Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısına daxil edilməsini nəzərdə tutur.
"Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson ilə yaşıl enerjiyə keçid strategiyası, resurslardan səmərəli istifadə və enerji sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışdıq. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir".
Bu haqda iqtisadiyyat naziri məlumat verib.
İlin əvvəlindən Stavropol diyarından 9,115 min ton un ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 13 faiz üstələyir.
"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına istinadən xəbər verir ki, hesabat dövründə ən çox un tədarükü Azərbaycanın payına düşüb. Ölkəmizə 3086 min ton buğda unu göndərilib.
İri həcmli tədarüklər həm də Ermənistanın (1,724 min ton), Gürcüstanın (1,281 min ton), Əfqanıstanın (767,5 ton) və Türkmənistanın (405,6 ton) payına düşüb.
İraqa müxtəlif növ bitki unu ixrac edilir. Son bir ayda bu Yaxın Şərq ölkəsinə 1,3 min ton buğda, 267,2 ton arpa və 100 ton darı unu çatdırılıb.
Kiçik partiyalarla Belarusa 13 ton qarğıdalı unu, Türkiyəyə 44 ton buğda unu, ABŞ-a isə 25 ton buğda unu göndərilib.
"SOCAR və Romgaz S.A. arasında Azərbaycandan Rumıniyaya qazın nəqlinə dair saziş imzalandı. Beləliklə, 2023-2024-cü illərdə ölkəmizdən Rumıniyaya qaz tədarükü təmin ediləcək. Bu saziş Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu daha da artıracaq".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib.
Biz uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının əsaslarını qoyuruq. Bu tərəfdaşlıq bərpaolunan enerjiyə və enerji sistemlərimizin daha sıx bir-birinə bağlı olmasına söykənir.
Bu fikri Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında söyləyib.
“Avropa İttifaqı və Azərbaycan artıq çox yaxşı əməkdaşlıq edirlər. Enerji sahəsində strateji tərəfdaşlığa dair bizim yeni anlaşma memorandumumuz Cənub Qaz Dəhlizinin rolunu həm Avropa İttifaqı, həm Azərbaycan üçün gücləndirdi və onun genişlənməsinin dəstəklənməsi məqsədilə ümumi qətiyyətimizi nümayiş etdirdi”, - deyə Kadri Simson vurğulayıb.
O qeyd edib ki, Cənub Qaz Dəhlizi boru kəməri ilə Avropa İttifaqına qaz təchizatı 2021-ci ildə 8,1 milyard kubmetrdən 2022-ci ildə 11,4 milyard kubmetrə çatıb. Bu artım Aİ-nin enerji təhlükəsizliyinə böyük töhfə verib.
Təbii qaz əslində dekarbonlaşma prosesinə dəstək verən bir haldır və Rumıniya Avropa İttifaqında fəal şəkildə təbii qazın və nüvə enerjisinin yaşıl enerji sahəsinə daxil olunmasını təşviq edir. Bununla da iqtisadiyyatlar karbondan azad oluna bilər. Bunun sayəsində uzun müddətdə təbii qazın istifadə edilməsi Avropa İttifaqında iqtisadiyyatı gücləndirəcək.
Bu fikirləri Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında səsləndirib.
Onun sözlərinə görə, hazırda Rumıniya karbohidrogenlərin, hidrogenlərin hasilatında və onların işlənilməsində öz rolunu oynayır. Qara dənizdə bununla bağlı yataqlar var və 2026-2027-ci illərdə əlavə həcmlər olacaqdır. Rumıniya birmənalı olaraq Avropada iqtisadiyyatların daha da güclənməsini təmin edəcəkdir.
Ötən il dekabrın 17-də Prezident Əliyevin Buxarestə səfəri zamanı yaşıl enerjinin nəqli ilə bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Sazişin önəminə toxunan Klaus Yohannis deyib: “Bunun sayəsində Qara dəniz vasitəsilə çəkiləcək elektrik kabeli Avropanın enerji təhlükəsizliyinə daha güclü imkan yaradacaqdır. Bu, həmçinin sizin planlarınızın həyata keçirilməsində, iqtisadi rifahın təmin edilməsində, təhlükəsizlik və iqlim sahəsində müvafiq tədbirlərin görülməsində Avropa üçün və bizim tərəfdaşlığımız üçün yeni imkan açacaq.
Bir tərəfdən Avropa İttifaqının üzv dövlətləri arasında enerji əməkdaşlığı, digər tərəfdən isə Azərbaycan, - bunun strateji prioriteti var. Bundan əlavə, əslində bazarın məntiqi fəaliyyəti də tələb olunur. Mən sizi əmin etmək istəyirəm ki, mənim ölkəm regional əməkdaşlığa güclü və davamlı dəstək verəcək. Biz qarşımızda olan ümumi çağırışlara dayanıqlı həll yollarının tapılmasında səylərimizi əsirgəməyəcəyik ki, enerji təhlükəsizliyi daha da güclənsin”.
Bu fikirləri “vergiler.az”a ABŞ-ın iqtisadiyyat və geosiyasət eksperti, Dünya İqtisadi Forumunun nümayəndəsi Kayl İnan deyib.
Ekspert qeyd edir ki, Azərbaycan Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqədar böyük qaz ixracatçısına çevrilib. Bu, Azərbaycan qazının Avropaya çatdırıldığı geniş infrastruktur layihəsidir. Layihə Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan təbii qazın Gürcüstan, Türkiyə, Yunanıstan və İtaliyadan keçməklə Avropaya nəql olunacağı boru kəmərlərinin tikintisini əhatə edir.
"ABŞ və Azərbaycan enerji sektorunda, xüsusən də təbii qazın ixracı sahəsində əməkdaşlıq edir. ABŞ Cənub Qaz Dəhlizi layihəsini dəstəklədi, çünki bu layihə Avropada enerji təhlükəsizliyini təmin etmək və enerji mənbələrini şaxələndirmək baxımından çox əhəmiyyətlidir. ABŞ Ticarət və İnkişaf Agentliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi kimi dövlət qurumları layihəyə maliyyə və texniki yardım göstərib. Chevron, ExxonMobil kimi Amerika şirkətləri Azərbaycanın təbii qaz ehtiyatlarının inkişafına sərmayə qoyublar”, - İnan deyib.
ABŞ Avropanın Rusiya qazından asılılığını azaltmaq və regionda enerji təhlükəsizliyini təmin etmək üçün Cənub Qaz Dəhlizinin inkişafına daim dəstək verib.
Bundan əlavə, ABŞ və Azərbaycan enerji sektorunun digər sahələrində, məsələn, elektrik stansiyalarının tikintisi və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində də əməkdaşlıq edir. Bu əməkdaşlıq Azərbaycana enerji istehsal potensialını artırmağa və regionun sabit enerji təchizatını təmin etməyə kömək edir”, - deyə ekspert əlavə edib.
Avrasiya İqtisadi İttifaqında (Aİİ) 2022-ci ilin dekabr ayında mal və xidmətlərin istehlak qiymətləri indeksi 2022-ci ilin noyabr ayı ilə müqayisədə 100,8 faiz, 2021-ci ilin dekabr ayı ilə müqayisədə isə 112,9 faiz təşkil edib.
2022-ci ildə qiymətlər ən çox qeyri-ərzaq mallarında artıb - 13,3 faiz. Bu dövrdə ərzaq məhsulları 12,2 faiz, əhaliyə göstərilən pullu xidmətlər 12,9 faiz bahalaşıb. Ərzaq məhsullarının qiymətləri Qazaxıstanda Aİİ-nin orta göstəricisi ilə müqayisədə daha yüksək – 25,3% olub. Bu rəqəm Qırğızıstanda 17,1%, Belarusda 13,8% qeydə alınıb. Qeyri-ərzaq mallarının qiymətlərində ən çox artım Qazaxıstanda (19,4%) və Belarusda (13,7%), pullu xidmətlərin qiymətlərində ən çox artım isə Qazaxıstanda (14,1%) və Rusiyada (13,2%) qeydə alınıb.
"İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri (Ministero dell'Ambiente e della Sicurezza Energetica) cənab Cilberto Piketto Fratin (Gilberto Pichetto) ilə görüşdük. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, işğaldan azad edilmiş ərazilərimizdə İtaliya şirkətlərinin fəaliyyəti və qarşılıqlı investisiyaların təşviqi, energetika sahəsində əməkdaşlıq əsas müzakirə mövzuları oldu".
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti “SİKA” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2022-ci ildə ixrac həcmini 2021-ci illə müqayisədə 457 ton və ya 20 faiz artırıb.
“SİKA”-dan “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına verilən məlumata görə, məhsul çeşidliliyini artırmaqla yanaşı, ölkə və xarici bazarın tələblərini qarşılamaq məqsədilə istehsal sahəsində genişlənmə və ixracat çeşidliliyini artırmaq da planlaşdırılır. Hazırda Özbəkistana məhsul ixrac edən şirkət Gürcüstana da məhsul ixracı üçün danışıqlar aparır.
Xatırladaq ki, “SİKA” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Müəssisədə İsveçrə texnologiyası əsasında müxtəlif növ tikinti məhsulları istehsal edilir.
2022-ci ildə Azərbaycan 34 926,66 min dollar dəyərində 724 975,25 ton hazır və ya klinker formasında sement ixrac edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin göstəricisilə müqayisədə dəyər ifadəsində 47,5 faiz, həcm baxımından isə 16,1 faiz çoxdur.
Ötən ilin dekabrında ölkədən 4 195,66 min dollar dəyərində 80 003,86 ton sözügedən məhsul ixrac olunub ki, bu da noyabr ayı ilə müqayisədə dəyər və həcm ifadəsində müvafiq olaraq 15,8 və 16,1 faiz çoxdur.
Qeyd edək ki, 2022-ci ildə sementin ümumi ixracda xüsusi çəkisi 0,09 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,15 faizə bərabər olub.
Azərbaycan pambıq istehsalçıları nüvə texnologiyasına əsaslanan yeni, iqlimə uyğun əkinçilik üsullarına keçiblər. "vergiler.az" BMT-yə istinadən xəbər verir ki, təkmilləşdirilmiş torpaq, gübrə və su idarəçiliyi təcrübələrindən, “Super Pambıq” sortundan istifadə etməklə məhsuldarlığı, pambıq keyfiyyətini və mənfəəti iki dəfə artırmaq mümkün olub. Layihə çərçivəsində məhsuldarlıq ildə bir hektara 3 tondan 8 tona çatdırılıb.
Layihə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilir. FAO/AEBA-nın Ərzaq və Kənd Təsərrüfatında Nüvə Metodları üzrə Birgə Mərkəzinin torpaqşünası Məhəmməd Zamanın sözlərinə görə, Azərbaycanda ümumi pambıq sahələrinin 105 min hektar olduğunu nəzərə alaraq, hətta iqlimə uyğun əkinçilik üsullarının 10 faiz tətbiqi 31 min tona qarşı 84 min ton pambıq istehsal etməyə imkan yaradacaq.
“Yəni söhbət pambıqçılığın ənənəvi üsullarının nəticələri ilə müqayisədə 166% artımdan gedir. Layihə Azərbaycan iqtisadiyyatının əhəmiyyətli artımına töhfə verə bilər”, - M. Zaman qeyd edib.
“Sosial sığorta haqqında” Qanunda edilmiş son dəyişikliklərdən biri də fərdi baytarlıq xidməti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlıdır.
Dəyişikliyə qədər bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən minimum aylıq əməkhaqqının 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqının ödənilməsi nəzərdə tutulurdu. Bu fəaliyyətlə məşğul olan sahibkarların sosial öhdəliklərinin yüngülləşdirilməsi məqsədilə “Sosial sığorta haqqında” Qanunda edilmiş dəyişikliklərə əsasən, fərdi baytarlıq xidməti ilə məşğul olan fiziki şəxslər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla minimum aylıq əməkhaqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqları ödəyəcəklər. Bu zaman həmin fiziki şəxslər rüblük vahid bəyannamə təqdim etmək öhdəliyindən azaddırlar.
Öz rezidentlərinə verdikləri güzəştlər baxımından dövlət və özəl sənaye məhəllələri arasında heç bir fərq olmayacaq. Bunu “vergiler.az”a İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.
Onun sözlərinə görə, özəl sənaye məhəllələrində infrastruktura investisiyanı özəl şirkət yatıracaq, operatorluğu özəl şirkət həyata keçirəcək, dövlət qurumları isə müvafiq qanunvericilik çərçivəsində tənzimləyici funksiyaları həyata keçirəcəklər.
Özəl sənaye məhəllələrinin fəaliyyət istiqamətləri regionlardan asılı olacaq: “Bizim iqtisadi rayonlarımızın fəaliyyət istiqamətləri çoxşaxəlidir, aqrar sektor və sənaye üzrə ixtisaslaşmış iqtisadi rayonlarımız var. Ona görə də düşünürəm ki, sənaye məhəllələrinin hansı istiqamətlər üzrə qurulacağını bazar özü tənzimləməlidir və bu, təbii bir proses olmalıdır”.
Azərbaycanın hansı bölgələrində sənaye məhəllələrinin yaradılması imkanlarının mövcud olduğuna gəlincə, E.Nuriyev bununla bağlı məhdudiyyətin olmadığını bildirib: “Hesab edirəm ki, özəl sənaye məhəllələri istənilən bölgədə yaradıla bilər. Yetər ki, sahibkarlıq subyektləri özləri buna maraq göstərsinlər və bunun üçün dövlətə müraciət etsinlər. Amma süni şəkildə sənaye məhəlləsi yaradıb, daha sonra ora üçün sahibkarlar tapmaq lazım deyil. Yalnız sahibkarlar kütləsi formalaşdırıldıqdan sonra sənaye məhəllələri yaradıla bilər”.
E.Nuriyev bildirib ki, hazırkı mərhələdə özəl olaraq yalnız sənaye məhəllələrinin yaradılmasından söhbət gedir. Gələcəkdə özəl sənaye parklarının yaradılması məsələsinə də baxıla bilər.
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.
“vergiler.az” xəbər verir ki, millət vəkili Vüqar Bayramov iclasın gündəliyi və Azərbaycanın Cənub Qaz Dəhlizi Məşvərət Şurasındakı mövqeyi barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən sayılır:
“Etiraf etmək lazımdır ki, Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub. Bu ilki iclas tamamilə fərqli dövrə təsadüf edir. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Avropada enerji böhranın dərinləşməsi və regionda diversifikasiyanın daha da prioritetləşdiyi dövrdə bu iclas geniş miqyaslı coğrafiyada enerji istiqamətlərinin müəyyənləşdirilməsinə təsir edəcək. Digər tərəfdən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artmaqdadır. Ötən il Azərbaycanın Avropaya qaz ixracı 39 faiz artıb. Bütövlükdə son 2 ildə Azərbaycan Avropa İttifaqına 20 milyard kub metrdən çox qaz ixrac edib”.
Ötən ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalandığını xatırladan V.Bayramov bu məqsədlə qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan “Abşeron”, “Ümid”, “Asiman”, “Şəfəq” və “Babək” kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlb edilməsinin prioritet olduğunu vurğulayıb: “TAP kəməri vasitəsilə Avropaya ikinci mərhələdə 20 milyard qaz nəql ediləcək. Bütövlükdə, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var. Cənub Qaz Dəhlizi Azərbaycanın regional mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır. Gələcək illərdə bu layihə region və qitə üçün əhəmiyyətli olmaqda davam edəcək”- deyə millət vəkili qeyd edib.
Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl istifadəyə verildi. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq.
Bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
“Biz, həmçinin alternativ enerji mənbələrindən danışırıq. Bu, əslində bizim enerji təchizatımızın davamlı şaxələndirilməsinin göstəricisidir. Biz buna hazırıq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.
Dövlət başçısı deyib ki, ötən il vacib bir hadisə oldu və bu, bizim enerji təhlükəsizliyi sahəsində ümumi öhdəliyimizi nümayiş etdirir.
Bu xüsusda ötən il iyulun 18-də Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə birgə imzaladıqları “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun əhəmiyyətini xüsusi vurğulayan dövlətimizin başçısı bildirib: “Bu, əslində, bizim gələcək planlarımız üçün açıq yol xəritəsidir. Biz 2027-ci ilədək Avropaya öz qaz ixracımızı iki dəfə artırmağı planlaşdırmışıq. Bu, mümkündür, çünki bizim resurslarımız, qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız var”.
Fevralın 2-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında Azərbaycan Respublikasında dənizdə və quruda külək, günəş fotovoltaik və yaşıl hidrogen kimi bərpa olunan enerji, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair əməkdaşlıq haqqında saziş imzalanıb.
SOCAR-dan bildirilib ki, Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, həmçinin istixana qazı emissiyalarının 2050-ci ilə qədər 40 faizədək azaldılması hədəflənir. Sözügedən saziş Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə töhfə verməklə yanaşı, bu əməkdaşlıq çərçivəsində icra ediləcək potensial layihələr Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına imkan yaradacaq.
Bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu şirkəti olan “ACWA Power” hazırda Azərbaycanda 240 MVt gücündə külək elektrik stansiyası layihəsini icra edir. Stansiyanın hər il bir milyard kilovat-saat elektrik enerjisi istehsal etməklə, təqribən 220 milyon kub metr qazın qənaət edilməsinə və atmosferə atılan tullantıların ildə 400 000 tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur.
“Biz bu gün artıq doqquzuncu dəfədir toplaşırıq. Nəzərdən keçirəcəyimiz məsələlər çoxdur - gördüyümüz işləri müzakirə edəcək və gələcək üçün addımlarımızı planlaşdıracağıq.”
Bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclasından sonra xeyli dəyişikliklərin baş verdiyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Dünya dəyişib, enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir”.
Dövlət başçısı vurğulayıb ki, enerji təhlükəsizliyi, həmçinin milli təhlükəsizlik məsələsidir. Biz yeni marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işləyirik. İndi görürük ki, bu, heç vaxt olmadığı qədər vacibdir.
“Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında edirik və vaxt itirmədik. Cənub Qaz dəhlizinin icrasında müəyyən yubanmalar oldu. Lakin bütövlükdə biz çalışdıq ki, onu mümkün qədər tez başa çatdıraq. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.