“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Dövlət Proqramına uyğun olaraq Naxçıvan Geoloji Geofiziki və Hidroloji Ekspedisiya Mərkəzinin maddi-texniki bazası gücləndirilib. Belə ki, mərkəz üçün nəqliyyat vasitələri, kompüter, UPS, təhlükəsizlik sistemləri, printer, portativ GPS, yüksək dəqiqlikli torpoqrafik işlər üçün geoloji GPS, geoloji GPS CHTN AV, elektron su səviyyəsini ölçən cihaz, buruqqazma qurğusu, HQ qazma boruları və digər avadanlıqlar alınıb.
Qeyd edək ki, həmin avadanlıqların alınması mərkəzin maddi-texniki bazasını gücləndirəcək, eyni zamanda, qazma qurğularının operativ daşınmasına, radiasiyanın öyrənilməsinə, buruq qazma işlərində yüksək faizli kern çıxışının təmin edilməsinə, mineral bulaqların, xəndəklərin, quyu ağızlarının dəqiq koordinatlarının vurulmasına kömək edəcək. Həmçinin yeni avadanlıqlar vasitəsilə geoloji xəritələrin, cizgi materiallarının çap olunması, layihələrin, hesabatların və cari sənədlərin tərtibatında işlərin sürətlə və keyfiyyətlə yerinə yetirilməsinə nail olunacaq.