Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “AMOR Əlaçı Təqaüdü” müsabiqəsində bu il 19 azərbaycanlı tələbə qalib gəlib.
AZƏRTAC xəbər verir ki, təhsildə fərqlənən tələbələrə hərtərəfli dəstək və qayğı göstərmək, gənclərin təhsilə marağını artırmaq məqsədilə təşkil olunan müsabiqə 2009-cu ildən etibarən uğurla həyata keçirilir və bu günədək 453 tələbəni əhatə edib.
Müsabiqə çərçivəsində Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil alan əlaçı azərbaycanlı tələbələrə təhsil xərclərinin qarşılanması üçün maliyyə dəstəyi göstərilir.
Xatırladaq ki, AMOR Rusiya Federasiyasında yaşayan azərbaycanlı gənclərin vahid təşkilatda birləşməsi, onların sosial sahədə, yaradıcılıq və təhsil istiqamətlərində təşəbbüslərinin dəstəklənməsi məqsədilə 2009-cu ildə Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb.