Psixoloqların, həkimlərin son zamanlarda şəxsi sosial media hesablarında pasiyentlərinin görüntülərini paylaşması geniş yayılıb. Onlar bu addımı işlərinin reklamı ilə əsaslandırırlar. Lakin bu, çox zaman narazılığa səbəb olur, pasiyentlərin şəxsi məlumatlarının üçüncü tərəfə ötürülməsi kimi qəbul edilir.
Mövzu ilə bağlı “Report”a açıqlama verən psixoloq, psixoterapevt Elmir Əkbər bildirib ki, bu halların yaşanması çox böyük cinayət və biabırçılıqdır:
“Mənə verilişlərdə deyirlər ki, şəxsin adını çəkmədən təcrübəmdə baş vermiş hadisələrdən nümunə göstərim. Mən bunu etmirəm. Çünki həmin adam anlamasa da, başqa biri baxıb narahat ola bilər ki, bəlkə məni deyir, mənim həyatımı müzakirə edir. Seansın istər mütəxəssis, istərsə də pasiyent tərəfindən yazılması, paylaşılması yolverilməzdir. Çünki bəzən psixoterapiya seansında elə məqamlar olur ki, onu başqa ruh halında anlamaq mümkün olmur. Hadisəni yaşayan adam belə, bir neçə ay sonra dediklərini həmin andakı kimi analiz edə bilmir".
Onun fikrincə, deontologiyanı bilmək üçün Qərbdən nümunə götürmək lazımdır:
"Türkiyəli psixoloq qocalandan sonra pasiyentlərin konsultasiyalarından serial çəkib. Düzdür, o, şəxslərin cinsini və adını dəyişib. Amma bu absurddur. Çünki istənilən halda pasiyent həmin seriala baxanda özü də, yaxınları da biləcək ki, söhbət ondan gedir. Qısaca, psixoloqlarımızın çoxu təhsilini Türkiyədə alır, oradakı mənfi təcrübə və təsirlər nəticəsində ortaya belə mənzərə çıxır. Mən həmkarlarıma hər zaman Qərbdən nümunə götürməli olduqlarını deyirəm”.
Psixoloq bu cür hallarda günahın problemi yaşayan şəxsdə, yəni zərərçəkmişdə olduğunu düşünür. Onun sözlərinə görə, zərərçəkən müraciət etdiyi şəxsin yetəri qədər peşəkar olub-olmadığını araşdırmalıdır.
"Elə insanlar psixoloq kimi tənqid olunsa, sabah özünü kosmetoloq kimi təqdim edəcək, sonrakı gün isə dietoloq adlandıracaq. Bu səbəbdən, deontologiyanın ayrıca kursu var. Bunu kurslarda aylarla öyrənirik. Boşluq məhz oradadır ki, insanlar ayıq-sayıq deyil. Psixoloqun ilk ali təhsilinə, daha sonra getdiyi kursların sayı və iş təcrübəsinə baxmalıdırlar” - deyə, o vurğulayıb.
“Ahəng” Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Vüsalə Əmiraslanova bildirib ki, icazəsiz nəinki pasiyentin görüntülərini paylaşmaq, hətta üzünü gizlədərək səsini də paylaşmaq olmaz: