Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, əfsanəvi tank komandiri Şövqiyar Abdullayevin ildönümüdür.
AZƏRTAC xəbər verir ki, Şövqiyar Abdullayevin şəhidlik zirvəsinə ucalmasından 32 il ötür.
Şövqiyar Cəmil oğlu Abdullayev 1969-cu il aprelin 5-də Qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlib. 1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağırılıb. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vuraraq Bakıya qayıdıb.
1992-ci ildə Qarabağda döyüşlər başlayanda o, yeni yaradılan Milli Orduya yazılıb, Ağdamda gedən döyüşlərdə tank komandiri təyin edilib. Onun tank komandiri kimi döyüşdüyü briqada Abdal-Gülablı kəndini özünə mövqe seçərək Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda ağır döyüşlər aparıb. 1992-ci il avqustun 23-də Gülablı kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəklikdən onun da iştirak etdiyi tank briqadası çıxarılaraq müəmmalı şəkildə Ağdərəyə, Drambon kəndinin müdafiəsinə kömək üçün göndərilib.
Az vaxt içərisində Drambon kəndi erməni birləşmələrindən azad edilib. Eyni zamanda, mühasirə halqasına düşmüş çox sayda piyada döyüşçülərimiz mühasirədən çıxarılıb. Drambon kəndi uğrunda gedən döyüşlərdə təkbaşına qalan Şövqiyar Abdullayevin tankı bir neçə dəfə vurulub. Hər iki ayağından yaralanan tank komandiri Ağdam hərbi hospitalına göndərilib. Amma Şövqiyar Abdullayev müalicədən imtina edərək yenidən cəbhəyə qayıdıb.1992-ci il avqustun 27-də çox ağır döyüşdə o, yoldaşlarını əsir düşməkdən xilas edib, özü isə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli Fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Şövqiyar Abdullayev 1992-ci il avqustun 29-da Şəhidlər xiyabanında dəfn edilib.
Bakının Nəsimi rayonundakı əsas küçələrdən birinə Milli Qəhrəman Şövqiyar Abdullayevin adı verilib.