Dünya bazarında qızıl və zərərlik məmulatlarının qiymətlərinin artması Azərbaycanda istehlakçıların alıcılıq qabiliyyətini aşağı salır.
Bunu “Report”a açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.
Qızıl niyə bahalaşır?
Onun sözlərinə görə, son vaxtlar əmtəə birjalarında qızıl bahalaşmaqdadır və onun qiyməti tarixi maksimuma çatıb: “Qızıl fyuçerslərinin dəyəri rekord vurub - 1 troya unsiya üçün 2 750 ABŞ dollarını keçib və bu da investorlarda qızılın etibarlı yatırım vasitəsi olduğuna inamı daha da gücləndirir”.
R.Əmircanov əlavə edib ki, qiymət artımının əsas səbəblərindən biri ABŞ-də keçiriləcək Prezident seçkiləri ilə bağlı yaranmış qeyri-müəyyənlikdir: “Belə siyasi hadisələr zamanı investorlar qızılı ən təhlükəsiz aktiv kimi görürlər. Bu ölkədə noyabrın 5-də keçiriləcək seçkilərin nəticələrinin təxminedilməz olması bazarda gərginliyi artırır və qızıl qiymətlərinə təsir edir. Bundan əlavə, müxtəlif regionlardakı siyasi qeyri-sabitlik də qızılın bahalaşmasına ciddi təsir göstərir. Məsələn, Yaxın Şərqdəki münaqişələr qızılın dəyərinin yüksəlməsinə səbəb olur”.
O qeyd edib ki, Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini aşağı salması da qızılı bahalaşdıran amildir: “ABŞ-də inflyasiyanın yavaşlaması ilə bağlı məlumatlar FED-in faiz artırma dövrünün sona çatacağı ehtimalını gücləndirir və bu da qızılı daha cəlbedici edir. Faiz dərəcələrinin azalması istiqrazların gəlirliliyini azaldır və qızıl faiz gəliri gətirmədiyi üçün investorlar üçün daha cazibədar bir alternativə çevrilir”.
Son tendensiyaların Azərbaycan bazarına təsiri
Sədr müavini deyir ki, hazırda London əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 2 730-2 750 ABŞ dolları arasında dəyişir: "Birjada 999,9 əyar qızılın 1 qramı 88 ABŞ dolları, 750 əyar qızılın 1 qramı 66 ABŞ dolları, 585 əyar qızılın 1 qramı isə 52 ABŞ dollarıdır. Gümüş fyuçerslərinin qiyməti isə 1 unsiya üçün 34,9 ABŞ dollarına çatıb və bu da 2012-ci ilin sentyabrından bəri ən yüksək göstəricidir. Platin fyuçerslərinin qiyməti isə 1 unsiya üçün 1 040 ABŞ dollarına yüksəlib".
Onun sözlərinə görə, dünya bazarında baş verənlər Azərbaycanda qızıl bazarına təsir göstərir, qiymətli metalı, həmçinin zərgərlik məmulatlarını bahalaşdırır: “Azərbaycanda 585, 750 və 999,9 əyarlı qızılın satış qiymətləri əhəmiyyətli dərəcədə artıb. Belə ki, yerli bazarda satış qiymətləri 999,9 əyar qızıl üçün 160-175 manat, 750 əyar qızıl üçün 135-155
Bahalaşma davam edəcək?
R.Əmircanov vurğulayıb ki, əmtəə birjalarında qızıl qiymətlərinin yaxın zamanlarda 2 800 ABŞ dolları həddini keçməsi, 2 900-3 000 ABŞ dollarına yüksəlməsi gözlənilir: “Əgər FED faiz artımını dayandırarsa və geosiyasi risklər davam edərsə, 2024-cü ilin sonuna qədər qızılın qiyməti bu səviyyələrə çata bilər. 2025-ci ildə isə qlobal iqtisadiyyatın yavaşlaması və ABŞ dollarının zəifləməsi qızılın qiymətində yeni artımlara səbəb ola bilər”.
O bildirib ki, gümüş və platin kimi digər qiymətli metallar da investorlar üçün maraqlı olaraq qalır: “Gümüş sənayedə geniş istifadə olunur, platin isə avtomobil və “yaşıl texnologiya”lar sahəsində böyük potensiala malikdir. London Qızıl Külçə Bazarının proqnozuna əsasən, növbəti aylarda gümüşün qiyməti 1 unsiya üçün 45 ABŞ dollarına, platinin qiyməti isə 1 150 ABŞ dollarına qədər yüksələ bilər”.