"Elçin nə tabuta yerləşirdi, nə də məzara..." - Şəhid qardaşı danışır

Şəhid baş leytenant Əzizov Elçin Əvəz oğlu: 1985- ci il mart ayının 30-da Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində dünyaya gəlib, Dövlət Sərhəd Xidmətinin zabiti olub. Ailəli idi, 3 uşaq- 2 oglan, bir qız atası idi, böyük övladının 9 yaşı var.

Şəhid baş leytenant Elçin Əzizovun 17 yaşı olarkən atası rəhmətə gedib. Doğmaları ilə söhbətimiz zamanı qəhrəmanımızın xüsusi, həm də özünəməxsus xarakterinin olduğunu öyrəndik. Zabit kimi ciddi, oğul kimi qeyrətli, dayısı, həm də qaynatası üçün oğul, qardaşına ata əvəzi, ideal ailə başçısı, övladlarına qəhrəman ata, onu tanıyanların hamısının isə sevimlisi olub.

Şəhidin dayısı, həm də qaynatası Vaqif Əhmədov onun haqqında danışarkən etiraf edir ki, hələ indi qəhrəmanın nə qədər böyük ürək sahibi olduğunu başa düşür:

"Elçin Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində Milli Qəhrəman Mübariz İbrahimovla bir yerdə hərbi xidmətdə olub. Həmişə Mübarizin məzarını ziyarət edirdi. Hətta bir neçə dəfə övladlarını da aparmışdı onun məzarını ziyarət etməyə...Onun özünəməxsus xarakteri vardı. Həm dayısı, həm də qaynatası kimi xüsusi hörmətimi saxlayardı. Mən indi onun hərəkətlərini analiz edirəm. Etiraf edirəm ki, onun bütün addımları hamısı hesablanmışdı özü tərəfindən."

Vaqif Əhmədov deyir ki, Elçinin 17 yaşı olanda atası rəhmətə gedib:

"Atası 2002- ci ildə rəhmətə gedib. O zaman 17 yaşı var idi onun. Ali məktəbə sənədlərini verməyə atası aparmışdı onu. Qəbul olunma xəbərini eşitmək qismət olmadı atasına. Qardaş - bacılarına ata əvəzi idi Elçin. Ciddi xasiyyəti var idi. Tədbirlərdə, restoranlarda bir olduğumuz zaman davranışlarında özünə məxsus senzurası var idi. Həm də ailəcanlı idi. Bir dəfə qohumlarla bir restoranda idik. Bir də gördüm ki, Elçin yoxdu. Hardasa 40 dəqiqədən sonra qayıtdı gəldi. Sonra bildim ki, uşaqlarına restorandan yemək aparıb...Çox vaxt bölgələrdə ezamiyyətlərdə olurdu xidməti işi ilə əlaqədar. Nəinki xidməti yerində, hətta bölgələrdə çoxlarıyla ünsiyyət qururdu. İndi-indi bilirik, sən demə himayəsində ata-anasız uşaqlar varmış. Düşəndə bazarlıq edib aparırmış, onlar üçün." - deyir Vaqif Əhmədov.

Dayısı deyir ki, Elçin şəhid olandan sonra maşınında bir çertyoj tapdım. Evin girişində özü üçün xüsusi otaq hazırlamaq istəyirmiş...

Şəhidin qardaşı Cavid Əzizov Elçin haqqında həm qəhrəman, onun kiçik qardaşı olmaqla yanaşı həm də ata əvəzi kimi danışır:

"12 yaşım olanda atam rəhmətə gedib. Həmişə ata münasibəti göstərib və söhbətlərimizdə ən çox atamla bağlı xatirələrindən danışırdı mənə. Elçinlə aramızda xüsusi pərdə olub. Qeyd edim ki, çox bacarıqlı idi, hamıdan gec yatıb, hamıdan tez durardı. Mən özüm Murovdağda ağır şəraiti olan hərbi hissədə əsgər olmuşam. Hələ o zaman bütün əsgərlərə qardaşım barədə danışırdım. Elçin şəhid olanda əsgər yoldaşlarım mənə zəng edib dedilər ki, həqiqətən də qardaşın qəhrəman imiş, sən o zamanlar da onun haqqında ağız dolusu danışırdın...."

Şəhid qardaşı haqqında danışan Cavid deyir ki, Elçin daha çox sazın vurğunu idi. Həmişə atamın dinlədiyi şeirlərə saz havasında qulaq asanda deyirdi ki, ruhum dincəlir.

Qardaşının dediyinə görə Elçin Əzizov cəbhəyə döyüşmək üçün ilk könüllü müraciət edən zabitlərdən birincisi olub:

"Elçin özü könüllü getdi müharibəyə. Deyib ki, mən Cəbrayılda doğulmuşam, ilk döyüşə gedənlərin önündə mən olmalıyam. Arxa cəbhə mənlik deyil. Cəbrayıl rayonu, Sarıcallı kəndində 9 nəfər mühasirəyə düşüb. Onlarla rabitə əlaqəsi kəsilib. Özləri tam başqa üsulla rabitə əlaqəsi yaradıblar (Məxfilik redaksiya tərəfindən saxlanılır-red müəllif)". Mühasirəyə düşən hərbçilərin sayı 9 nəfər olub. Ora təhlükəli ərazi idi. Hələ ora hərəkətdə olarkən Elçingilin maşını mərmi atəşinə tutulur. Qabaq və arxa tərəflərə neçə dənə mina düşür. 9 nəfərin mühasirəyə düşdüyü əraziyə çatanda Elçingilin maşını Skayp raketi ilə vurulub. Maşında olanlarda biri, xidmət yoldaşı Malik Əliyevlə qardaşım şəhid olub, digər iki nəfər isə ağır yaralanıblar"-deyir Cavid Əzizov.

Cavid deyir ki, atamın məzarı İmişli rayonu, Qızılkənddədir deyə Elçin həmişə atamın məzarını ziyarətə gedərdi:

"Anamgil Elçin şəhid olandan sonra məzarı ziyarət etməyə gediblər. Bir nəfər yaxınlaşıb ki, bu kişinin oğlu həmişə gəlib atasının qəbrini ziyarət edirdi. Vaxtı olmayanda mənə zəng edirdi, məzarın ətrafını səliqəyə salmaq üçün. Demişdi ki, gələcəm, O, nə vaxt gələcək? Anam deyib ki, o, mənim oğlum idi, heç zaman gəlməyəcək, şəhid oldu. O adam ağlayıb və deyib ki, həmişə gəlib-gedəndə məni mütləq axtarıb tapırdı, çox hörmətlə yanaşırdı mənə. Dəfn olunduğu yeri deyin mənə, gedib ziyarət edərəm qəbrini..."

Cavid onu da ürəkağrısı ilə deyir ki, qardaşım o qədər cüssəli idi ki, nə tabuta yerləşirdi, nə də məzara...O, əsl qəhrəman idi.

Şəhid baş leytenant Elçin Əzizovun 9 yaşlı oğlu Yusif Əzizli ilə söhbətimiz zamanı əsl qəhrəman övladı olduğu dərhal bilindi. Yusif qeyri -adi istedada malik birisidir. Dünya dövlətlərinin ordularını mükəmməl bilir, arsenallarında nə qədər canlı qüvvə və texnika, nüvə dövlətləri, dünya ordularını sıra sayına kimi bilir... Hətta dünya ölkələri prezidentlərinin çoxusunu adbaad bilir. Yusif bizimlə söhbətində deyir ki, arzusu hərbçi olmaqdır:

"Atam Qəhrəmandır. Mənə həmişə qəhrəmanlardan danışırdı. Bir dəfə mənə hərbi forma geyindirib Mübariz İbrahimovun məzarıni ziyarətə apardı. Onunla bir yerdə əsgər olmuşdular. Mənimlə telefonda danışanda həmişə deyirdi ki, narahat olma, Qarabağı azad edəcəyik düşməndən. 9 yaşım var, amma mən özümü uşaq kimi hisss etmirəm. Atam mənə hər şeyi öyrədib. Hətta atamın şəhid xəbərini mənə demək istəmirdilər, əksinə mən anama və əmilərimə təsəlli verirdim ki, zaman irəliyə doğru gedir, onu geri qaytarmaq mümkün deyil. Mən onu da başa düşürdüm ki, atam müharibədən əvvəl də, elə müharibənin tən ortasında mənimlə telefonda danışanda da məni mübariz və mətin olmağa hazırlayırdı. Məni həmişə gəzdirirdi. Mübariz İbrahimovun məzarını birgə ziyarətə gedirdik, hətta onunla bir zalda idman etməklərindən də mənə danışırdı. Mənə hər şey alırdı. Amma sonuncu dəfə hədiyyə etdiyi qələm ən qiymətli hədiyyədi mənə. "

Müharibəyə gedən günündən bir gün qabaq anama da, nənəmə də dedi ki, könüllü müharibəyə yazılmışam. Hər şey ola bilər, möhkəm olun... Atam Xocalı faciəsində, 20 yanvar ildönümündə məni də aparırdı ziyarətə və həmişə də evimizdə asılan bayraqları endirirdi....Atamla fəxr edirəm!"-deyir qəhrəman şəhidimizin 9 yaşlı oğlu Yusif Əzizli...

Həyat yoldaşına vəsiyyəti

Şəhid Elçin Əzizov şəhadətə qovuşan gündən bir gün əvvəl həyat yoldaşına mesaj göndərib:

"Sevda, sənə indiyə qədər müharibənin nə qədər dəhşətli olduğu barədə ətraflı heç nə deməmişəm. Döyüşdü, ola bilsin ki, nəsə olsun, amma narahat olmayın...Bir də şər deməsən, xeyir gəlməz. Birdən şəhid olsam, uşaqlar sənə əmanət, sən də Allaha! Sizi çox istəyirəm. Səni sevmişəm, sevirəm və həmişə sevəcəyəm. Əgər nəsə olsa, atamın yanında dəfn edərsiniz məni..."

Xatırladaq ki, qəhrəman şəhidimiz baş leytenant Əzizov Elçin Əvəz oğlu II Fəxri Xiyabanda dəfn olunub.

Aqil Alışov

Mənbə:
0
1584
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar