Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI - “Uzaq sahillərdə”ki Veselin

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.

Modern.az saytı “Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir.

Rejissor Tofiq Tağızadənin İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkdiyi məşhur “Uzaq sahillərdə” filmi Azərbaycan tamaşaçılarının sevə-sevə baxdığı ekran əsəridir. 1958-ci ildə çəkilən kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin II Dünya Müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr olunub.

Filmdə yadda qalan obrazlardan biri də Veselindir. Milliyətcə serb olan Veselin azərbaycanlı “Mixaylo”nun ən yaxın silahdaşıdır. “Uzaq sahillərdə” filmində Veselin rolunu rus aktyoru Yuri Boqolyubov canlandırıb.

Yeri gəlmişkən, bu filmdə Yurinun atası Nikolay Boqolyubov da çəkilib, o, Tinti rolunda oynayıb.

Bu gün - 20 oktyabr tarixi Yuri Boqolyubovun doğum günüdür.

Veselin - Yuri Boqolyubov Sovet kinosunun və teatrının tanınmış aktyorlarındandır. Yuri Boqolyubov 1928-ci il oktyabrın 28-də Moskvada valideynləri teatr aktyorları olan ailədə dünyaya gəlib. Valideynləri daim məşqlərdə və çəkilişlərdə olduğuna görə onu daha çox atasının anası –nənəsi saxlayıb. Yaradıcı insanların ailəsində yaşaması, əlbəttə onun incəsənətə marağını artırıb və aktyor sənətini seçməsi təsadüfi sayıla bilməzdi.

Yuri aktyor kimi ilk addımını yeniyetmə yaşlarında atıb. Müharibə vaxtı, təhlükəsizlik məqsədilə Almatıda olarkən bir neçə rolda çıxış edib, “Vanka” novellasında isə baş rolu oynayıb.

Yuri Boqolyubov 1949-cu ildə MXAT-ın aktyor məktəb-studiyasında Vasili Toporkovun kursuna daxil olub. 1953-cü ildə oranı bitirərək Kiçik Teatrın truppasına götürülüb. Gənc aktyoru iki il sonra kino cəlb edib. 1955-ci ildə “Vasyok Trubacev və onun yoldaşları”na çəkilməsi Yuriyə şöhrət gətirib və Kiçik Teatrdan “Mosfilm” kinostudiyasına ştatlı işçi kimi götürülüb.

Diqqətçəkən və yaraşıqlı xarici görünüşü, eyni zamanda aktyorluq qabiliyyəti Yuri Boqolyubovun çoxlu filmlərdə rol almasına səbəb olub. Boqolyubov daha çox müasir qəhrəmanların obrazlarını yaradıb. Aktyor “Uzaq sahillərdə” filmində Veselin, “Gecə yarı saat dayanıb”da Nikolay, “Təyyarə 9-da uçur”da Sergey obrazlarını yaradıb və digər filmlərdə ən populyar rollarda çıxış edib.

Yuri Boqolyubovun şəxsi həyatı o qədər uğurlu alınmayıb. Bir neçə qadınla vətəndaş nikahında olması ona xoşbəxtlik gətirməyib, o, ömrünün axırına qədər qarşılıqlı sevgi və hörmətlə yaşaya biləcəyi qadına çox sonralar rast gəlib. 1963-cü il avqustun 21-də Yurinin Qalina ilə toyları olub. 1967-ci ildə çoxdan arzuladığı oğlu Aleksey dünyaya gəlib. (Aleksey həyatdan tez köçüb, 2000-ci ildə o, vəfat edib)

Aktyor işi ilə yanaşı, Yuri Boqolyubov həm də dublyajda çalışıb.

O, 1975-ci il oktyabrın 7-də qəflətən xəstələnərək dünyasını dəyişib. Yuri Boqolyubovun xanımı Qalina uzun müddət “Mosfilm”də montajçı assistenti vəzifəsində çalışıb.

Yuri Boqolyubovun rol aldığı “Uzaq sahillərdə” filmi çəkilərkən xeyli maraqlı hadisələr yaşanıb. Belə hadisələrdən biri elə Yuri Boqolyubovla bağlıdır. Belə ki, Veselin (Yuri Boqolyubov) öləndə Mixaylo (Nodar Şaşıqoğlu) onu qolları üstünə götürə bilmir. Filmin yaradıcı heyəti bu ekstremal vəziyyətdən çıxış yolu taparaq, problemi belə həll edirlər: filmin II rejissoru Rüfət Şabanov aktyor Nodar Şaşıqoğlunun (Mixaylo) əvəzinə Veselini qucağına alıb aparır. Təbii ki, bu kadr arxadan və yan tərəfdən elə lentə alınır ki, tamaşaçı vəziyyəti anlamasın. Belə də olur və yaradıcı heyət vəziyyətdən uğurla çıxa bilir.



A.Qorxmaz

Mənbə:
0
115
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar