Qarabağın dark turizm potensialı: erməni barbarlığını dünya daha yaxından görəcək

Bakı. Çingiz Səfərli - Trend:

Tarixi qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən artıq bir il ötür. Münaqişə geridə qalıb və indi qarşıda duran əsas vəzifə düşmənin 30 ilə yaxın bir müddətdə viran qoyduğu ərazilərimizi yenidən qurmaq, qayıdış üçün əlverişli zəmin formalaşdırmaqdır. Artıq xeyli yol qət edilib, rabitə-kommunikasiya xətləri çəkilib, kilometrlərlə yeni yollar salınıb, dağıdılan binaların, tarixi-mədəni abidələrin bir hissəsi bərpa olunub. Bir tərəfdən Qarabağın tarixi görkəmi özünə qaytarılır, digər tərəfdən yaşayış üçün ən müasir infrastruktur qurulur.

Həm coğrafi yerləşmə baxımından, həm tarixi-mədəni, nadir təbii-iqlim xüsusiyyətlərinə, həm də zəngin flora və faunasına görə Qarabağ regionu ölkənin turizm sənayesinin inkişafı üçün də yeni qapılar açır.

Bu barədə Trend-ə açıqlama verən millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov Qarabağın turizm potensialının yüksək qiymətləndirildiyini bildirib. Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərimizdə elə şəhər və rayonlarımız var ki, onlar Cənubi Qafqazda turizm baxımından rəqibsizdir: “Məsələn, Şuşanın, Kəlbəcərin adını çəkmək olar. Burada yay-qış fəsillərində turizm xidmətləri göstərmək mümkündür. Nəqliyyat və logistika müasir standartlarla qurulub. Həmçinin, Füzulidə beynəlxalq aeroport tikilib. Bu, turistlərin daha rahat şəkildə ərazilərimizə səfər etməsinə imkan yaradır. Statistikaya nəzər salsaq, görərik ki, pandemiyadan əvvəl, 2019-cu ildə Azərbaycana 3,2 milyon turist gəlib. Bu, ondan xəbər verir ki, Azərbaycanın böyük daxili turizm potensialı var və işğaldan azad olunan ərazilərimiz də buna öz töhfəsini verəcək”.

Digər tərəfdən, bölgədə son 30 ildə iki müharibənin baş verməsi, ermənilərin işğal boyunca yaşayış sahələrini, abidələri vəhşicəsinə dağıtması, xalqımızın başına gətirilən müsibətlər Qarabağda eyni zamanda dark turizmi inkişaf etdirməyə də imkan verir.

Trend-ə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev də bildirmişdi ki, Ağdamda dağıdılmış binaların bəzilərini olduğu kimi saxlamaq fikrindədirlər: “Şəhərin müəyyən hissəsində dağıdılmış binalardan bir kvartal saxlayacağıq. Bu, həm xarici turistlərin marağını cəlb edər, həm də gələcək nəsillər üçün bir xatırlatma olar. Tariximizi unutmamalı, keçmişimizdən dərs çıxarmalıyıq”.

Bəs dark turizm nədir?

Bu termin ilk dəfə 1996-cı ildə Böyük Britaniyanın Qloskov Kaledonian Universitetinin alimləri Con Lennon və Malkolm Foley tərəfindən irəli sürülüb. Dark turizm adından da göründüyü kimi qaranlıq, hüzn turizmidir. Bu turizmə maraq göstərənlər isə dark (qara) turist adlandırılır. Son illər turizm sektorunda baş verən dəyişikliklər alternativ turizm növlərinə olan marağı artırır. Dark turizm də gün keçdikcə populyarlığı artan alternativ növlərdəndir. Turizmin təbiətinə xas olaraq istirahət etmək, əylənmək və yaxşı vaxt keçirməkdən çox fərqli olan dark turizm tarixi mənada ölüm və tragediyalarla bağlı yerlərə edilən səyahət növüdür. Tarixdə yaşanmış faciələr, baş vermiş müharibələrin yaratdığı çətinliklər, fəlakətlər dark turizmin konseptini təşkil edir.

Əslində, ölkəmizdə fərqində belə olmadan hər birimizin getdiyi bir nöqtə var - Şəhidlər Xiyabanı. Bakımızın ən gözəl yerlərindən birində yerləşir və dark turizm obyekti sayılır. Həmçinin, Qubadakı toplu məzarlığı da bura aid etmək olar. Dark turizm digər tərəfdən təbliğat vasitəsidir. Burada həm ümumbəşəri, həm də sırf bir millətin maraqları qoruna bilər.

Turizm eksperti Əhməd Qurbanovun Trend-ə verdiyi açıqlamaya görə, Qarabağda dark turizm üçün kifayət qədər resurs var: "Dark turizm dünya praktikasında önəmli yer tutur. Biz beynəlxalq təcrübəni Qarabağda da tətbiq edə bilərik. İnfrastruktur layihələri bitdikdən sonra orada dağıdılmış binaların bir hissəsini bərpa etmədən saxlayıb, düşmənin törətdiyi barbarlığı gələn turistlərə göstərmək olar. Həmçinin, dağılmış vəziyyətdə qalan müxtəlif hərbi texnikaları olduğu yerdə şüşə vitrin altında sərgiləmək mümkündür. Yəni, turistlər görsün ki, burada tarixin hansı səhifələri yazılıb və müzəffər ordumuz hansı yollardan keçərək ərazilərimizi işğaldan azad edib. Bundan başqa, döyüşdə iştirak etmiş şəxslərin videolarını da həmin ərazidə muzey yaradıb nümayiş etdirmək olar. Düşünürəm ki, bu, müharibənin bütün incəliklərini dünyaya çatdırmaq baxımından yaxşı vasitə olar. Eyni zamanda, turizm baxımından da potensiallı bir növdür. Azərbaycanda hazırda bu turizm növü o qədər də inkişaf etməyib".

Məsələ ilə bağlı Trend-ə danışan turizm eksperti Ceyhun Aşurovun da Qarabağda dark turizmin inkişafının bütövlükdə ölkə turizminin inkişafına böyük təkan verə biləcəyini qeyd edib: "Qarabağda qanlı döyüşlər gedib. Şəhidlər verərək bu əraziləri geri qaytarmışıq. Mediadan əldə etdiyimiz məlumatlara görə, məhz müəyyən həlledici döyüşlərin olduğu yerlərdə açıq hava muzeylərinin yaradılması nəzərdə tutulub. Həmçinin, dağıntıların nümunə kimi saxlanması da planlaşdırılır. Hesab edirəm ki, bu, həm yerli, həm də xarici turistlər üçün maraqlı olar”.

Məlumat üçün qeyd edək ki, Avstraliyanın "1cover.com.au" adlı tanınmış turizm portalında da ötən il Ağdamın dark turizm potensialından bəhs olunub. Məlumatda qeyd olunub ki, 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ağdam Ermənistan tərəfindən işğal olunub və təxminən 100 min insan buranı tərk etmək məcburiyyətində qalıb. Bu gün üfüqə qədər uzanan xarabalıqları ilə Ağdam dünyanın ən böyük dark turizm destinasiyalarından biri olmağa davam edir.

Təkcə Ağdamda yox, Qarabağın hər yerində erməni vəhşiliyinin nümunələrinə rast gəlmək olar. Bu gün Şuşada tarixi şəxsiyyətlərimizin bərpa olunan heykəllərinin yanında gülləbaran edilmiş əvvəlki abidələri də qoyulur. Bu da bir növ tarixi-mədəni turizm daxilində dark turizm məhsulu ola bilər.

Sonda dünyada ən çox ziyarət edilən dark turizm destinasiyasılarından bəzilərini təqdim edirik:

Auşvitz həbs düşərgəsi(Polşa)
İkinci Dünya Müharibəsi zamanı faşitlərin Avropa yəhudilərini topladığı ən böyük düşərgələrdən biri olan "Auşvitz" düşərgəsində 1 milyondan çox insan qətlə yetirilib. Qapısında alman dilində təzad yaradan "Çalışmaq gözəldir" yazısı olan destinasiya turistlərin ən çox maraq göstərdiyi yerlərdəndir. Statistikaya görə, 2019-cu ildə Auşvitzi 3,3 milyon turist ziyarət edib. Bu rəqəm 2018-ci illə müqayisədə 170 min nəfər çox olub.

Pompey (İtaliya)
Dark turistlərin ən çox üz tutduğu məkanlardan biri də İtaliyanın Kampaniya bölgəsində yerləşən antik Roma şəhəri Pompeydir. Təxminən 2000 min il öncə Vezuvi vulkanının püskürməsi nəticəsində lavalar altında qalan şəhər XVII əsrdən başlayan arxeoloji qazıntılarla üzə çıxarılıb. Bu gün İtaliyaya səfər edən turistlərin əksəriyyəti buranı ziyarət edir.

Çernobl (Ukrayna)
24 aprel 1986-cı ildə Ukraynanın Pripyat şəhərinin yaxınlığındakı Çernobl Atom Elektrik Stansiyasının dördüncü eraktorunda baş vermiş partlayış insanlıq tarixinin ən böyük faciələrindən biridir. On minlərlə insanın həyatını itirdiyi bu yerdə hələ də yaşayış mümkün deyil. Lakin bir neçə il bundan əvvəl bölgənin bəzi yerlərinə nüvə ilə bağlı məlumatlandırma məqsədilə turlar təşkil olunur.

"Costa Concardia" qəzası (İtaliya)
2012-ci ilin 13 yanvarında İtaliyanın Tiskana bölgəsində "Costa Concardia" adlı sərnişin gəmisi qayalara çırpılaraq batıb. Qəza artıq dəniz faciələrini tarixində ön sıralarda yer alır. Bu qəza dənizçilik sektoruna da böyük zərbə vurmuş, 32 sərnişin həyatını itirmiş, 64 nəfər isə yaralanmışdı.

Oradur-sür-Qlan qətliamı (Fransa)
Fransanın Cənub-Qərbində Limoj (Limuzen) şəhərindən 22 km şimal-qərbdə yerləşən bu yaşayış məntəqəsində, ikinci dünya müharibəsi vaxtı 10 iyun 1944-cü ildə SS "Reyx" diviziyasının dəstəsi sakinləri kütləvi surətdə vəhşicəsinə qətlə yetiriblər. Fürer alayının 3-cü rotası kəndə daxil olaraq bütün kişiləri güllələyib, qadın və uşaqları isə kilsəyə toplayaraq yandırıblar. Ümumilikdə, 642 nəfər öldürülüb, bütün evlər uçurulub və yandırılıb. Kəndin qalıqları insanlığa qarşı cinayət nümunəsi kimi qorunub. Köhnə kəndin dağıntıları yaxınlığında isə yeni kənd salınıb. Həmin hadisələr fransız rejissoru Robert Enrikonun 1975-ci ildə çəkdiyi "Köhnə tüfəng" filmi üçün əsas olub.

Bundan başqa, Nyu-Yorkda 9/11 Qoşa Qüllələr Memorial kompleksi, Hiroşima, Alkatraz həbsxanası, Paris katakombaları kimi məkanlar da məşhur dark turizm destinasiyalarıdır.

Mənbə:
0
122
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar