Zooparka gedənlərin sayı 5 min nəfər olub, məktəblər niyə bağlansın?!

“Hazırda Azərbaycanda fəaliyyət göstərən 4435 məktəbdə 85626 sinif var. 22-29 sentyabr tarixlərindən sonra ənənəvi tədris bərpa edildikdə təbii ki, yoluxma sayının artması gözlənilən idi. Çünki hazırda orta ümum təhsil məktəblərində 1,6 milyon şagird təhsil alır. 51 ali təhsil müəssəsində 186 min tələbə oxuyur. Birmənalı şəkildə ali təhsil müəssələrinin və orta ixtisas təhsil müəssisələrinin açılması yoluxma sayına öz təsirini göstərəcəkdi”.

Bu fikirləri Modern.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov son günlər orta və ali məktəblərdə yoluxma sayının artımasına münasibət bildirərkən deyib.

Ekspert qeyd edib ki, bu günə olan məlumata görə 85626 sinifdən 290 qədərində yoluxma müşahidə edilib:

“Eyni zamanda 4435 orta ümum təhsil məktəbin 7-də COVID-19 yoluxma faktına görə distant təhsilə keçib. Görürük ki, distant təhsilə keçənlərin, sinif və məktəb olaraq 0,5 faizi ətrafında olan bir rəqəmdir. Yəni, şagird və təhsil müəssələrində çalışanlar arasında yoluxanlar ölkə üzrə yoluxanların 2 faizi ətrafındadır. Bu ciddi rəqəm deyil. Qeyd edim ki, təhsil müəssisələrinin koronavirusa görə bağlanması düzgün yanaşma deyil. Çünki biz bundan əvvəlki rəqəmlərə baxanda görürük ki, hətta yoluxmanın ən pik həddə olduğu müddətdə belə, ölkədə məktəblər fəaliyyət göstərmirdi. Bu zaman məktəblərin fəaliyyəti olmadığına görə birmənalı şəkildə yoluxmanın sayının artmasında təhsil müəssisələrini günahkar hesab edə bilmərik.

Digər tərəfdən isə təhsil öz ətrafında 2 milyon insanı birləşdirir. Bu qədər insan haradasa yoxlanmaya cəlb edilməlidir. Koronavirus infeksiyasına yoluxub-yoluxmama faktı varsa, cəmiyyətdən təcrid olunmalıdır. Əgər biz məktəbləri, universitetləri, orta ixtisas təhsil müəssisələrini bağlasaq, bu qədər insanları biz yoxlaya bilməyəcəyik. Məktəblər olanda isə artıq yoluxmuş şəxs müəyyənləşir və o cəmiyyətdən təcrid olunur”.

K. Əsədov bildirib ki, 2019-cu ilin payız aylarına baxsaq, koronavuirusun olmadığı vaxt 33 min 897 azyaşlı uşaqda qrip, yuxarı tənəffüs yollarının iltihabı, sətəlcəm, bakterial mövsümi xəstəliklər olub:

 

“Həmin il bu və ya digər xəstəlikdən vəfat etmiş məktəblilər də statistikada öz əksini tapıb. Yəni, bu gün istər Sumqayıt, Ağdam məktəblisində bu faktın olması o demək deyil ki, bunlar koronavirusun nəticəsidir. Ümumilikdə, hər kəs haqlı olaraq narahatdır. Qripə yoluxanların sayı kifayət qədər çoxdur. Amma bir məqamı da da qeyd edim ki, 22-29 sentyabr tarixlərinə qədər Təhsil naziri Emin Əmrullayevin, mənim və nazirliyin sosial şəbəkə hesabına valideynlər, şagirdlər, tələbələr yazırdılar ki, məktəblər, universitetlər açılsın. İndi həmin şəxslər ənənəvi təhsildəki müəyyən çətinlikdən istifadə etməyə çalışırlar. Çox təəssüflər olsun ki, biz onlayn təhsilə keçsək, heç də yaxşı nəticələr gözlənilmir. Çünki 1 il 6 aylıq təcrübə göstərdi ki, Azərbaycanda məsafədən təhsilin keyfiyyətini təşkil etmək mümkün deyil. Bizim şagirdlərin, tələbələrin heç də hamısının texniki avadanlıqlarla tam təchizatı yoxdur. Hətta bunlar olsa belə, bütün fənləri onlayn qaydada tədris etmək mümkün deyil. Texniki və təbiət fənnləri ilə bağlı çətinliklər var”.

Təhsil eksperti şənbə və bazar günləri monitorinqlər aparıldığı zaman ictimai nəqliyyat, kafe-restoran, küçə və parklarda ara məsafənin gözlənilmədiyinə, dezinfeksiya işlərinin mütəmadi aparılmadığına diqqət çəkib:

“Amma bu işlərin görüldüyü və gözlənildiyi yeganə yer təhsil müəssisələridir. Distant təhsil istəyənlərin böyük əksəriyyəti bundan sui-istifadə etməyə çalışırlar. Onlayn təhsil zamanı tələbə və şagirdlər kameranı, mikrafonu söndürür, dərsdə aktiv iştirak etmir, müəllimlər dərsləri zəif keçir. Bütün bu amillərin hər biri bizə distant təhsilə keçidin çətinliklərindən xəbər verir. Təkcə şənbə -bazar günləri zooparka gedənlərin sayı 5 min nəfər olub. Eyni zamanda Bakıda fəaliyyət göstərən uşaq-əyləncə mərkəzlərindən istifadə edən uşaqların sayı 18 min nəfərə çatıb. Biz həmin məkanlarda qaydalara riayət edilmədiyini şahidi olmuşuq. Hesab edirəm ki, təhsilin distanta keçirməməliyik. Bütün hallarda biz alternativ təhsil almağı tətbiq etməliyik. Valideynlər övladlarından narahatdırsa, onlar öz istəklərinə uyğun olaraq distant təhsilə keçə bilərlər. Amma bu əvvəlki “Microsoft times” proqramı ilə olmamalıdır. Bu BDU-nun tətbiq etdiyi “Blackboard” proqramı ilə olmalıdır. Çünki burada siz kameranı söndürsəniz, avtomatik dərsdə iştirakınıza qayıb yazılacaq və müəllim dərsi tez bitirə bilmir. Distant təhsili müəyyən qədər sərt tələbkar şəkildə tətbiq edə bilərik. Hesab edirəm ki, onlayn dərslər şagirdlərə fiziki, psixoloji problemlər yaradır. Yenidən biz qapanmaya getsək, bunun ciddi fəsadları olacaq”.

Mənbə:
0
68
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar