Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov Fransanın “FranceInter” radiostansiyasına müsahibəsində Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesində potensial vasitəçi kimi Fransaya etimadın 0 səviyyəsində olduğunu bildirib. O, Fransanın Ermənistanla hərbi-texniki əməkdaşlığı genişləndirmək qərarını rəsmi Parisin qərəzliliyinin bariz sübutu kimi qiymətləndirib.
Əmirbəyov Fransanın bu addımını ehtiyatsızlıq kimi səciyyələndirib, və bildirib ki, nəinki onun regionda “sülhməramlı” reputasiyasına xələl gətirir, həm də gərginliyi artırır və regionu potensial olaraq təhlükəli hərbi qarşıdurma yoluna aparır.
Qeyd etmək lazımdır ki, bir neçə gün öncə Fransanın xarici işlər naziri Ketrin Kolonna İrəvanda bəyan etmişdi ki, Paris İrəvanla hərbi texnikanın verilməsinə dair saziş imzalamağa razıdır.