İqtisadi diplomatiya (tam mətn)
SİYASƏT
21:06
02.09.2024
Baxılıb: 790
İqtisadi diplomatiya (tam mətn)

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin təhlili

Əvvəli burada:

//sam.az/az/politics/453203/iqtisadi-diplomatiya-cssc-baku-teleqram-kanalinin-tehlili

 

Müstəqilliyin ilk illərində Azərbaycan münaqişə, işğal və etnik təmizləmə kimi problemlərlə qarşılaşdığından onun xarici siyasəti əsasən bu istiqamətlərə yönəldi. Bu dövrdə yaşanan siyasi və iqtisadi böhran, işğala görə böyük iqtisadi resursların əldən çıxması iqtisadi inkişaf imkanlarını ciddi şəkildə daraltdı. Buna baxmayaraq, Azərbaycan işğal dövründə iqtisadiyyatın əsas və strateji sahələrini inkişaf etdirə bildi.

Ona görə də, əgər münaqişə həm də Azərbaycanın iqtisadi inkişafının qarşısını almaq üçün nəzərdə tutulmuşdusa, bu baş vermədi. Azərbaycan mövcud olan bütün məhdudiyyətlərə baxmayaraq iqtisadi müstəqilliyini təmin etməyi bacardı. Sonrakı dövrdə sürətli iqtisadi inkişaf neft və qaz gəlirləri hesabına təmin edildi və digər sahələrin inkişafı üçün də zəruri infrastruktur formalaşdırıldı. Uğurlu neft-qaz-strategiyası Azərbaycanı böhran içində olan kasıb ölkədən yuxarı orta gəlirli ölkəyə çevirdi. 

Artıq Azərbaycan münaqişəni həll edərək öz ərazi bötövlüyünü bərpa edib və bu xarici siyasətdə yeni prioritetlərin formalaşmasına imkan verir. İşğal faktının olmadığı yeni reallıqda Azərbaycan qarşısında dayanan iki əsas vəzifə var.

Birinci vəzifə qonşuluqda təhlükəsiz və stabil region formalaşdırmaqdır. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı uzun illər Cənubi Qafqaz regionunu qeyri-stabil bölgəyə çevirməklə onun ümumi inkişafına mənfi təsir etdi. İşğal dövründə Azərbaycan regional əhəmiyyətə malik olan layihələr icra etsə də, münaqişə bölgədə mövcud olan iqtisadi potensialdan və əməkdaşlıq imkanlarından tam istifadə etməyə imkan vermirdi. Ona görə hazırda münaqişə bitdiyindən regionda iqtisadi əməkdaşlıq potensialından tam istifadə üçün şərait yaranıb. Belə şəraitdə Azərbaycan qonşuluqda stabil region formalaşdırmaqla həm regionun inkişafına tövhə vermək məqsədi güdür, həm də regionun aparıcı ölkələrindən biri kimi öz siyasi və iqtisadi mövqeyini möhkəmləndirməyə çalışır. Onu nəzərə alsaq ki, Cənubi Qafqaz regionu hər zaman rəqabət meydanı olub və Qarabağ münaqişəsinin həll edilməməsi məhz bu rəqabətin bir nəticəsi idi, o zaman rəqabət səviyyəsinin azaldılması və bununla yeni münaqişələrin qarşısının alınması böyük əhəmiyyət daşıyır.

İkinci vəzifə isə iqtisadi inkişafı sürətləndirməkdir. Azərbaycan özünün uğurlu neft qaz strategiyası ilə həm də səmərli iqtisadi diplomatiya formalaşdırmağa nail oldu. Bu diplomatiya onu Avropanın əsas enerji təminatçılarından birinə çeviməklə iqisadi mövqeyini daha da gücləndirdi, regionda öz formatlarını quraraq əməkdaşlığı genişləndirməyə şərait yaratdı.

Lakin, Azərbaycan neft və qaz gəlirləri hesabına sürətli iqtisadi inkişafa nail olsa da, bu həm də onun bu sektordan asılılığını artırıb. Ona görə də hazırda iqtisadi inkişaf strategiyasının əsas məqsədi qeyri-neft sektorunun inkişafına nail olmaq və bununla da davamlı iqtisadi inkişafı təmin etməkdir. Qeyri-neft sektorunun inkişafında azad edilmiş ərazilərin sahib olduğu kənd təsərrüfatı və enerji resursları da böyük rol oynamaq potensialına malikdir. Eyni zamanda, Azərbaycanın yaşıl enerji ixracı istiqamətində irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi layihələr də davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından əhəmiyyətlidir.

Yeni mərhələdə iqtisadi inkişafın sürətləndriməsində gömrük ittifaqları ilə əməkdaşlığın genişləndirilməsi də vacibdir. Hazırda Azərbaycanın ətrafında iki gömrük ittifaqı var: Avrasiya İqtisadi Birliyi (AİB) və Avropa İttifaqı (Aİ). Azərbaycan bu ittifaqlara üzv olmasa da, ora daxil olan bir çox ölkələr ilə sıx iqtisadi əlaqələrə malikdir. Azərbaycanın kənd təsərrüfatı ixracının böyük hissəsi AİB bazarına, enerji ixracının əsas hissəsi isə Aİ bazarına yönəlib. Bu ittifaqlara üzvlük Azərbaycanın qeyri-neft ixracını genişləndirməsi baxımından əhəmiyytəli olsa da özündə müəyyən siyasi risklər daşıyır.   

Hazırkı Azərbaycanın iqtisadi sahədə qarşısında duran əsas məqsəd qeyri-neft sektorunun inkişafını sürətləndirmək, bu sektorun iqtisadi artımda rolunu yüksəltməkdir. Bu Azərbaycan üçün həm enerji bazarında yarana biləcək şoklardan özünü qorumaq, həm də davamlı iqtisadi inkişafı təmin etmək baxımından önəmlidir.

Son illərdə qeyri-neft məhsullarını ixracında artım müşahidə edilsə də və bu sektorun iqtisadi inkişafda rolu artsa da, hələ də iqtisadiyyatda neft və qaz sektoru dominantlıq etməkdədir. Statsitik rəqəmlərə baxsaq görərik ki, 2023-cü ildə ixrac edilən Azərbaycan mənşəli qeyri-neft məhsullarının ümumi ixracda payı 8.82%-ni təşkil edib. Son beş ildə qeyri-neft məhsullarının ixrac həcmi 49.5% və ya 990 milyon dollar artaraq 2.99 milyard dollara çatıb. Son illərdə qeyri-neft məhsullarının ixracının artım tempi yüksək olsa da həcmi azdır və xarici ticarətdə payı hələ də kiçikdir.  

2023-cü ildə qeyri-neft məhsulları içərisində ixracda ən çox paya sahib olan məhsul növləri meyvə-tərəvəz və elektrik enerjisi olub ki, onlarında ixracda payı müvafiq olaraq 24.3% və 13.5% təşkil edib. Bu məhsulların birlikdə qeyri-neft ixracında payı 37.8%, ümumi ixracda payı isə 3.3% təşkil edib. Digər ən çox ixrac edilmiş məhsullara etilen polimerlәri, pambıq lifi, polipropilen, qara metallar  və.s. məhsullar aid olub. Göründyü kimi, Azərbaycanda qeyri-neft məhsullarının ixracda payı az olmaqla yanaşı, qeyri-neft ixracı daha çox xammal ixracına əsaslanır və məhsul baxımından təmərküzləşmə böyükdür. Ona görə bu məhsullar əlavə dəyərin yaradılmasına çox tövhə verə bilmir.

Bundan başqa, qeyri-neft ixracının strukturunda məhsullar ilə yanaşı ölkələr baxımından da təmərküzləşmə böyükdür. Belə ki, qeyri-neft ixracının 33%-i Rusiyanın, 23%-i Türkiyənin, 10%-i isə Gürcütsanın payına düşür. Ümumilikdə bu ölkələr Azərbaycanın qeyri-neft ixracının 66%-nə sahibdir.

Azərbaycanın qeyri-neft ixracının az olması və onun strukturunda ölkələr və məhsullar baxımından təmərküzləşmənin yüksək olmasının obyektiv və vacib səbəblərindən biri Azərbaycanın gömrük ittifaqlarına üzv olmaması, bu üzvlük vasitəsilə güzəştlər əldə edə bilməməsi və bu məkanlar çərçivəsində ticarət zəncirinə qoşula bilməməsidir. Aydındır ki, qeyri-neft istehsalının və ixracının artırılması üçün yeni bazarlara daxil olan məhsulların istər keyfiyyət, istərsə də qiymət baxımından rəqabətqabiliyyətinin yüksək olması vacibdir. Ona görə də gömrük ittifaqlarına daxil olmaq və ya xüsusi əməkdaşlıq formalarının tapılması yerli istehsalçıların qeyri-neft sektoruna marağının artması və qeyri-neft ixracının stimullaşdırılması baxımından vacibdir.

Lakin, bu ittifaqlara daxil olmaq üçün Azərbaycanın qarşısında dayanan məhdudiyyətlər vardır. Məsələn, Azərbaycanın hazırda ən çox ixrac etdiyi qeyri-neft məhsulları olan kənd təsərrüfatı məhsulları AİB-ə üzv olan ölkələr tərəfindən də istehsal və ixrac edilir. Bu ölkələrdə Azərbaycanın ənənəvi qeyri-neft məhsulu olan meyvə və tərəvəzə tələbat böyük deyildir. Ona görə də AİB bazarına qeyri-neft məhsullarının ixracını genişləndirmək üçün Azərbaycan digər, qeyri-ənənəvi qeyri-neft məhsullarının istehsalını artırmalıdır ki, bu məhsullar həmin bazarda rəqabət qabiliyyətli olsunlar.

Aİ bazarı isə Azərbaycan üçün daha rəqabət qabiliyyətli istehsala keçid və dünya bazarında mövqeyin möhkəmləndirilməsi baxımından imkanlar açır. Lakin, Aİ bazarına daxil olmaqla bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyün olmaması, yerli istehsalçıların Aİ standartlarına uyğunlaşması kimi problemlər mövcuddur. Ümumiyyətlə, dünya bazarına çıxış və qeyri-neft ixracının artırılması baxımından ÜTT-yə üzvlük vacibdir. Ona görə ki, ÜTT standartlarına keçmədən sərfəli şərtlərlə ixrac imkanları əldə etmək çətindir. Qeyri-neft ixracının artırılmasının ilkin mərhələsində isə təbii olaraq bu sərfəli şərtlərin əldə edilməsi vacibdir. Bu məsələlər həll olduğu halda Azərbaycan Aİ bazarına ənənəvi qeyri-neft məhslları, xüsusilə də kənd təsərrüfatı malları ilə çıxa bilər.

Azərbaycan qeyri-neft ixracının artırılması istiqamətində zəruri tədbirlər həyata keçirməklə mövcud məhdudiyyətləri aradan qaldıra və gömrük ittifaqları ilə əməkdaşlığı genişləndirməklə qeyri-neft ixracının əsaslı şəkildə artımına nail ola bilər.

Qeyri-neft ixracının artırılması baxımından ilkin şərt qeyri-neft istehsalının artırılmasıdır. Bunun üçün emal sənayesinin inkişafının sürətləndirilməsi, yeni istehsal sahələrinin yaradılması, isthesal prosesinin bütün mərhələlərini keçən məhsul istehsalının stimullaşdırılmasına ehtiyac vardır. İstehsal və ixracın diversifikasiyası mürəkkəb proses olduğundan ilkin mərhələdə üfüqi diversifikasiyanın tətbiqi (eyni sektorda istehsal edilən məhsul növlərinin artırılması) məqsədəuyğun olar. Məsələn, ilkin mərhələdə kimya sənayesi və kənd təsərrüftına aid olan emal mərhələlərini keçmiş məhsulların istehsalını artırmaq olar. Daha sonra şaquli diversifikasiyaya (fərqli sektorlarda istehsalın artrılması) keçid etmək mümkündür. Şaquli diversifikasiyanın həyata keçiriləcəyi sahələrə isə yüngül sənaye, ağır sanaye, turizm, maliyyə və rəqəmsal xidmətlər, İT kimi sahələr aid ola bilər.

Qeyri-neft sektorunda istehsalın artırılması istehsal ediləcək məhsullara olan tələbdən birbaşa asılıdır. Azərbaycan kiçik daxili bazara malik olduğundan qeyri-neft sektorunun böyük miqyaslı inkişafını həyata keçirmək üçün xarici bazarlara çıxış imkanlarını genişləndirilməsinə, Azərbaycan məhsullarına tələbatın çox ola biləcəyi bazarların müəyyən edilməsinə ehtiyac vardır. Bu istiqamətdə dövlət mülkiyyətində olan istehsal sahələrinin xarici sərmayədarların iştirakı ilə özəlləşdirilməsi vacib şərtdir. Qeyri-neft ixracının əsaslı şəkildə artırılması və davamlılığıının təmin edilməsi üçün yeni bazarların tapılması və istehsal səviyyəsinin artırılması paralel şəkildə aparılmalıdır.

Xarici bazarlara çıxış əldə etmək üçün isə gömrük ittifaqları ilə münasibətlərə yenidən baxıla və ikitərəfli münasibətlər əsasında yeni bazarlara çıxmaq imkanları nəzərdən keçirilə bilər. Məsələn, Avrasiya İqtisadi Birliyinin bazarına daxil olmaq üçün Azərbaycan qeyri-ənənəvi qeyri-neft məhsullarının istehsalını artırmalı və bu bazara yönəltməlidir. Avropa İttifaqının (Aİ) bazarına daxil olmaq üçün isə Ümumdünya Ticarət Təşkilatına üzvlük kimi institutusional problemlər həll edilməli və istehsal Aİ standartlarına uyğunlaşdırılmalıdır. Eyni zamanda Türk Dövlətləri Təşkilatının iqtisadi məkanı da bu baxımdan faydalı ola bilər.

Gömrük ittifaqlarına daxil olmaq üçün mövcud prrblemləri nəzərə aldıqda, bu problemlər həll edilənə kimi Azərbaycan ikitərəfli əsasda ticarət əlaqələrinin inkişaf etdirərək yeni bazarlara daxil ola bilər. Azərbaycanın qeyri-neft məhsullarının ixrac edilə biləcəyi potensial bazarlara bir neçə regional qrupu aid etmək olar: Orta Şərq və Şimali Afrika (MENA), Cənub-Şərqi Asiya, Cənubi Asiya, Mərkəzi Asiya. Bu bazarlara daxil olmaq üçün Azərbaycanın bu ölkələr ilə ikitərəfli, coxtərəfli, regional və azad ticarət sazişləri imzalaması faydalı ola bilər. İyul ayında Azərbaycan ilə Çin arasında imzalanan strateji tərəfdaşlığın qurulması haqqında bəyannamə bu baxımdan xüsusi rol oynayır. Ona görə də Çinlə və Mərkəzi Asiya ilə Orta Dəhliz, Rusiya ilə Şimal-Cənub dəhlizi çərçivəsində əməkdaşlıq turizm və nəqliyyat kimi qeyri-neft sektoruna aid olan sahələrin inkişafına yol aça bilər.

Bundan başqa, qeyri-neft ixracının artırılmasında xarici ölkələrdə ticarət nümayəndəliklərinin sayının və səmərəsinin artırılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, sənayeləşmənin artırılması kimi tədbirlər də faydalı ola bilər. Bunun üçün ümumi baxış formalaşdırılmalı, bu baxış çərçivəsində dövlət zəruri şərait yaratmalı, dövlətin bütün strukturlarının fəaliyyəti iqtisadi fəallığın artırlmasına yönəldilməlidir. Belə mühit formalaşdırıldıqdan sonra əsas yer özəl sektora verilməli və qeyri-neft sektorunun inkişafında özəl sektor drayverə çevrilməlidir. Əsas məqsəd yaxın beş-altı il ərzində qeyri-neft ixracını 10 milyard dollara çatdırmaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Dünyanın ən yaxşı dron pilotları TEKNOFEST-də yarışıblar
16:58
Sağlam həyatın açarı: Daimi gəzinti
15:49
Müharibə Türkiyənin enerji sektoru üçün müəyyən təhdidlər yaradıb
15:22
Konfrans məkanında kişilər və qadınlar üçün iki meditasiya/ibadət otağı olacaq
15:17
Bəzi şəxslər dedikləri və ya yazdığı sözlərə görə məsuliyyət daşımayacaq
15:12
Azərbaycan COP29-un maliyyə öhdəlikləri ilə yanaşı digər faktiki əlavə xərcləri öz üzərinə götürür
14:54
Gürcü politoloq: Qərb ölkələri Gürcüstanda çaxnaşma salmağa çalışırlar
14:04
İraqın şimalında altı PKK-çı öldürülüb
13:50
ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb
13:49
Moskvada MDB XİN rəhbərlərinin Şurasının iclası başlayıb
13:45
Bu il ARDNF AÇG-nin işlənməsindən 4,6 milyard dollardan çox gəlir əldə edib
13:44
ABŞ bir il ərzində İsrailə hərbi yardım üçün 17,9 milyard dollar xərcləyib
12:43
Britaniya qanunsuz miqrantların sayına görə Avropada birinci yerdədir
12:41
Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır
12:39
Gürcüstanda prezidentin impiçment proseduru bərpa ediləcək
12:38
Bəhruz Quliyev: "Qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı layihələr hazırlanıb"
12:07
Azərbaycanda beynəlxalq ticarətlə məşğul olan sahibkarların əsas gözləntiləri açıqlanıb
12:05
Ekspert: Qazaxıstanda AES-in tikintisi üzrə beynəlxalq konsorsiumun yaradılması risklidir
12:03
Azərbaycanın belaruslu milli qəhrəmanının anasına hədiyyə və yardım çatdırılıb
12:02
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının törəməsi yenidən təşkil edilir
11:58