“Qarabağ” üçün TƏHLÜKƏLİ ADAM gəlir

UEFA-nın Hakimlər Komitəsi oktyabrın 21-də Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Kayrat” görüşünü Ukraynadan olan hakimlər briqadasına tapşırıb.

Sportinfo.az xəbər verir ki, cümə axşamı meydanda əsas söh sahibi Yevgeni Aranovski olacaq.

Həmin referi ki, azərbaycanlı futbolsevərlərə və Azərbaycan təmsilçilərinə yaxından tanışdır.

Kiçik xatırlatma olaraq qeyd edək ki, 45 yaşlı ədalət təmsilçisi 2011-ci ildən beynəlxalq oyunlara təyinat alır. Və bu müddətdə 67 beynəlxalq matç idarə etməyə imkan tapıb.

Bunlardan 3-ü təmsilçilərimizin iştirakı ilə keçirilən qarşılaşmalara təsadüf edibsə, Aranovski iki dəfə Bakıya səfər edib.

Paytaxtımıza ilk dəfə 2014-cü ildə gəlib. Əsas millimiz AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 14-də “Bakcell Arena”da Norveçi qəbul edəndə, oyunu hakimi ukraynalı olub. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Növbəti səfəri də noyabra təsadüf edib, lakin bu dəfə 2016-cı ilə, ayın 24-nə. “Qəbələ” Avroliqanın qrup mərhələsində “Bakcell Arena”da “Anderlext”i qonaq edəndə, meydanda yaşananlara Aranovski nəzarət edib.

Təmsilçimizin xeyrinə iki penalti versə də, zərbənin birini boşa verən Rikardinyo, digərini qola çevirməyi bacarıb. Rəşad Eyyubov isə, ikinci sarı vərəqəni alaraq 88-ci dəqiqədə meydanda qovulub. Oyun Belçika nəhənginin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakıya üçüncü səfərində də ayağı bizimkilər üçün düşərli olmayıb. 2019-cu ilin sentyabrında Avroliqanın qrup mərhələsinin ilk turu çərçivəsində baş tutan “Qarabağ” – “Sevilya” duelində hakim ukraynalı olub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün ilk hissəsi qolsuz bərabərliklə tamamlansa da, İspaniya təmsilçisi fasilədən sonra 3 cavabsız qolla istəyinə çatıb.

Göründüyü kimi, Aranovskinin idarəçiliyi ilə Bakıda baş tutan 3 oyunun heç birində təmsilçilərimizin üzü gülməyib. Rəqiblər 7 dəfə sevindiyi halda, bizimkilər yalnız 1 qolu bayram edib.

Ümid edək ki, bu dəfə gülən tərəf “Qarabağ” olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Mənbə:
0
74
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar