Tibbi Bioloqların Həmkarlar İttifaqları Fransadakı tibbi analiz laboratoriyalarını tətilə çağırıb. Həmkarlar ittifaqları prosedurların qiymətinin 10 faiz azaldılmasına etiraz edir.
AZƏRTAC xəbər verir ki, tibbi bioloqlar səhiyyə sığortasının planlaşdırdığı qiymət endiriminə etiraz edirlər. Həmkarlar ittifaqları davamlı tətilə və sentyabrın 20-dən 23-dək tibbi analiz laboratoriyalarının bağlanmasına çağırıb. Yeddi həmkarlar ittifaqı kəskin azalmaya görə Milli Səhiyyə Sığortası Fonduna (CNAM) sərt etirazını bildirib.
CNAM tibbi bioloqlar ittifaqları ilə əldə etdiyi son üçillik razılaşmada 2024-cü il üçün planlaşdırılan büdcə zərfini (COVID-19 və müəyyən xüsusi xərclər istisna olmaqla 3,784 milyard avro) saxlamaq niyyətindədir. Bu da bəzi qiymətlərin aşağı salınmasını nəzərdə tutur.
Həmkarlar ittifaqları son 3 illik razılaşmanın yenidən müzakirəsini tələb edir. Onların fikrincə, bu vəziyyət yerli laboratoriyalar şəbəkəsinə, xüsusən də kənd yerlərində ciddi təhlükə yaradır.