Tahir Salahovdan kiçik bir xatirə

Moskvada Manejdə müasir dünya rəssamlarının sərgisi keçirilirdi. Azərbaycanı Sakit Məmmədov təmsil edirdi...

Sərgiyə Rusiya Rəssamlıq Akademiyasını prezidenti Zurab Tsereteli, Akademiyanın vitse-prezidenti Tahir Salahov və bir neçə yüksək vəzifəli rus məmurları gələn anda Manejdə bir canlanma yarandı...

Tsereteli Tahir Salahova müraciətlə:

- Tahir, baxışa hardan başlayaq?

Tahir Salahov gülümsəyərək:

- Sakit Məmmədov da burdadır...

Tsereteli:

- Sakit burdadırsa, onda bəs edər. Çoxdandır təzə əsərlərinə baxmaq istəyirdim...

 

Elə məni böyük sənətkarla tanış edən də dostum Sakit Məmmədov oldu...

Maestro biləndə ki, mən kinorejissoram hərtərəfli maraqlandı və dedi nə isə köməyə ehtiyacım olsa, çəkinmədən ona müraciət edim. Mən təşəkkür etdim və dedim ki, bu tanışlıq mənim üçün böyük bir şərəfdir...

Sərginin bağlanışında Sakit Məmmədov Qran-pri mükafatına layiq görüldü. Mükafatı təqdim etmək üçün Tahir Salahovu tribunaya dəvət etdilər.

Mən kənardan Tahir Salahovun çıxışını diqqətlə dinləyirdim. Sonda belə bir cümlə işlətdi: "Bu ali mükafatı Sakit Məmmədov kimi layiqli rəssama təqdim etməkdən qürur duyuram və sevinirəm ki, bu Qran-pri mənim doğma vətənim Azərbaycana gedəcək!”

İki gündən sonra Sakit Məmmədov Rusiya Rəssamlıq Akademiyasının xüsusi iclasına dəvət olundu. Rusiyanın ən məşhur akademikləri qarşısında Zurab Tsereteli Azərbaycan rəssamı Sakit Məmmədova Rusiya Rəssamlıq Akademiyasının akademiki adının verildiyini bəyan etdi.

Tahir Salahov isə tribunaya qalxaraq çıxış etdi. Mən isə dəvət olunmuşlar arasında oturaraq yenə də diqqətlə Tahir Salahovu dinləyirdim. Maestro asta-asta Sakit Məmmədovun timsalında sanki zalda oturanlara Azərbaycan rəssamlıq sənətindən, mədəniyyətindən mühazirə oxuyurdu.

Sakit Məmmədova sonsuz minnətdaram ki, məni Tahir Salahov kimi dahi bir rəssamla tanış etdi...

Sonralar bir neçə tədbirlərdə görüşümüz oldu...

Bir gün Moskvada maraqsız bir tədbirdə dəvətli idim və elə ilk anlardaca aradan çıxmaq istəyirdim ki, Tahir Salahovla üzləşdim. Yaxınlaşıb salamlaşdım, hal-əhval tutdum. Dedi, "tədbirdən sonra gözlə, foyedə çay içib söhbətləşərik”. Həmin maraqsız tədbir beləcə maraqlı oldu...

Həmən gecə tədbirdən sonra xeyli maraqlı söhbətlər elədik. Biləndə ki, mən Daşkənddə oxumuşam, dərhal soruşdu: "Müəllimin kim olub?” Dedim ki, "Şuxrat Abbasov”. Təəccüblə soruşdu: "Bəs Şuxrat biləndə ki, sən Azərbaycandan gəlmisən, mənim barəmdə heç nə demədi?” Dedim: "Deyib Maestro”. Soruşdu: "Nə dedi Abbasov?” Dedim: "Suxrat Salixoviç dedi ki, siz özbəklərin yeznəsisiz”. Bu söz Tahir Salahova ləzzət elədi və bir xeyli güldü.

Mən Daşkənddə oxuyanda müəllimim Suxrat Abbasov doğrudan da Tahir Salahovdan bizə danışirdı. Cavanlıq dostları olublar. Mən müəllimimdən öyrəndim ki, Tahir Salahovun qayınatası Özbəkistanın məşhur baritonu, ilk Özbək Musiqi Teatrının banisi Muxitdin Kari-Yakubov olub.

Həmən gecə Tahir Salahova müəllimin mənə dediklərini yada salaraq, danışdım. Qaynatasından söz düşəndə Tahir Salahov xüsusilə qeyd etdi ki, Muxitdin Kari-Yakubov Özbəkistanda Üzeyir Hacıbəyovun "Arşın mal alan”ında Soltan bəyin partiyasını oxuyub...

Tahir Salahov əsrə yaxın bir ömur sürdü... Uşaqlıqda zəngin həyatı və sonra isə "xalq düşməninin” oğlu həyatını da gördü... Yıxılanda ayağa qalxdı, özünü itirmədən o qədər irəli getdi ki, rəssamlıq sənətində dünya şöhrətini qazandı!

SSRİ dağılandan sonra Rusiya Rəssamlıq Akademiyasını yaradanlardan məhz biri də soydaşımız idi.

O heç bir vaxt Azərbaycan rəssamı olduğunu danmadı, əksinə bununla fəxr etdi!

Biz onunla yalnız Azərbaycan dilində danışırdıq...

Mənbə:
0
1228
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar