“Yaxşı ölüm”: Həyatdan köçməyə kömək etmək də qayğının bir növü imiş - BİZİM ARAŞDIRMA

İnsan üçün dünyanın ən gözəl neməti yəqin ki, sağlam can və uzun ömür hesab edilir.

Lakin sağalmaz xəstəliklə mübarizə aparanlar üçün ölüm ən yaxşı variant kimi qəbul olunur. Bir sıra ağır və dözülməz xəstəliklərə düçar olanlar, sağalması və xəstəlikdən xilas olması sual altına düşən şəxslər "evtanaziya" seçimindən istifadə etmək qərarına gəlir. Fəqət "yaxşı ölüm" hər bir ölkə hüquqlarında keçərli olmadığı üçün hər kəs də bundan istifadə edə bilmir.

Bəs evtanaziya nədir? Hansı ölkələrdə onun tətbiqinə icazə verilir?

Bu suallara cavab məqsədilə Cebhe.info araşdırma aparıb.

*Evtanaziyanın tarixi

Yunan dilindən tərcümədə "yaxşı ölüm" mənasını verən evtanaziya sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsidir.

Termin XVI əsrdə İngiltərədə hüquqşünas Frensis Bekon tərəfindən ortaya çıxıb. Sonra bu termin ölüm ayağında olan şəxsə yaxınları tərəfindən veriləcək qayğı mənasında izah edilməyə başlayıb.

*Üç əsr sonra bu sözə həqiqi, ilkin mənası yenidən verilib.

1930-cu illərdə Almaniyada nasistlər dəlixanalarda müalicə alan yüz minlərlə insanı “evtanaziya” adı altında öldürüblər. Bu, milləti "tullantılardan təmizləmək” üçün edilib. Sonra bu ifadə bir müddət yaddan çıxıb. Lakin 20-ci əsrin 70-ci illərindən bəri dünyada evtanaziya ilə bağlı mübahisələr dayanmır. Dünya ictimaiyyətinin "evtanaziya"ya münasibətini nəzərə alsaq, bu, kifayət qədər mənfidir.

*Evtanaziyaya icazə verən, rəsmiləşdirən ölkələr

Evtanaziya 2 qrupa ayrılır: Aktiv və passiv evtanaziya.

*Aktiv evtanaziyaya rəsmi icazə verən ilk ölkə Niderland olub. Hələ 20-ci əsrin 80-ci illərinin əvvəllərində sözügedən prosedura icazə verilib.

*Albaniya 1999-cu ildə evtanaziyanı qanuniləşdirən ilk Avropa ölkələrindən biri olub.

*Belçikada evtanaziyaya 2002-ci ildə icazə verilib. Statistikaya görə, 2003-cü ildə artıq ölkədə bu hüquqdan 200, 2004-cü ildə 360 nəfər istifadə edib. Bəzi məlumatlara görə, bu ölkədə evtanaziyanı qəbul edən şəxsin öldürülməsi üçün hətta bir doza zəhərli şpris də tətbiq etmək olar. Bu şprislər yalnız həkimlərə xüsusi sənədlər (xəstənin müalicəsinin artıq olmadığı təsdiq edilərsə) təqdim edildikdə satılır. Öldürmə şprisləri bütün apteklərdə satılmır.

*Belçika qanunlarına görə, sağalmaz xəstəlikləri aşkar edilən 18 yaşdan yuxarı şəxslərə həyatdan köçməyə “kömək etmək” mümkündür. Həkim xəstədən xəstənin həqiqətən ölmək istədiyi barədə bir neçə yazılı ifadə almalıdır. Prosedurların təxminən 40 faizi xəstələrin evlərində həyata keçirilir.

*İsveçdə həkimin köməyi ilə aktiv evtanaziyaya icazə verilir.

*Amerika Birləşmiş Ştatlarında 6 ştatda həkimlərin ağır xəstələrin ölümünü sürətləndirməyə icazəsi var: Oreqon, Vaşinqton, Kolorado, Vermont və Kaliforniya Montana. Bu ştatlarda 18 yaşdan yuxarı və altı aydan çox ömrü olmayan xəstələrin həkimlərin köməyi ilə ölmək hüququ var. Ölümcül diaqnoz iki müstəqil həkim tərəfindən təsdiqlənməlidir və xəstə üç dəfə ölmək arzusunu ifadə etməlidir.

*Bir çox ölkələrdə isə passiv evtanaziyaya icazə verilir. Bunlar Fransa, Macarıstan, Danimarka, Norveç, Avstriya, Almaniya və İspaniyadır.
*Böyük Britaniya və Portuqaliyada isə bununla bağlı mübahisələr var.

*2009-cu ildən Lüksemburqda evtanaziya hüquqiləşdirilib. Yeni qanuna görə, ölmək üçün köməyə ehtiyacı olan xəstələr iki həkimdən razılıq almalı və həkimlər onların xroniki zəiflədən xəstəliyini qəbul etməlidirlər.

*2015-ci ildə Kolumbiya evtanaziyaya hüquqi cəhətdən icazə verən ölkələr sırasına qoşulub.

Kolumbiya Ali Məhkəməsi 1997-ci ildə evtanaziyanı qanuniləşdirən qanun qəbul etsə də, lakin bu qərar Kolumbiya Konqresi tərəfindən heç vaxt ratifikasiya olunmayıb. 2015-ci ildə məsələyə yenidən baxılıb və evtanaziya qanuniləşdirilib.

*2015-ci ildə Almaniya və Kanadada evtanaziyaya icazə verilib.

*İsveçrədə də "yardımla ölüm" dövlət səviyyəsində leqallaşdırılıb və bu prosedur xarici vətəndaşlara da şamil oluna bilər. Hələ ölkədə 1942-ci ildə evtanaziyaya icazə verən qanun qəbul edib. Ölkədə bir anda bir neçə qeyri-kommersiya təşkilatı fəaliyyət göstərir ki, onlar da müəyyən ödəniş müqabilində əcnəbilərə evtanaziya prosedurunda yardım edirlər.

Onlardan ən məşhuru - "Dignitas" təşkilatı sağalmaz xəstəliklərdən, dözülməz ağrıdan və ya dözülməz əlillikdən əziyyət çəkən insanlar üçün köməkli ölüm təşkil etməyi təklif edir. Belə xidmətlər 8-12 min dollara başa gəlir. Ümumilikdə, rəsmi məlumatlara görə, 18 ildən çoxdur ki, qeyri-kommersiya təşkilatı 2328 nəfərin ölümünə kömək edib, onların demək olar ki, yarısı almanlardır.

*Evtanaziya tətbiq edilən xəstələrin sayı nə qədərdir?

Eyni zamanda, evtanaziya və ya köməkli ölümü seçən insanların sayı ölkədən ölkəyə çox dəyişir. Belə ki, İsveçrədə həkimlərin köməyi ilə ildə 700-ə yaxın, Niderlandda 5 min, Amerikanın Oreqon ştatında isə cəmi 100 könüllü ölüm hadisəsi baş verir. Eyni zamanda, belə ölkələrdə ölüm prosedurlarının sayı ildən-ilə artır. Məsələn, İsveçrədə 2014-cü ildə bir il əvvələ nisbətən 26% daha çox evtanaziya həyata keçirilib.

Naibə
Cebhe.info

0
491
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar