| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

ABŞ-ın Miçiqan Universitetinin professoru Məhəmməd Əyyub və Rusiya İslam Komitəsinin sədri Heydər Camal ilə dəyirmi masa

2009-09-23 19:44:00


23 sentyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin "Dəyirmi masalar” layihəsi çərçivəsində keçirdiyi növbəti görüş "Siyasi islamın simaları” mövzusuna həsr edilmişdi. Tədbirdə məruzəçi qonaqlar qismində ABŞ-ın Miçiqan Universitetinin professoru Məhəmməd Əyyub və Rusiya İslam Komitəsinin sədri Heydər Camal iştirak edirdilər.

"Dəyirmi masa”nı giriş sözü ilə açan Mərkəzin direktoru Elxan Nuriyev, məruzəçilər: amerikalı M.Əyyub və rusiyalı H.Camalın elmi fəaliyyətləri, tədqiqat maraqları və əsərləri barədə ümumi məlumat verdi. İştirakçılara maraq doğuran məsələlərə dair müzakirələrdə fəal iştirak etməyi tövsiyə etdi.

Xarici və yerli politoloqların, diplomatların, həmçinin beynəlxalq münasibətlər üzrə mütəxəssislərin iştirak etdiyi tədbirdə professor M.Əyyub qeyd etdi ki, islam digər dinlərdən fərqli olaraq, davamlı siyasi təzahürə malikdir. Siyasi islam hazırkı qlobal siyasi proseslərin hərəkətverici qüvvələrindən birinə çevrilmişdir. Onun sözlərinə görə, siyasi islam Qərbdə ən çox müzakirə olunan mövzudur, amma bu müzakirələr əsasən dərin elmi-politoloji müstəvidə deyil, populist çıxışlar səviyyəsində aparılır.

Professor M.Əyyub qeyd etdi ki, islamın və demokratiyanın bir araya sığmaması fikri yanlışdır. Burada əsas problem, müsəlmanların islamı demokratik və ya qeyri-demokratik şüar və məqsədlərlə istifadə etməsindədir.

Heydər Camalın fikrincə isə, islam əzəli olaraq cəmiyyətə həm də siyasi mahiyyətli bir çağırış olub. Onun sözlərinə görə, siyasi islamın geniş vüsət almasının əsas səbəbi "insan həyatı və dünyanın mənası” mövzusunun aktuallığı, daha doğrusu neoliberal-qərb şüurunda bu mənanın itməsi, mənəvi vakuumun formalaşması, "absurddan mənaya doğru axtarışlar” problemi ilə bilavasitə əlaqədardır. Heydər Camal qeyd etdi ki, müasir neoliberal qərb mədəniyyəti və mənəviyyatı sürətlə tənəzzül edir və insanların alternativ mənəvi oriyentasiyalara marağının artması müşahidə olunur. Belə alternativ qismində islama diqqət artmaqdadır.




 

: 714