| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Per Stankinanın iştirakı ilə müzakirəli görüş

2010-03-11 16:28:00

11 mart 2010-cu il tarixində Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Per Stankina Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Azərbaycanda akkreditə edilmiş xarici səfirlərlə müzakirəli görüşlər layihəsi çərçivəsində "Azərbaycan-Almaniya münasibətləri Cənubi Qafqaz kontekstində” mövzusunda çıxış etmişdir.

Tədbiri giriş sözü ilə açan SAM-ın direktoru Elxan Nuriyev, cənab Per Stankinanı iştirakçılara təqdim etdi. E.Nuriyev Azərbaycan-Almaniya münasibətlərinin istər dövlət başçıları səviyyəsində, istərsə də, ölkələr arası intensiv inkişaf etdiyini, siyasi, iqtisadi və mədəni əlaqələrin yüksələn xətlə davam etdiyini konkret faktlar əsasında iştirakçıların nəzərinə çatdırdı. Sonra məruzə ilə çıxış etmək üçün sözü Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Per Stankinaya verdi.

Səfir qeyd etdi ki, Azərbaycanla Almaniya arasında münasibətlər stabil xarakter daşıyır, ikitərəfli əlaqələr çiçəklənir və Almaniya öz növbəsində onların gələcəkdə daha da inkişafına ümid edir. Azərbaycan və Almaniya parlamentlərinin aktiv əməkdaşlıq etdiyini deyən səfir, hələlik Bundestaqda ayrıca Almaniya-Azərbaycan dostluq qrupu olmasa da, parlamentlərarası əlaqələrin Cənubi Qafqaz dostluq qrupu vasitəsilə gerçəkləşdirildiyini bildirdi.

Səfir bildirdi ki, Almaniyanın Azərbaycanla münasibətləri üç əsas strateji hədəf üzərində qurulur: "Biz Azərbaycanın öz yolunun Avropa dəyərləri əsasında davam etdirməsini istəyirik. Bu, bizim Azərbaycanla münasibətlərimizin əsas strateji məqsədini təşkil edir. Biz həmçinin Cənubi Qafqazda sabitliyin bərqərar olmasına can atırıq, bu, regionun potensialını üzə çıxarmağa imkan verəcək. Azərbaycan isə regionda böyük iqtisadi potensiala malik ölkədir”. Per Stankina Almaniyanın Azərbaycanla ikitərəfli münasibətlərinin strateji əsaslarını təşkil edən üçüncü hədəfin enerji sahəsində əməkdaşlıq, Avropanın enerji təhlükəsizliyinin təmin etmək olduğunu söylədi: "Avropa enerji resurslarından asılıdır. Hər bir ölkənin vəzifəsi bu asılılıqdan qurtarmaqdır. Azərbaycan bu məsələdə bizə kömək edir. Almaniyanın enerji resurslarına olan tələbatının 5 faizini Azərbaycan ödəyir. Biz enerji təhlükəsizliyini dəstəkləyirik. Lakin cəmiyyətdə çox zaman belə fikir dolaşır ki, bizi yalnız Azərbaycanın enerji resursları maraqlandırır. Bu belə deyil, biz həmçinin Azərbaycanda demokratik dəyərlərin inkişafında, iqtisadiyyatın inkişafında, bələdiyyələrin, kiçik və orta sahibkarlığın inkişafında maraqlıyıq”. Per Stankina bu illər ərzində Almaniyanın Azərbaycanda müxtəlif proqramların icrasına 70 milyon dollar dəyərində qrant ayırdığını bildirdi.

İki ölkə arasında iqtisadi münasibətlərə toxunan Per Stankina qeyd etdi ki, son illər ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi nəzərə çarpacaq dərəcədə artıb. "Əgər 2006-cı ildə ticarət dövriyyəsinin həcmi 1,5 milyard dollar təşkil edibsə, 2008-ci ildə bu rəqəm 3,5 milyard dollara çatıb. Ötən il isə iqtisadi böhran səbəbi ilə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 2,25 milyard dollara düşüb. Almaniya Azərbaycanda azad bazar iqtisadiyyatının inkişafını dəstəkləyir. Hazırda biz energetika, standartlaşdırma və metrologiya, statistika sahəsində 6 Tvinninq layihəsini gerçəkləşdirməkdə Azərbaycana kömək edirik” – deyə diplomat bildirdi.

Səfir həmçinin dünən Bakıda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Almaniyanın RWE şirkəti Xəzərin Azərbaycan sektorunda "Naxçıvan" perspektiv dəniz strukturu üzrə qarşılıqlı anlaşma haqqında memorandumun imzalanmasına da toxundu. Diplomat bildirdi ki, Almaniyanın RWE enerji konserni qazın Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə ixracını nəzərdə tutan "Nabucco" qaz kəməri layihəsinin altı iştirakçısından biridir.

XİN-in və ADA-nın məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak etdiyi toplantıda, 2008-ci ilin avqust ayında Gürcüstanda baş verən hadisələr, NATO və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın perspektivləri, Almaniya-Rusiya münasibətləri, Avropa Qonşuluq Siyasəti, "Şərq Tərəfdaşlığı” proqramı, enerji sahəsində əməkdaşlıq, Nabukko layihəsi, terrorizmə qarşı mübarizə, beynəlxalq təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesi və digər məsələlər müzakirələrin əsas mövzusu olmuşdur.


 

: 806