| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Avropa Ittifaqı nə dərəcədə qanunlarını icra edir: “ Avropa Ittifaqı Hüququ ” insan hüquqları və qaçqın hüququndan irəli gələn öhdəliklər və Avropa İttifaqında sərhəd nəzarəti qaydaları - Elnarə Qəribova

2015-09-17 15:58:26

Avropa İttifaqına üzv dövlətlər sərhəd nəzarətini yalnız ərazi sularında yox, açıq dənizlərdə və üçüncü ölkələrin ərazi suları daxilində Avropa Sərhəd Təhlükəsizliyi Agentliyi kimi tanınan FRONTEX-in (European Agency for the Management of Operational Cooperation at the External Borders of the Member States of the European Union) koordinatorluğu ilə həyata keçirirlər. Dənizdə sərbəst şəkildə üzməsinə maneə törədilən gəmilərdə beynəlxalq səviyyədə qorunmağa ehtiyac duyan şəxslərin də olması reallıqdır. Lakin Avropa İttifaqının bəzi dövlətləri, sığınacaq  məsələsində geri qaytarılmamaq (non-refoulement) prinsipinin Avropa Ittifaqı (Aİ) Hüququnda öz əksini tapmasına baxmayaraq, dövlətlərin səlahiyyət sahələrindən kənarda tətbiq oluna bilməyəcəyini iddia edirlər. Birləşmiş Millətlər Təşkilatının Qaçqınların Statusuna Dair Konvensiyası, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasına tərəf olan ölkələr üçün də məcburidir. Əlbəttə ki, Aİ-yə üzv dövlətlərin hamısı (28 dövlət) İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasına tərəfdirlər. Həmçinin qorunmağa ehtiyac duyanlarla dəniz yolu ilə miqrasiya etməyə çalışan şəxslərin sərhəd nəzarəti xidmətinin səlahiyyətli şəxsləri tərəfindən nəzarət və icra edilməli olan hüquqlarının mövcudluğu da yaddan çıxarılmamalıdır.

Beynəlxalq Miqrasiya Siyasətinin Təkmilləşdirilməsi Mərkəzinin məlumatlarına görə ölkəyə daxil olmaq üçün tələb olunan sənədləri olmayan, təxminən 2013-cü ilə qədər hər il təqribi olaraq 100.000-120.000 miqrant və qorunmağa ehtiyacı olan insan Aralıq Dənizini keçməklə Avropaya daxil olurdular. Son zamanlar isə bu göstəricilər fərqli mənbələrə əsasən 2 hətta 3 dəfə artmışdır. Qeyri-qanuni miqrantların sayının getdikcə artmasının müşahidə edilməsi və onların əsasən Aİ-nin cənubda olan  dəniz sərhədlərini keçərək Avropaya keçməsi reallıqdır.

İnsanların faciəli şəkildə ölümü bu məsələnin müvafiq qaydada müzakirə edilməklə Aİ Hüququnda uyğun çərçivəyə salınmasına ehtiyac yaranır. Avropanın xarici sərhədlərinin, sərhəd polisləri tərəfindən hərbiləşdirilmiş şəkildə nəzarət altına alınmasının müzakirə edilməsi və yalnız milli yox, Aİ səviyyəsində müvafiq əks tədbirlərin görülməsi  vacibdir. Bir tərəfdən əməkdaşlıq və rəsmi miqrasiya məsələlərini də əhatə edəcək şəkildə kompleks yanaşmaya ehtiyac duyulduğu halda, digər tərəfdən sərhəd nəzarəti tədbirlərinin görülməsi məsələsinin, istər beynəlxalq, istərsə də qaçqınların qorunması və insan hüquqlarına riayət edilməsinə dair Aİ hüquqi standartlarına əməl olunması mühüm əhəmiyyət kəsb edir. Qaçqınların qorunması və insan hüquqlarına riayət edilməsi məsələsi xüsusilə əhəmiyyətlidir. Çünki Avropa ərazisinə daxil olmağa çalışan insanların qüvvədə olan “Aİ Hüququ və Beynəlxalq Hüquq  ” çərçivəsində (BMT-nin Qaçqınlara Dair Konvensiyası) qoruma imkanının tanınmalı olduğu şəxslərdir.

Avropa Hökumətləri yeri gəldikcə dövlət sərhəd nəzarətlərinin, xüsusilə açıq dənizlərdə, yəni qaçqın və insan hüquqlarının tətbiq edilə bilməyəcəyi sahələrdə həyata keçirildiyini iddia edirlər. Bunu açıq şəkildə qeyd etmək lazımdır ki, beynəlxalq insan hüquqları və qaçqın hüququ Avropanın sərhəd nəzarəti xidməti üzrə səlahiyyətli şəxsləri üçün məcburidir. Hətta səlahiyyət sahəsindən kənarda fəaliyyət göstərsələr belə, onlar üçün məcburidir.

            Avropa İttifaqında xarici sərhəd nəzarəti çərçivəsində, üzv ölkələrin sərhəd nəzarəti orqanları FRONTEX  ilə yaxın əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə Avropa İttifaqı Parlamenti və Şurasının müvafiq Nizamnaməsinə uyğun olaraq Sərhədə Operativ Müdaxilə Qruplarının təşkil olunmasına başlanmışdır. Bundan başqa Nizamnamə FRONTEX-in səlahiyyətli şəxslərinə, müştərək FRONTEX əməliyyatlarında yerli sərhəd polislərini dəstəkləmək və daxil olmaqla müdaxilə etmək səlahiyyəti də verir. Eynilə İspaniya və İtaliyaya göndərilən Almaniya Federal Polis İdarəsinin səlahiyyətli şəxsləri nümunəsində olduğu kimi. Sərhədə Operativ Müdaxilə Qruplarına 15 Mart 2006-cı il tarixdə Avropa İttifaqı Parlamenti və Şurası tərəfindən təsdiq olunan və 20 avqust 2007-ci il tarixdə qüvvəyə minən 562/2006/EC saylı Nizamnaməyə uyğun olaraq sərhəd və giriş/çıxışa nəzarət etmək səlahiyyəti verilmişdir. İstənilən əsasla girişin qadağan edilməsinə dair qərar, yalnız əməliyyatın həyata keçirildiyi üzv ölkənin sərhəd nəzarəti xidmətinin səlahiyyətli şəxsləri tərəfindən qəbul oluna bilər.

Qaçqınların “ geri qaytarmamaq ” prinsipi (non-refoulement), “ Aİ-nin  İlkin və İkinci Dərəcəli Hüquqi Aktları ” çərçivəsində, sənədi imzalayan üzv ölkələrin səlahiyyət sahələrindən kənarda tətbiq edilib-edilə bilməyəcəyi məsələsi ilə, bu konteksdə dəniz, insan və qaçqın  hüquqları çərçivəsindəki öhdəliklər nəzərdən keçirilməlidir.

Beynəlxalq  hüququndan irəli gələn müştərək məsuliyyətlər

Avropa sərhəd nəzarəti xidmətinin səlahiyyətli şəxsləri müəyyən bir ölkənin ərazi sularında, onunla həmsərhəd bölgədə, açıq dənizlərdə və ya Avropa İttifaqına üzv olmayan həmsahil ölkələrin sahil sularında, sərhəd nəzarəti çərçivəsində hər hansı bir tədbir görəcəkləri təqdirdə, müvafiq hüquq normalarına uyğun şəkildə hərəkət etmək məcburiyyətindədirlər. Bu çərçivədə qaçqın və ya miqrantları daşıyan gəmilərin geri qaytarılması, gəldiyi istiqamətdə müşaiyət olunması,  səfərlərinin davam etməsinə maneçilik törədilməsi və Avropa İttifaqı üzvü olmayan dövlətlərin sahil sularına  nəql edilmələri prosesində beynəlxalq insan hüquqları və qaçqın hüquqlarına hörmət edilməsini tələb edir. Beynəlxalq hüquq və operativ əməkdaşlıq sahəsində məsuliyyət Aralıq Dənizi sahillərindəki Afrika dövlətlərinə aid edilsə də, bu qaydalar öz qüvvəsində qalır.

Avropa İttifaqına üzv dövlətlər, üçüncü dövlətlərlə müştərək şəkildə sahillərə patrul nəzarəti xidmətini həyata keçirdirlər. Bu zaman  sahil patrul xidməti əməkdaşlarının vəzifə yerləri üçüncü dövlətlərin sahil sularına yaxın yerlərə keçirilməklə beynəlxalq insan hüquqları çərçivəsində müştərək məsuliyyət formalaşdırılır. Beləliklə, dövlətlər avtomatik qaydada müştərək şəkildə məsuliyyət daşımalı olur və lazım gəldikdə, istənilən əməliyyatda “ geri qaytarmamaq ” prinsipinə əməl etməyə məcbur olurlar. Belə qoruyucu öhdəlik tələblərinin yerinə yetirilməməsi, beynəlxalq hüququn pozulması mənasına gəlir.

Avropa İttifaqına üzv olan dövlətlərin beynəlxalq hüququn üçüncü dövlətlər tərəfindən pozulmasına dolaylı da olsa, kömək etmələri də öz-özlüyündə beynəlxalq hüququn pozulmasıdır. Burada köməyin mahiyyəti infrastrukturun yaradılması, texniki vasitələrin istifadəyə verilməsi və ya pul şəklində kömək göstərilməsi məsələləri ilə məhdudlaşmır. Belə  hüquq pozuntusunu dəstəkləyici mahiyyətdə olan siyasi bəyanatların verilməsi məsələsini də əhatə edir.

Şengen Sərhəd Qaydaları

Geri qaytarmama prinsipinin 2006-cı ildə qüvvəyə minən Şengen Sərhəd Qaydalarının 3-cü maddəsinin "b" bəndində də öz əksini tapmışdır. Şengen Sərhəd Qaydalarının "3.b" bəndində qaçqınların və beynəlxalq səviyyədə qorunma müraciəti edən şəxslərin, xüsusilə də geri qaytarılmama hüquqlarına xələl gətirilməməsi məsələsi qeyd edilir. Geri qaytarılmama öhdəliyi, təcrübədə birbaşa qəbul edilməyi əhatə etməsə də, həmin şəxslərin həqiqətən də qorunmağa ehtiyac duyub-duymadıqlarını müəyyənləşdirilməsi və bu şəxslərin statuslarının təsbit edilməsi məqsədi ilə Avropa İttifaqına üzv dövlətlərin müəyyən müddət üçün bu şəxsləri qəbul etməsi məcburiyyətini aktuallaşdırır.    

Dəniz Hüququndan İrəli Gələn Öhdəliklər

Dənizdə çətin şəraitdə qalan qaçqın və miqrantlar, beynəlxalq dəniz hüququna görə əlavə ehtiyaclar hiss edirlər. Çətin şəraitdə olan şəxslərin xilas olunması praktikası böyük keçmişə malikdir və dənizçilik ənənəsi eyni zamanda beynəlxalq hüquqi öhdəlik hesab olunur.

Dənizdə “İnsan Həyatının Təhlükəsizliyinə Dair Beynəlxalq Konvensiya” və “ Dənizdə Axtarış və Xilasetməyə Dair Beynəlxalq Konvensiyaya ” uyğun hərəkət edilməsi lazım gəlir. “ Dənizdə İnsan Həyatının Təhlükəsizluyinə Dair Beynəlxalq Konvensiyanın ” mövzumuzla bağlı 33-cü maddəsinin 1-ci abzası, kömək edə biləcək və fövqəladə vəziyyətin baş verdiyini başa düşən gəmi kapitanlarının lazımi kömək göstərmələrini məcburi edir. Bu öhdəlik, insanların vətəndaşlıqları, statusları və mövcud  şəraitin necə olmasından asılı olmayaraq, öz qüvvəsində qalır. 

Eyni öhdəlik “ Dənizdə Axtarış və Xilasetməyə Dair Beynəlxalq Konvensiyanın ” əlavəsinin 2.1.10-cu maddəsində də öz əksini tapmışdır. Axtarış və xilasetmə ilə bağlı qeyd olunan sənəddə qaçqınların ancaq gəmiyə qəbul edilmələri kifayət etmir. Ölkələr, miqrantları bununla birlikdə təhlükəsiz yerə çatdırmaq məcburiyyətindədirlər. 

Axtarış və xilasetmə konteksində "təhlükəsiz yer anlayışı", miqrant hüquqları çərçivəsində baxılmalı olan məsələdir. Dənizdə çətin şəraitdə olan miqrantların qorunmaları ilə yanaşı geri qaytarılmamalarının təminat altına alınması lazım gəlir. Burada əsas məqsəd, miqrantların qorunma ilə bağlı ehtiyacına cavab verilə bilməyəcəyi ölkələrin sahillərinə təxliyyə edilmələrinin qarşısının alınmasıdır.

Dənizdəki və gəmidəki miqrantlarla bağlı görüləcək işlərin nəticələrinə gəldikdə isə yuxarıda qeyd edilənlər əsasında miqrant və insan hüquqları istiqamətində ölkələrin ancaq sərhəd nəzarəti tədbirlərini (mane olma, geri qaytarma, başqa istiqamətə yönləndirmə və s.) bəyan etmək yolu ilə, “ Miqrant Hüququ və İnsan Hüquqlarına ” hörmət göstərilməsindən irəli gələn məcburiyyətlər məsələsində seçim edə bilməyəcəkləri nəticəsinə gəlinir.

İstər dənizdə xilasetmə, istərsə də sərhəd nəzarəti tədbirləri konteksində aşağıdakı metodlara əsaslanmaq lazım gəlir: a) Miqrantların və qorunma ehtiyacı olan şəxslərin Aİ ərazisində təhlükəsiz yerə nəqli. b) Sığınacaq almaqla bağlı  müraciətlərin araşdırılması üçün lazımi hüquqi prosedurların yerinə yetirilməsi. c) Qəbul ediləcək qərara hüquqi baxımdan yenidən baxılması ehtiyacının nəzərə alınması.

Dənizdə olan öhdəliklər özəl və dövlət sektorunda işləyən bütün kapitanlar üçün məcburidir. Xüsusi əhəmiyyətə malik olan məsələ, qaçqınların xilas edilmə əməliyyatının kimin tərəfindən həyata keçirildiyi deyil, həmin şəxslərin yuxarıda qeyd edilən prosedur və tələblərinin yerinə yetirilməsinin təmin olunması və bu şəxslərin təhlükəsiz yerlərə təxliyyə edilmələridir.

Sərhəd Nəzarəti Qaydaları və Hüquqi Baxımdan Effektiv Qoruma

Avropa İnteqrasiya Edilmiş (Olunmuş)  Sərhəd Nəzarəti Rejimi və Agentliyi Aİ-nin bu sahədəki təşkilati strukturunu təşkil edir. Həmin Agentliyin fəaliyyət və qərarlarının Aİ-nin Ədalət Məhkəməsinin qəbul olunmuş presedent hüququna uyğun olaraq hüquqi baxımdan effektiv qorunmağa cəlb edilməsi üçün müəyyən struktura əsaslanması lazım gəlir. Hüquqi baxımdan qorunma ümumi prinsip kimi Avropa İttifaqına üzv olan dövlətlərə xas konstitusional ənənələri əks etdirir və Avropa Fundamental Hüquqlar Şərtinin 6 və 13-cü maddələrində ifadə edilmişdir. Lakin FRONTEX və sərhəd nəzarətlərinə dair aydın müddəalar yoxdur. FRONTEX-in Nizamnaməsində nəzarət üzrə məsul şəxslərin mümkün hüquqa zidd hərəkətlərinə qarşı Avropa İttifaqının Ədalət Məhkəməsı nəzdində hüquq arayışı ilə əlaqədar xüsusi hüquqi proses tam formalaşmamışdır. Hüquqi baxımdan qorunmanın təmin olunması ilkin olaraq Avropa İttifaqına üzv ölkələrin milli məhkəmələrinin məsuliyyətinə daxildir. Avropa sərhədlərinə çatmamışdan əvvəl həyata keçirilən nəzarət tədbirləri ilə əlaqədar olaraq FRONTEX-in illik hesabatlarında yalnız maneçilik törədilən və geri qaytarılan şəxslərin sayı haqqında məlumat verilir. Həmin məlumat əlaqədar şəxslərin hansı istiqamətə yönləndirildikləri və ya miqrantların arasında neçə nəfərin beynəlxalq səviyyədə qorunma müraciəti etdiyinə dair informasiyaya rast gəlinmir. Bunun nəticəsində insan hüquqlarına hörmət göstərilməsi məsələsinin təsdiqi üçün  təşəbbüslərin artırılmasının vacib olduğu nəticəsinə gəlinmişdir. Beynəlxalq insan və miqrant hüququndan irəli gələn öhdəliklər, əslində Avropanın sərhəd nəzarəti sahəsi üzrə səlahiyyətli şəxsləri üçün məcburi olsa da, səlahiyyət sahələrindən kənarda fəaliyyət göstərsələr belə, ehtiyac olduqda, çətin şəraitdə olan insanların dənizdə xilas edilməməsi, müvəqqəti olaraq müəyyən bir dövlətin səlahiyyət sahəsinə qəbul olunmaması və ya beynəlxalq səviyyədə qorunmanın təmin olunmaması kimi hallar hüquq pozuntusu kimi xarakterizə edilməlidir. 

FRONTEX və İnteqrasiya Edilmiş (Olunmuş) Sərhəd Nəzarəti Sistemi miqrantların Avropa İttifaqına üzv olan dövlətlərin sahillərinə çatmalarına  müəyyən mənada mane olmağa müvəffəq olur. Buna nail olmaqda  üçüncü ölkələrlə imzalanan sazişlərin də böyük rolu var. Məsələn, Şimali Afrika ölkələri miqrantların və potensial qaçqınların Afrika sahillərindən və ya hətta mənşə ölkəsindən çıxmasına mane olmağa məcburdur.

Yuxarıda qeyd edilən xarici faktor Liviya, Mavritaniya, Misir, Əlcəzair, Türkiyə və hətta Çin kimi kritik əhəmiyyətə malik üçüncü ölkələrin bu məsələdəki səylərini artırmalarını təmin edir. Bu prosesin dəvamlılığı, məsuliyyətin xarici faktorlardan asılılığı ilə nəticələnə biləcək. Çünki Avropa İttifaqının qurumları, üçüncü ölkələrin öz hegemon hüquqları  çərçivəsində icra etdikləri fəaliyyətlər üzərində əmr etmə-nəzarət formasında nəzarət səlahiyyətinə malik deyil.

Aİ, hal-hazırda hüquqi konteksdə Avropanın sərhəd nəzarəti üzrə məsul şəxlərinin mümkün hüquqa zidd hərəkətlərinə lazımi reaksiya verə biləcək və müvafiq hüquqi qorumanı təmin edəcək hər tərəfli hüquqi əsasa malik deyil. Lakin Lissabon Sazişinin Avropa İttifaqının funksionallığı ilə əlaqədar 263-cü maddəsi ilə birlikdə FRONTEX artıq onun əleyhinə ola biləcək iddialara qarşı laqeyd qalmır, öhdəlikli vəziyyətə düşür. Lakin bu cəhət də öz-özlüyündə FRONTEX tərəfindən dənizdə həyata keçiriləcək hər bir sərhəd nəzarəti missiyasının izlənməsi ehtiyacını ön plana çıxarır.

 

Uzaq perspektivdə miqrasiyaya nəzarət üzrə məsələlər

Miqrasiya probleminin qarşısının ancaq sərhəd nəzarət-yoxlanışı tədbirlərinin köməyi ilə  alınması və ya idarə olunması qeyri-mümkündür. Hətta texnoloji baxımdan son dərəcə təkmilləşdirilmiş texniki vasitələr də əhatəli nəzarət işini həyata keçirməyə təminat vermir. Avropa İttifaqının sərhədlərinə nəzarət edilməsi ilə bağlı səylərin artırılması ilə paralel şəkildə təbii ki, miqrasiya istiqamətləri və tətbiq olunan metodlar da dəyişəcək. Belə olan halda miqrantlar daha təhlükəli marşrutlardan istifadə etməyə məcbur olacaq, nəticədə bu vəziyyət daha çox insan ölümünə gətirib çıxaracaqdır.

Bununla yanaşı miqrasiya ilə hərtərəfli inkişaf siyasətinin əlaqələndirilməsidə əhəmiyyət kəsb edir. Belə əlaqələndirmə üçüncü ölkələrə qarşı qaçqın və miqrantlara mane olma yönündə əsas kimi istifadə edilmədiyi müddətdə minimum ehtiyac kimi qiymətləndirilir. Avropa İttifaqının İlkin və İkinci Dərəcəli Hüquqi Aktları ilə birlikdə Qaçqınlara Dair  Konvensiyasından irəli gələn beynəlxalq öhdəliklər miqrantların və qorunmağa ehtiyacı olan şəxslərin qeri qaytarılmasını qadağan edir.

Qaçqınların geri qaytarıl maması prinsipi ilə əlaqədar öhdəliklər Avropanın sərhəd nəzarəti üzrə səlahiyyətli şəxlərinin qaçqınları  və qorunmağa ehtiyacı olan şəxsləri Avropa torpaqlarında siyasi sığınacaq müraciətlərinə dair hüquqi və inzibati araşdırmalar başa çatana qədər geri qaytarmalarının, gəldikləri yerə qədər müşaiyət etmələrinin, səfərlərinin davam etməsinə mane olmalarının və ya həmin insanları daşıyan gəmiləri Avropa İttifaqına üzv olmayan başqa sahil ölkəsinə göndərmələrinin qarşısını alır. 

Avropanın sərhəd nəzarəti üzrə səlahiyyətli şəxsləri səlahiyyət sahələrindən kənarda da olsalar, bu öhdəliyi yerinə yetirməyə məcburdurlar. Əgər əməliyyat dənizdə həyata keçirilərsə, bu öhdəlik istər 12 millik ərazi və həmsərhəd ərazidə, istərsə də açıq dənizlərdə və üçüncü ölkələrin sahil sularında da qüvvədə qalacaq. 

Sığınacaq ehtiyacı olan şəxslər və dənizdə çətin şəraitdə olan qaçqınlar, onlarla insan hüquqlarına uyğun şəkildə davranılması hüququna malikdirlər. Belə şəxslərin kifayət qədər qorunma təminatının olmadığı üçüncü ölkələrə göndərilmələri qadağan edilmişdir. Qorunmağa ehtiyac duyan şəxslər təhlükəsiz olan ən yaxın Avropa limanına aparılma hüququna malikdirlər. Üçüncü ölkələr izləmə və xilasetmə əməliyyatları məsələsində Avropa ilə inteqrasiyaya (bütovləşməyə) getmədikləri müddətdə Avropanın məsul orqanları qaçqın və qorunma ehtiyacı olan şəxslərlə insan və qaçqın  hüquqlarına uyğun rəftar etmə və geri qaytarmama prinsipinə sadiq qalmağı təmin etməyə məcburdurlar. Lakin hal-hazırda bu məsələnin Afrikadan və Suriyadan gələn qaçqınları və qorunma ehtiyacı olan şəxsləri  tam əhatə etməməsi səbəbi ilə bu şəxslərin Avropa İttifaqına üzv olan dövlətlərə göndərilməsinə ehtiyac duyulur. Bu cür qaçqın və insan hüquqlarının təmin olunması üçün Avropa İttifaqının İkinci Dərəcəli Hüquqi Aktlarında konkret öhdəliklərin xaraktristikasının verilməsi lazımdır.

 

 

 

 

Mənbələr:

International Convention for the Safety of Life at Sea (SOLAS), 1974, 1184 UNTS 278.

International Convention on Maritime Search and Rescue (SAR), 1979, 1405 UNTS 97.

R.Bernhardt, ‘Asylum, Territorial’, EPIL, Vol.I, No.27, October 2005, s.355

http://www.icmpd.org

http://frontex.europa.eu/

http://www.europarl.europa.eu/hearings  /20070703/libe/ programme_en.pdf




 

: 667